İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan Qərbi şoka saldı: Ermənistanı Avropa Birliyinə "yükləməyə" çalışır

4046 17.10.2023 19:44 Analitika A A

Baş nazir Nikol Paşinyanın Avropa Parlamentində çıxış edərkən, Cənubi Qafqazın sülhə ehtiyacı olduğunu da vurğulaması əslində, rəsmi İrəvanın Qərbin Ermənistana yanaşma tərzindən tam məmnun olmadığını göstərir... Bu baxımdan, erməni baş nazirin hər ehtimala qarşı Ermənistanın bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu vurğulaması qətiyyən təəccüblü deyil...

Ermənistan siyasi dairələrində həm isterik, həm də panik əhval-ruhiyyə hökm sürür. Rəsmi İrəvan Ermənistanın düşdüyü durumdan ən optimal çıxış yolunu hələ də müəyyən edə bilməyib. Əksinə, Ermənistan "geopolitik labirint"də qapanıb, xaotik şəkildə sağa-sola vurnuxmaqda davam etdikcə, Paşinyan hakimiyyəti üçün qeyri-müəyyən situasiya daha da dərinləşir. Və indiki vəziyyətdə Ermənistanın gələcək taleyi üçün ən böyük təhlükə məhz Paşinyan hakimiyyətinin qeyri-adekvat davranışlarından qaynaqlanır.

Məsələ ondadır ki, rəsmi İrəvan 2020-ci ildə uğradığı biabırçı hərbi məğlubiyyətindən sonra Ermənistanın real müttəfiqləri və düşmənləri ilə bağlı dərin tərəddüdlər içərisində qalıb. Rəsmi İrəvan ənənəvi hərbi müttəfiqindən - Rusiyadan birmənalı şəkildə imtina etmiş kimi görünür. Son illərdə Paşinyan hakimiyyəti israrla Ermənistanın müttəfiqinin məhz Qərbdə olduğunu iddia edir.

Halbuki, ötən bu müddət ərzində Qərbdə Ermənistana hər hansı müttəfiq tapılmayıb. Bu, daha çox Qərb ölkələrində Ermənistan kimi faydasız, yükə çevrilmə vərdişləri olan və sürüşkənlik ənənələrinə malik müttəfiqə ehtiyac duyulmaması ilə bağlıdır. Və Rusiya-Ermənistan münasibətləri də bu məsələdə olduqca önəmli örnək rolunu oynayır.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Rəsmi İrəvan onilliklər boyu Ermənistanı himayə etmiş Rusiyaya xəyanətdə hər hansı tərəddüd göstərmədi. ABŞ və Qərbin sifarişi ilə Rusiya ilə münasibətləri korlamaqda davam etdi. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın birbaşa marağında olan MDB sammitinə qatılmaq üçün Bişkekə səfər etməyə vaxt tapmadı. Ancaq bundan cəmisi bir neçə gün sonra Avropa Parlamentində çıxış etmək üçün Fransaya yola düşdü. Və bundan sonrası artıq Rusiya siyasi dairələrinin düşünməli olduğu məqamlardır.

Çünki Ermənistan baş naziri Nikol Paşinyan Avropa Parlamentində yenə də dolayısı ilə Rusiyadan şikayət edib. Kremli rəsmi İrəvana müttəfiq kimi dəstək vermək əvəzinə, Ermənistanda dövlət çevrilişi planları qurmaqda suçlayıb. Ardınca isə açıq şəkildə bəyan edib ki, Ermənistanın yolu Avropa doğrudur: "Ermənistan Avropa Birliyi ilə inteqrasiya prosesinə hazırdır. Əgər, Avropa Birliyi də bunda maraqlı olarsa, hər hansı əngəl yoxdur".

Təbii ki, rəsmi İrəvanın Ermənistanı öz çiyinlərinə alıb, daşıyacaq istənilən Qərb dövləti və ya beynəlxalq qurumla inteqrasiya, müttəfiqlik istəyi qətiyyən təəccüb doğurmur. Ancaq problem yaratmaqdan başqa heç nə vəd etməyən Ermənistan adlı "yük" kimsəyə lazım deyil. Avropa Birliyi üçün də Ermənistanın inteqrasiya təklifi "qara yumor" materialından başqa heç nəyə yaramaz. Və bu baxımdan, Ermənistanın Rusiya ilə müttəfiqlikdən imtinası hazırda özünü təkləməkdən başqa bir şey deyil.

Erməni baş nazir hələ də anlamır ki, Rusiyanı ittiham etməklə, KTMT-dan çıxmaq vədləri ilə dünyada Ermənistana real müttəfiq tapa bilməz. Belə ki, baş nazir Nikol Paşinyanın elə "Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT bizi tək qoydu" bəyanatı belə, Qərb siyasi dairələrinin rəsmi İrəvanın istəklərinə ehtiyatlı yanaşması üçün önəmli məqamdır. Çünki rəsmi İrəvanın Qərbdən eynilə Rusiya və KTMT-dan umduğunu istədiyi açıq aşkar ifadə olunur. Yəni, rəsmi İrəvan istəyir ki, ABŞ və Qərb Ermənistanın maraqları və yalanları üçün Azərbaycanla savaşa girsin.

6f4b4ed77c899cb0ca4a70591b7bad2c.jpg (180 KB)

Halbuki, erməni baş nazir nə qədər xəyal qursa da, Avropa Birliyi Azərbaycana qarşı Ermənistanla "çiyin-çiyinə" durmaz. Avropa Birliyinin Ermənistanı öz çiyinlərində "faydasız yükə" çevirməyə hazır ola biləcəyi yalnız erməni xəyallarının məhsulu ola bilər. Ona görə də, əgər, rəsmi İrəvan Ermənistanın mövcudluğunu təmin etmək istəyirsə, onda, bütün reallıqları nəzərə alaraq, qərarlar vermək məcburiyyətində olduğunu da mütləq anlamalıdır.

Maraqlıdır ki, Paşinyan hakimiyyətindən fərqli olaraq, bəzi erməni politoloqlar bu reallıqların ciddi faktorlardan qaynaqlandığını anlamağa başlayıblar. Politoloq Arqişti Kiviryan Paşinyan hakimiyyətinə daha doğru yolu göstərməkdə o qədər də çətinlik çəkməyib: "İndiki situasiyada mövcudluğunu qorumaq üçün Ermənistan mütləq Azərbaycan və Türkiyədən daha güclü olmalıdır. Bu isə mümkün deyil. İkinci variant odur ki, biz müstəqillikdən imtina edərək, hansısa güclü ölkəyə birləşə bilərik. Bunu da istəmirik. Onda yeganə doğru yol qalır. Ermənistan bundan sonra mövcud olmaq istəyirsə, onda mütləq iki nəhəng qonşusu - Azərbaycan və Türkiyə ilə münasibətlərini böyük sürətlə normaldırmağa nail olmalıdır".

Erməni politoloq hesab edir ki, Ermənistanın müstəqilliyini qorumaq üçün üçüncü variantdan başqa çıxış yolu mövcud deyil: "Yeni müttəfiqlər axtarışı isə bizim zaman itirməyimizdən başqa heç bir işə yaramayacaq. Çünki dünyada heç bir dövlət Ermənistanla müttəfiq olub, bizim əvəzimizə Azərbaycan və Türkiyəyə qarşı vuruşmaz. Ermənilərin son 100 ildə inandıqları nağılları da nə qədər gec deyil, unutmaq lazımdır".

00ed51df2fd622449714ad0302d4d60b.jpg (76 KB)

Stenford Universitetinin siyasi elmlər doktoru Artur Xaçikyan isə bildirib ki, Ermənistanda Qərbin dəstəyinə bəslənilən ümidlər sadəlövhlükdən başqa bir şey deyil. Onun fikrincə, AŞPA-nın qətnamə və bəyannamələri heç nəyi dəyişməyən "söz yığını"dır: "Avropa Birliyi Azərbaycana qarşı hər hansı sanksiya tətbiq etməyəcəyini artıq bir neçə dəfə bəyanlayıb. Ona görə də, belə əhəmiyyətsiz bəyannamələrə və qətnamələrə ümid bəsləyib, vaxt itirmək Ermənistana ziyan gətirə bilər".

Göründüyü kimi, erməni politoloqlar belə, baş nazir Nikol Paşinyanın Qərbə bağladığı ümidləri ciddiyə almırlar. Ermənistanın Qərbdə müttəfiq tapa bilməyəcəyini düşünürlər. Belə vəziyyətdə Ermənistan üçün ən doğru yolu yalnız Azərbaycan və Türkiyə ilə anlaşmaqda görürlər. Elə baş nazir Nikol Paşinyanın Avropa Parlamentində çıxış edərkən, Cənubi Qafqazın sülhə ehtiyacı olduğunu da vurğulaması əslində, rəsmi İrəvanın da Qərbin Ermənistana yanaşma tərzindən tam məmnun olmadığını göstərir.

Çünki, onun Ermənistanı Avropa Birliyinin çiynində yükə çevirmək xəyalı Qərbdə bir çoxlarını şoka salıb. Bu baxımdan, erməni baş nazirin hər ehtimala qarşı Ermənistanın bu ilin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu da vurğulaması qətiyyən təəccüblü deyil.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR