İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onlar delimitasiya prosesinə əngəl törədə bilməyəcək” - politoloq

770 21.05.2024 11:28 Gündəm A A

Ermənistan katolikosun qərarını gözləyir; ekspert: “Paşinyanın tezliklə hakimiyyətini itirəcəyini ciddi və real saymıram”

Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyası ilə bağlı razılaşmalardan sonra revaşistlərin əsas “lideri”nə çevrilən keşiş Baqrat Qalstanyanın baş nazir postuna namizədliyini açıqladığı barədə xəbər vermişdik. Bu barədə müxalif siyasi qüvvələrin nümayəndələri ilə görüşündən sonra Qalstanyan özü məlumat verib. 

Onun sözlərinə görə, o, mayın 26-da katolikos Qaraginlə görüşdən sonra siyasi gələcəyi ilə bağlı yekun qərar verəcək. Onun sözlərinə görə, xalq onun namizədliyini irəli sürməli və namizədliyini təsdiq etməlidir. 

“Mən Qalstanyanın siyasi perspektivlərinə çox şübhə ilə yanaşıram. Onun cəmiyyətdə real dəstəyi varmı? 2020-ci ildə müharibədə məğlub olan Paşinyan bir ildən sonra ermənilərdən dəstək alıb və yenidən baş nazir olub. İctimai rəyin hesablamaları göstərir ki, Ermənistan əhalisinin yarıdan çoxu yenə Paşinyanı dəstəkləyir”, - politoloq Yuri Svetov deyib. 

“Ermənistanda bir çox insanlar Qalstanyanın namizədliyini qəbul edirlər, çünki o, heç bir siyasi qüvvənin nümayəndəsi deyil və hamı ilə işləməyə hazırdır. O, çox xarizmatikdir və etibarlı konsensus fiquruna çevrilib. Qalstanyan Ermənistanın bütün tarixində birləşdirici rol oynamış kilsənin nümayəndəsidir”, - “Voskanapat” analitik mərkəzinin rəhbəri, erməni politoloq Hrant Melik-Şahnazaryan isə belə düşünür. 

Məlik-Şahnazaryan vurğulayır ki, Ermənistan cəmiyyəti Paşinyanı öz lideri kimi qəbul etmir: “Onun hakimiyyəti saxlamaq üçün yeganə şansı bütün etirazları zorla yatırtmaqdır. Amma bu, artıq işləməyəcək, çünki Ermənistanda narazılığın miqyası mümkün olan bütün hədləri aşıb. Artıq əminlik var ki, hər yerdə insanlar kütləvi itaətsizlik aksiyalarına başlayacaqlar, nəticədə Paşinyan hakimiyyətini itirəcək”. 

Onun sözlərinə görə, hətta hakimiyyətdə olan partiyanın deputatları arasında da mümkün kütləvi iğtişaşlardan böyük narahatlıq var, bunu siyasətçilər arasında internetə sızan yazışmalar sübut edir. 

Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyən edilməsi prosesi haqda da danışıb: “Biz bu prosesin ilkin müsbət nəticələrini görürük. Bu, ümid verir ki, nəhayət, uzun fasilədən sonra Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana bilər. Biz İranın bu məsələyə dair dəstəyini alqışlayırıq”. 

Qareginin qərarı nə olacaq, Baqratın baş nazir olmaq şansı mümkündürmü? Sülh sazişinə olan ümidlər puç ola bilərmi?

Əli Orucov: "Etik qaydaları pozan şəxslər öz tərbiyələrini göstərirlər"

