İnsanlara hürriyət, millətlərə istiqlal!

“Partbiletini qoy stolun üstünə, get!” vaqiəsi

3927 26.04.2023 11:25 Yazarlar A A

 

İndiki cavanlar bilməz, amma mən yaşda və məndən böyüklər yaxşı bilirlər ki, bu, “mandatını qoy, get” ağır söhbətdir.

Günlər vardı... Sovet dövründə belə təklifləri qapalı iclaslarda, büro toplantılarında deyərdilər. İntəhası, o vaxtlar mandat yerinə partbileti qoyub getməyi tələb edərdilər. Özü də bunu günahkar elan edilmiş adamdan hansısa rayonun ikinci, üçüncü, beşinci adamı tələb etməzdi.

Bu, birinci şəxsin eksklüziv hüququydi, üzünü son dərəcə turşudar, səsinin yoğun yerinə salıb qəzəbnak halda bağırardı: “Paartbileti qoy stolun üstünə, çıx qapıdan, vicdansız!!!”

Adam da dinməz-söyləməz şəkildə, pörtmüş halda, şoka girmiş vəziyyətdə qapıdan çıxar və gedib gözləyərdi ki, dalınca nə vaxt gəlib ağzıbirə aparacaqlar.

Bir xeyli adam elə həmin gecə ya birinci miokard infarktı ilə xəstəxanaya düşərdi, ya da ikinci və sonuncu ürəktutmasıyla xəstəxanadan o biri tərəfə göndərilərdi.

Söz yox, bərk adamlar da vardı və onlar stolun üstünə qoyulmuş partbilet uğrunda uzun müddət mübarizə aparardılar, elə hey Moskvaya, Kremlə şükayət məktubları göndərərdilər ki, onlara qarşı haqsızlıq olub, onlar əsl kommunistlərdir və kommunizm quruculuğu yolunda filan-filan xidmətləri, bəs qədər təltifləri var.

Olardı ki, sərt və prinsipial raykom katibi başqa rayona göndəriləndə, yerinə daha bir “salidni və stroqu kadr” gələndə partbileti əlindən alınmış şəxsin bəraət almaq imkanı yaranardı. Bu, fərasətə və yol verilmiş qəbahətə bağlı məsələydi.

Hərçənd elə “vurulmuşlar” da olardı ki, partbilet hayında olmazdılar, büro iclasından qovulduqları günün səhəri bir münasib adamla birlikdə gedər, neqativ hallara qarşı barışmaz olan raykom katibinin evinə banderollar aparardılar və deyərdilər, partbilet və vəzifə lazım deyil, təki tutulmasınlar. Belə şeylər də vardı. Amma adamın təqsiri böyük idisə, ağırlaşdırıcı halda sosialist əmlakını dağıtmışdısa, xeyri olmazdı, basardılar içəri.

Məsələn, o vaxt yüzlərlə kolxoz sədrini, sovxoz direktorunu, trest müdirini belə etmişdilər – həm partbiletlərini almışdılar, həm də dustaq etmişdilər.

Hətta sovet ölkəsinin ikinci adamı olmuş, Stalinin ən yaxın silahdaşı, can dostu Vyaçeslav Molotovun partbiletini Xruşovun vaxtında (1962-ci ildə) əlindən alıblar, 24 il mübarizə aparıb, axırda, 88 yaşında partiyaya bərpa olunub və 90 yaşında ölüb. Adamda prinsipə baxın, partbiletini geri alana qədər yaşayıb.

Sonradan bəraət almış xeyli adam da olub ki, onların partbiletlərini özlərinə yox, ailələrinə qaytarıblar. Üzrlü səbəbdən. Güllələnibmişlər.

Ona görə də dünən parlamentin plenar iclasında Milli Məclis sədrinin müxalifətdən olan müavini Fəzail İbrahimlinin deputat Vahid Əhmədova “mandatını qoy, get” deməsi maraqlı söhbət olsa da, efirdə yeni səs və yeni əmr sayıla bilməz. Vahid müəllim özü də o cür iclasları çox görüb, bəlkə özü də kiməsə “partbiletini qoy stolun üstünə” əmri verib (hərçənd elə adama oxşamır).

Bu, o deməkdir ki, sovet quruluşu və SSRİ dağılmasaydı, Fəzail müəllimdən yaxşı raykom katibi olardı. O vaxtlar onsuz da dəb olmuşdu, elmi dərəcəsi olanlar asanlıqla partiya funksionerliyinə transfer olunur, sonra hansısa rayona birinci katib gedirdilər. Bəxtləri gətirib nazirliklərə, komitələrə irəli çəkilənlər də olurdu, partbiletinin stolun üstünə qoyulması tələb edilənlər də. Kim toplamanı, bölməni yaxşı bilirdisə, qabağa gedirdi, kim ki “mən əqidəli kommunistəm, əyri işlərlə işim yoxdur” deyirdisə, növbəti plenumda məlum olurdu ki, işində ciddi nöqsanlar var.

İndi bu o demək deyil ki, Vahid müəllimin ciddi nöqsanları var və mandatını əlindən alacaqlar. Bu, bir az uzun prosesdir. Bir az da ağ olar. Hətta tarixdə ağ ləkə kimi qalar. Bu, unudulub gedəcək.

Amma Fəzail müəllimin tələbi həm tarixdə, həm də yaddaşlarda qalacaq və uzun müddət unudulmayacaq. Bizim qədirbilən camaatımız bu məsələdə prinsipialdır, hesab edir ki, adam başqasının çörəyi ilə oynamaz. Həm də ayağının biri burda, biri orda olduğu vaxtda...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR