Erməni mətbuatında yayılan məlumatlara görə, parlament sədri Alen Simonyanın prezident postuna gətirilməsi, dövlət başçısı Vaaqn Xaçaturyanın isə baş nazirin müşaviri vəzifəsinə keçirilməsi nəzərdən keçirilir. Bu xəbərlər xüsusilə Xaçaturyanın səhhətində problemlərin olduğu barədə yayılan məlumatlardan sonra daha da aktuallaşıb.

Bəs Paşinyan komandasında gözlənilən dəyişikliklərin arxasında hansı siyasi məqsədlər ola bilər?
Sualı cavablandıran AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Musavat.com-a bildirib ki, Simonyan Paşinyanın ən sadiq adamlarından hesab olunur. Onun sözlərinə görə, hətta fors-major hallarda Paşinyanı o əvəzləyə bilər: “Deyilənlər həqiqətdirsə, o zaman belə bir plan həm hakim komandanın əsas fiqurları, həm də Qərb dairələri ilə razılaşdırılıb”.
Ekspertin fikrincə, Simonyanın bu postu tutması üçün ciddi əngəl yoxdur: “Ermənistan konstitusiyasına görə prezident parlamentdə deputatların 3/4 hissəsinin lehinə səs verməsi ilə seçilir. Bu alınmadıqda yenidən səsvermə ilə 3/5 səslə seçilə bilər. Ən nəhayət burada da səs olmasa, o zaman iki namizəd arasında səsvermə olur və sadə səs çoxluğu ilə prezident seçilir. Yəni Simonyan namizəd olarsa, birinci etapda seçilmə şansı olmasa da, ikinci turda 3/5 səslə rahat seçilə bilər. Bunun üçün hakim partiyanın mandat sayı kifayət edir. Bu məsələnin texniki tərəfidir”.
Siyasi tərəfinə gəldikdə, E.Mustafayev hesab edir ki, Ermənistan prezidenti dövlət idarəetməsində simvolik fiqurdur: “O müstəqilliyin, təhlükəsizliyin və ərazi bütövlüyünün qarantıdır və konstitusiya maddələrinin həyata keçməsinə nəzarət edir. Bu səlahiyyətlərlə isə aktiv siyasi həyatın davam etməsi görünmür. Simonyan son illər Ermənistan hakimiyyəti içərisində ən çox aktivlik göstərən, müxtəlif platformalarda hakimiyyətin siyasətini müdafiə edən, jurnalistlərə açıq və əhali ilə ən azı Paşinyan qədər təmaslarda olan bir siyasətçidir. Belə demək olar ki, o, Paşinyan kimi hakim komandanın siması olub. Belə bir aktiv siyasətçinin reallıqda passiv fəaliyyəti olan bir mövqeyə gətirilməsi bir qədər anlaşılan deyil”.
AMİP funksionerinə görə, Paşinyanın onun aktivliyindən narahat olub belə bir vəzifəyə göndərilməsi ehtimalına da az inanır: “Çünki baş nazirin ən güclü və nüfuzlu müdafiəçilərindəndir. Prezident olacağı təqdirdə isə əvvəlkilərin təcrübələrini nəzərə alsaq, indiyədək etdiyi siyasi aktivliyi edə bilməyəcək. O zaman ola bilsin ki, yayılan məlumatlar şayiədir, yaxud düşünülmüş, başqa istiqamətdə iz azdırmaq üçün bir plandır. Yox, əgər doğurdan da deyilənlər doğrudursa və bu təyinat olacaqsa, o zaman Simonyan aktivliyini davam etdirəcək. Dövlətin təmsilçiliyi missiyası üzərində olsa da, hakim partiyanın önündən ortaya çıxa biləcək bəzi konstitutsion maneələrin aradan qaldırılmasında köməklik edə bilər”.
Müsahibimiz bildirib ki, ölkədə konstitusiya islahatları gözlənilir, amma bu gün parlamentdə hələlik bu dəyişikliklərə aparacaq səs üstünlüyü hakim partiyada yoxdur: “Odur ki, Simonyan səviyyəli aktiv və ölkə daxilində nüfuzu olan siyasətçinin prezidentlik vəzifəsinə gətirilməsi yalnız Paşinyana hazırkı narahat zamanda bir çox vacib faktorları sığortalamaq üçün lazım ola bilər”.
Cavanşir Abbaslı
Musavat.com