Əli Orucov 

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov bu etirazların uğur qazanmayacağını düşünür: “Azərbaycanla Ermənistan arasında demarkasiya razılaşması və dövlət sərhədlərinin dəqiqləşdirilməsi yönündə aparılan işlər müsbət dəyərləndirilir. Bu prosesin davam etdirilməsinə beynəlxalq dəstək də ifadə edilib. Lakin Ermənistanda ictimai-siyasi vəziyyətin stabil olmaması və yad təsirlər normallaşmanın ahənginə mənfi təsir göstərir. Baş nazir Paşinyandan narazılar, revanşistlər, ayrı-ayrı cinayətkar ünsürlər, həmçinin erməni diasporu hər vəchlər çalışır ki, Ermənistanla Azərbaycan arasında razılaşmalar pozulsun, sülh danışıqları iflasa uğrasın. Narazıları keçmiş cinayətkar siyasi liderlər Köçəryan, Sərkisyan, Ohanyan kimilər ətrafına toplaya bilmədi, onları öz tərəflərinə çəkə bilmədi. Çünki həmin şəxslər korrupsioner, rüşvətxor və adları bir çox qalmaqallarda hallandırılan, reputasiyaları ciddi şəklidə zədələnmiş şəxslər kimi tanınırlar. Bu boşluqdan erməni kilsəsi bəhrələnərək, etirazlara rəhbərliyi öz üzərinə götürdü və Tavuşun arxiyepiskopu Baqrat Qalstanyanı qabağa verdi. Onun yaratdığı "Tavuş uğrunda Vətən" hərəkatı özünü ictimai müqavimət hərəkatı adlandırsa da çox keçmədi ki, Erməni Qriqoryan Apastol Kilsənin əsl siması üzə çıxdı və hakimiyyət uğrunda mübarizəyə qoşulduğu aydın oldu. Kilsənin erməni cəmiyyətinə və siyasətinə təsiri inkaredilməzdir. O da məlumdur ki, erməni kilsəsi və din xadimlərinin həmişə xarici dövlətlərin, xüsusən də Rusiyanın xüsusi xidmət orqanları ilə sıx əlaqələri olub. Qalstanyanın qabağa verilməsi də məhz regionda sülhə və təhlükəsizliyə nail olunmasına maraq göstərməyən qüvvələrin planlarının tərkib hissəsidir. Lakin proseslərin gedişi və kilsənin rəhbərlik etdiyi etirazların kütləviliyinin alınmaması həmin planları pozmaqdadır. Doğrudur, Paşinyan hakimiyyəti zəifdir və davamlı basqılar altındadır. Ancaq müxalifət də, onun tərəfdarları da daha zəif olduğundan hakimiyyət dəyişikliyi baş verəcəyi ehtimalı çox aşağıdır. Arxiyepiskop Qalstanyan özü də ciddi siyasi və xarizmatik fiqur deyil. Parlamentdə müxalif fraksiyaların rəhbərləri və digər hakimiyyətə əks qüvvələrlə görüşməsinə baxmayaraq yetərli dəstəyi ala bilməyib. Eyni zamanda o, Ermənistan vətəndaşı olmadığından baş nazir kürsüsünə gəlməsinə qanunvericilik də imkan vermir. Nəzəri cəhətdən Katalikos Qareginin dəstəyini almaq xalqın dəstəyini almaq anlamı vermir. Erməni xalqının əksəriyyəti müharibənin yenidən başlamasını, yeni və daha ağır faciələrlə üzləşməsini istəmir. Erməni cəmiyyətinin anlaqlı kəsimi başa düşür ki, revanşistlərin yolu Ermənistanı fəlakətə aparan yoldur və hazırkı baş nazir Paşinyanın tərəddüdü də olsa yürütdüyü siyasət daha pozitivdir. Qalstyanyanın özünün siyasi perspektivini də uğurlu görmürəm, müəyyən müddətdən sonra onun rəhbərlik etdiyi etirazlar da səngiyəcək. Bunu keçirilən aksiyaların tədricən zəifləməsi və kütləviliyin alınmaması göstərir. Bu gün Ermənistanda hakimiyyət dəyişikliyi və radikal, revanşist qüvvələrin Paşinyanı əvəzləməsi regional, həmçinin də Cənubi Qafqaza maraqları olan supergüclərə də sərf etmir. Bu gün əsas mübarizə Gürcüstan uğrundadır. Qərbin və Rusiyanın diqqəti də Gürcüstanda sonun necə olacağına yönəlib. Odur ki, bəzi erməni ekspertlərin Qalstanyandan fövqəladə nələrsə gözləməsini və Paşinyanın tezliklə hakimiyyətini itirəcəyini ciddi və real saymıram. Azərbaycanın Ermənistan və erməni cəmiyyətinə təsirini də nəzərə almaq lazımdır. Mən hətta mübaliğəsiz deyərdim ki, Bakıdan əsən rüzgar Ermənistanda bir anda böyük fırtınalar yarada bilir. Bu baxımdan da Paşinyan hakimiyyətinin süqutu Bakının da maraqlarında deyil. İran-Azərbaycan sərhədində hər iki prezident İlham Əliyev və mərhum İbrahim Rəisinin görüşündə verdikləri birgə bəyanatlardan da bir daha aydın oldu ki, Azərbaycan-Ermənistan arasında sərhədlərin müəyyən edilməsi prosesindən rəsmi Bakı məmnundur və bu, iki ölkə arasında sülh sazişinin tezliklə imzalanacağına ümid verir. Əvvəllər Bakı ilə İrəvan arasında normallaşma prosesinə, demarkasiya işlərinə, o cümlədən Zəngəzur dəhlizinin açılmasına Tehran destruktiv mövqe sərgiləyirdisə, son dönəmlər bununla bağlı yumşalmaların olması diqqətçəkicidir. Hətta 3+3 formatında problemlərin, mübahisələrin həllini daha məqbul saydı. Yekun olaraq demək istərdim ki, Ermənistanda yaradılan bütün maneələrə, süni etirazlara baxmayaraq nə Qalstanyanın baş nazir postunda Paşinyanı əvəzləyəcəyini, nə də delimitasiya işlərinə əngəl törədiləcəyini mümkün hesab etmirəm. Normallaşma və sülh prosesi gecikə, ləngiyə bilər, amma bu prosesi mütləq başa çatdırmaq lazımdı".

Asif Nərimanlı: "Bu, vəziyyəti yenidən gərginləşdirə bilər"

 Asif Nərimanlı

Siyasi analitik Asif Nərimanlı Ermənistanda baş verənlərin Azərbaycan üçün də əhəmiyyətli olduğunu söylədi: “Ermənistanda Baqratın rəhbərlik etdiyi hərəkatın baş nazirliyə namizəd seçmək problemi var. Bir çoxları Baqratın özünün namizədliyini irəli sürsə də, burada problemlər mövcuddur. Birincisi, kilsə buna icazə verməlidir, Baqratın Qareginlə görüşündə bu məsələ müzakirə olunacaq. Lakin kilsənin öz nümayəndəsini baş nazirliyə namizəd kimi irəli sürəcəyi ehtimalı azdır. Kilsə bu hərəkatda birbaşa iştirak etsə də, siyasətə birbaşa müdaxilə etmək istəmir. Böyük ehtimalla Qareginlə Baqrat "uyğun namizədin" tapılması üzərində danışacaqlar. İkincisi, Ermənistanda hakimiyyətə alternativ lider üzərində geosiyasi konsensus olmalıdır. Onlar uğur qazanmaq üçün həm Rusiyada, həm də Qərbdə qəbul ediləcək namizəd seçməlidirlər, əks təqdirdə, nəticə əldə etmək imkanları bir az da məhdudlaşacaq. Bu halda kimin namizəd olması ciddi problemə çevrilib. Müxalifət əsasən Köçəryan və Sərkisyanın çətiri altındadır. Bu iki şəxsdən, yaxud onlara yaxın şəxslərdən kim namizəd olarsa, erməni ictimai rəyində dəstəklənməyəcək. O cümlədən bu qüvvələrin namizədi daha çox rusiyameylli şəxs kimi görünəcək ki, bu da Qərbdə hərəkata mümkün dəstək gözləntisini azaldır. Ermənistan müxalifəti bütün geosiyasi tərəflərin qəbul etdiyi, həm də erməni ictimai rəyinin qəbul etdiyi yeni sima tapmalıdır. Lakin belə bir şəxsin tapılması çətindir. Bu baxımdan, hərəkatın hakimiyyət dəyişikliyinə səbəb olacağı ehtimalı zəifdir. Ermənistanda baş verənlər Azərbaycan üçün də əhəmiyyətlidir, xüsusilə sülh sazişinin aktual olduğu vaxtdır. Hakimiyyət dəyişikliyi olarsa, bütün hallarda prosesə mənfi təsir göstərəcək, ən azı nəticə əldə etmək üçün daha çox zamana ehtiyac olacaq".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR