İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtda bina alqı-satqısında saxtakarlıq- Sakinlər etiraz edir

1184 13.06.2022 14:46 Sosial A A

Bakının Yasamal rayonu, Məhəmməd Xiyabani 133-135 ünvanında yerləşən "Yüksəliş" yaşayış kompleksinin sakinləri rəhbərliyin etdiyi özbaşınalıqdan şikayət edirlər.

Söhbət “Turac-AF” MTK tərəfindən 2017-ci ildə tikilərək təhvil verilən binadan gedir.

Sakinlər Musavat.com-a bildiriblər ki,  şirkət rəhbərliyi onları aldadaraq mənzil aldıqları zaman bağladıqları müqavilədə göstərilən ölçüdə deyil, daha kiçik mənzil satıb. Həmçinin, binanın həyətində sakinlər üçün ayrılmış zonanı istifadə etməyə icazə vermirlər. Hətta avtomobillərin park edilməsi üçün nəzərdə tutulan qarajı da qanunsuz şəkildə başqa birinə satıb, sakinlərin qarajda avtomobil saxlamasını qadağan ediblər.

Bina sakinləri söyləyiblər ki, onlar məsələ ilə bağlı dəfələrlə müvafiq qurumlara müraciət ediblər, lakin bu, nəticəsiz qalıb.

Həmin binadan 2017-ci ildə ev alan Riyad Rzaquliyev bildirib ki, ev alan zaman mənzil sənəddə 93.5 kvadrat göstərilib:

 “Lakin sonradan öyrəndik ki, ev 75.5 kvadrat metrdir. Bununla bağlı bizə heç bir açıqlama vermədilər. Təxminən 30 000 manat pul artıq vermişəm. Bir müddət əvvəl isə binanın həyətində qızımı maşın vurdu. Binanın qarajı olduğu halda sakinlər avtomobili həyətdə saxlamalı olur. Həyət isə balacadır. Cavabdeh şəxslə dəfələrlə əlaqə saxlamağa çalışmışıq. Nə zəngimizə cavab verən, nə də problemimizə baxan var. Tək mən yox, bir çox insan da alqı-satqı zamanı aldadılıb.

"Turac AF" MTK-nın rəhbəri  Yaşar Qurbanov adlı şəxsdir. Bina sakinləri ilə birlikdə problemlə əlaqədar Yaşar Qurbanova müraciət də etmişik. Yaşar Qurbanov isə hər dəfə  bizə deyir ki, bu, onluq deyil”.

İnternetdə axtarış etdikdə məlum olur ki, bu MTK barəsində ən çox şikayət edilən şirkətlər arasındadır. Belə ki, bir müddət əvvəl Prezident Administrasiyası nöqsanlara yol verən 30-dan çox şirkətin adını açıqlamışdı və onların arasında "Turac AF" MTK da var idi.

Şikayətlə bağlı “Turac AF MTK” ilə əlaqə saxlamağa çalışsaq da, mümkün olmadı. Yalnız “Facebook” sosial şəbəkəsində şirkətə məxsus səhifəyə rast gəldik. Lakin orada göstərilən telefon nömrələri də işləmir.

 

Ləman Rüfətqızı
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR