İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan hakimiyyətini  möhkəmləndirir: Rusiyasız Cənubi Qafqaz modeli ön plana keçir

3888 07.05.2022 19:45 Analitika A A

Ermənistanda revanşistlərin məğlubiyyəti Rusiyanın Brüssel prosesini pozmaq niyyətlərini də iflasa uğradacaq; ABŞ və Qərbin Azərbaycan-Ermənistan sülh sazişi ilə Rusiyanı Cənubi Qafqazdan çıxartmaq şansları inandırıcı görüntülər almağa başlayıb...

Ermənistanda revanşistlərin Paşinyan hakimiyyətini devirmək cəhdləri davam edir. Ancaq hərbi cinayətkarların - Köçəryan-Sarkisyan cütlüyünün rəhbərlik etdiyi Qarabağ klanı çevriliş planının icrasında elə də böyük uğurlar qazana bilməyib. Və indi hər şey Paşinyan hakimiyyətinin qətiyyətindən, atacağı addımlardan asılı olacaq.

Onu da qeyd etmək lazımdır ki, Paşinyan hakimiyyəti revanşistlərin kütləvi etiraz aksiyalarının ilk günlərində ölkədə baş verənlərə maksimum səviyyədə tolerant yanaşmağa çalışırdı. Böyük ehtimalla rəsmi İrəvan hakimiyyət və revanşistlər arasında qüvvələr nisbətini dəqiqləşdirməyə çalışırdı. Və cəmisi bir neçə gün ərzində siyasi savaş meydanında revanşistlərin yetərli qüvvəyə malik olmadığını müəyyən edə bildi.

Təbii ki, belə vəziyyət erməni baş naziri həlledici addımlar atmağın vaxtının çatdığına inandırdı. Böyük ehtimalla baş nazir Nikol Paşinyan gecikməyin onun hakimiyyəti üçün real problemlər yarada biləcəyini dəqiq hesablaya bildi. Çünki, gecikəcəyi təqdirdə, kütləvi etiraz dalğası daha da genişlənə bilərdi. Və nə qədər ki, siyasi rəqab hələ zəifdir, onu dərhal zəiflətmək lazım idi.

ermenistan mitinq.jpg (126 KB)

Ermənistan baş naziri əvvəlcə revanşistlərin kütləvi etiraz aksiyalarına qarşı polisin sərt müdaxiləsinə qərar verdi. Ardınca kütləvi həbslərə start verdi. Nəhayət, revanşistlərin kütləvi etiraz aksiyalarına rəsmi münasibət bildirməklə, aksiyaçıların ümidlərini qırmağa başladı.

Məsələ ondadır ki, Paşinyan hakimiyyəti təmsilçilərinin erməni baş nazirin istefa verəcəyi ilə bağlı iddialara reaksiyası revanşistlərin bütün ümidlərini qıra biləcəyi məzmun daşıyır. Rəsmi İrəvanın bu iddialara münasibətdə susması revanşistləri daha da həvəsləndirə bilərdi. Ancaq erməni baş nazir öz təmsilçiləri vasitəsilə revanşistlərə "istefanı yalnız qulağınızın dalını görəndə görə bilərsiniz" mesajını çatdırıb. Üstəlik, "sayınız onsuz da azalır" deməklə, revanşistləri sərt addımlar ilə hədələyib.

Belə anlaşılır ki, Paşinyan hakimiyyəti artıq siyasi qələbəsinə əmindir. İndi revanşistlərin siyasi səhnədən silinməsi istiqamətində xüsusi prosesin başladılmasına hazırlaşır. Revanşistlərin artıq son ehtiyat qüvvələrini - qadınları küçə və meydanlara çıxartması da onların məğlubiyyət öncəsi mərhələyə keçdiyini göstərir.

Ona görə də, indi bundan sonra Cənubi Qafqazda geopolitik proseslərin hansı keyfiyyət və məzmun daşıya biləcəyi ilə bağlı daha aydın təxminlər irəli sürmək mümkündür. Birincisi, Paşinyan hakimiyyətinin devrilməsi Rusiyadan və Kremlin təlimatları ilə hərəkət edən revanşistlərdən başqa heç kimə sərfəli deyil. Və bu faktor Paşinyan hakimiyyətinin Ermənistan daxilində mövqelərini daha da möhkəmləndirilməsinə imkan verir.

4eef602d915bd5538b664b63d8cdbed8.jpg (94 KB)

İkincisi, Paşinyan hakimiyyətinin devrilib-devrilməyəcəyinin elə bir ciddi problem yaratmayacağı yeganə dövlət də məhz Azərbaycan hesab oluna bilər. Çünki, rəsmi Bakının istənilən situasiya üçün öz alternativ variantları var. Yəni, əgər, Paşinyan hakimiyyəti devrilərsə, rəsmi Bakı Azərbaycanın maraqlarını sülh danışıqları masası arxasında deyil, məhz savaş meydanında həll edə bilər.

Məsələ ondadır ki, Köçəryan-Sarkisyan cütlüyü hakimiyyəti ələ keçirsə belə, Ermənistanın geopolitik vəziyyəti müsbətə doğru dəyişməyəcək. Çünki, bunun üçün Ermənistanın hərbi-siyasi və maliyyə-iqtisadi resursları mövcud deyil. Deməli, rəsmi Bakı Azərbaycan ordusunu hərəkətə gətirməklə, Ermənistanda istənilən revanşist hakimiyyəti də öz geopolitik iradəsinə tabe etdirmək gücünə malikdir.

Düzdür, Rusiya Ermənistanın revanşist hakimiyyətinə dəstək verə bilər. Bu, Kremlə Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması prosesini pozmaq üçün vacibdir. Ancaq Rusiyanın bu niyyətə çatması yalnız rəsmi Bakının sərt hərbi varianta əl atmayacağı təqdirdə, mümkün ola bilər. Halbuki, Kremlin hazırda rəsmi Bakını hərbi hədəflərini bloklamaq imkanları Rusiya və Ermənistan üçün qətiyyən ümidverici deyil. Və Azərbaycan Rusiyanın mövqeyini diqqətə almadan Ermənistana qarşı hərbi əməliyyatlara başlamaq şansına sahibdir.

Üstəlik, Paşinyan hakimiyyətinin devriləcəyi təqdirdə, ABŞ və Qərb də Rusiyanın "beşinci kalonu" olan revanşistlərin iqtidarına dəstək verməyəcək. Yəni, ABŞ və Qərb də Azərbaycanın Ermənistana qarşı hərbi əməliyyatlarına etiraz etməyə həvəsli olmayacaq. Və Ermənistan Azərbaycanın "dəmir yumruğu" qarşısında yenə də təkbaşına qalacaq.

sulh-muqavile.jpg (293 KB)

Nəhayət, Paşinyan hakimiyyətinin də öz iqtidarını qorunması da rəsmi Bakı maraqlarına tamamilə cavab verir. Çünki bu halda, Azərbaycan hərbi variantı aktivləşdirmək məcburiyyətində qalmayacaq.

Məsələ ondadır ki, revanşistlərin meydan məğlubiyyəti, həm də Rusiyanın geopolitik uğursuzluğu anlamını daşıyacaq. Rusiyanın Cənubi Qafqazda rolu daha da zəifləyəcək. Rəsmi İrəvan ABŞ və Qərbin təlimatlarına daha həssas yanaşmağa başlayacaq. ABŞ və Qərbə Rusiyanın Cənubi Qafqazdan tamamilə sıxışdırılıb, çıxarılması üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması önəmli faktor rolunu oynayır. Və bu baxımdan, Brüssel prosesinin yenidən ön plana keçirilmə ehtimalı tamamilə inandırıcı görünür.

Belə anlaşılır ki, revanşistlər yaxın bir neçə gün ərzində siyasi məğlubiyyət ilə barışmalı olacaqlar. Bununla da Rusiyanın Brüssel prosesini pozmaq niyyətləri də iflasa uğrayacaq. Bu baxımdan, mayın sonlarına doğru Azərbaycan və Ermənistan arasında sülh sazişinin hazırlanması üzrə danışıqlar prosesinin intensivləşə biləcəyi qətiyyən istisna deyil. Və Rusiyasız Cənubi Qafqaz modeli o qədər də uzaqda görünmür.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR