İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlamentdə deputatlar arasında GƏRGİNLİK: "Diqqət çəkmək üçün..."

3291 21.11.2023 18:23 Sosial A A

Deputat Vahid Əhmədov Milli Məclisdə hökumətin iştirakı ilə keçirilən büdcə müzakirələrində onu narahat edən məsələlərdən danışıb.

Musavat.com xəbər verir ki, o, növbəti dəfə müharibə veteranlarının 80 manat müavinəti ilə bağlı məsələni qaldırıb.

Deputat bildirib ki, komitə müzakirələrindəki danışıqlar zamanı hökumət nümayəndələri bu məsələyə baxıldığını deyiblər.

“Bu məsələyə necə baxılır, müsbət addımlar var, ya yoxdur?” - deputat sual edib.

Vahid Əhmədov digər məsələ kimi bölgələrdəki vakant iş yerlərindən danışıb. O bildirib ki, vakant iş yerlərində əməkhaqqı 300 manatdan aşağıdır.

V.Əhmədov Dövlət Sosial Müdafiə Fondunun büdcəsində debitor borcların ilbəil artmasına diqqət çəkib və bunun səbəbi ilə maraqlanıb. Deputat iki ay ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə bağlı 48 şikayət məktubu aldığını da söyləyib: “Pensiya, ünvanlı dövlət sosial yardım, şəhid ailələri, qazilərlə bağlı problemlər var. Bu problemləri həll etməliyik. Biz 80 manat veteran pulunun artırılmasını qaldırmışdıq. Bizə deyildi ki, buna baxılır. Necə baxılır, harada baxılır? Necə həll olacaq? Digər tərəfdən, bölgələrdə vakant iş yerləri hərraca çıxarılır. Amma bu vakant yerlərdə maksimum maaş 300 manatdır. Bizdə məlumat var ki, nazirliklərin qurumlarında yüksək maaşlı vakant yerlər var, amma hərraca çıxarılmır”.

Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Vahid Əhmədovun dediklərinə reaksiya verib:

“Vahid müəllim, sizin qaldırdığınız məsələlər həm komitələrdə, həm də qanun layihəsinin birinci oxunuşu zamanı müzakirə olunub. Nazir Sahil Babayev də bir saata yaxın danışıb. Düzü bilmirəm, siz buradan hansı media orqanının diqqətini çəkmək üçün bu cür danışdınız. Ümumiyyətlə, düşünmürəm sizin belə probleminiz olsun, ölkədə kifayət qədər tanınmış adamsınız. Hesab edirəm ki, diqqət çəkmək üçün bu cür şərhlərə ehtiyac yoxdur”.

Sədr Sahibə Qafarova isə bildirib ki, Milli Məclisdə bir neçə dinləmələr keçirilib, nazirlər də həmişə orada çıxış edib. Spiker komitə sədri Tahir Mirkişiliyə xitabən “ehtiyac varsa, yenidən belə dinləmə keçirək” - söyləyib.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR