İnsanlara hürriyət, millətlərə istiqlal!

On minlərlə insanın ölümünə bais olan nazir – Tirak “günahsız” olduğunu iddia edib

2638 08.04.2023 12:07 Yaxın tarix A A

Məğlubiyyətlərindən sonra insanlığa və sülhə qarşı törətdikləri hərbi cinayətlərə görə məhkəmə qarşısına çıxarılan yüksəkçinli nasistlər istintaq və məhkəmə zamanı özlərinə bəraət qazandırmaq üçün elə “sadə” arqumentlər söyləyiblər ki, proses iştirakçıları 3-cü Reyxin ayrı-ayrı sahələrinə rəhbərlik edən bu şəxslərin normal düşüncəyə sahib olduqlarına şübhə ilə yanaşıblar...

İstintaq zamanı özünü günahkar saymayanlardan biri də Almaniyanın ədliyyə naziri Otto Tirak olub. Minlərlə insanın ölümünə hökm verən Tirak cəzadan yayınmaq üçün istintaqa verdiyi ifadələrdən birində özünə aşağıdakı kimi haqq qazandırıb:

“Məni hərbi cinayətdə ittiham etmək ədalətsizlikdir. Mən müharibə zamanı bir dəfə də olsun əlimə silah almamışam, heç kimi öldürməmişəm. Ədliyyə naziri kimi üzərimə düşən vəzifələri icra etmişəm, hüquq islahatlarını həyata keçirmişəm, tabeliyimdə olanlara və gələcək nəsillərə hüquqi biliklər vermişəm. Məni heç kim ittiham edə bilməz, mən hüquqşünasam, özümü müdafiə etmək gücündəyəm və günahsız olduğumu sübut erəcəyəm. Axı siz kimsiniz ki, məni ittiham edirsiniz, sizə kim bu səlahiyyəti verib?”
Belə açıqlamalardan sonra istintaq Tirakın psixoloji durumunda problem olduğunu zənn edib.

image129-10-e1527178590595.jpg (41 KB)

Həkimlərin müayinəsindən sonra məlum olub ki, sabiq nazirin səhhətində, o cümlədən psixoloji durumunda heç bir problem yoxdur. Amma problemlər aşkar olunmasa da, Tirak tam sağlam olsa da o, günahsız olduğunu sübut edə bilməyib. Belə ki, Otto Tirak Britaniyada müvəqqəti saxlandığı təcridxanadan Nürnberqə də gedib çatmayıb. O, çıxış yolunu intihar etməkdə görüb.

Otto Tirak 1889-cu ildə Almaniyanın Vurtsen şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra o, əvvəlcə Marbruq, daha sonra Leypsiq universitetlərinin hüquq fakültələrində təhsil alıb.
Hüquqşünas kimi ilk fəaliyyətinə Leypsiq şəhərində başlayan Tirak 1926-cı ildən fəaliyyətini Drezden məhkəməsində davam etdirib.

Tirak siyasi baxışlarına görə nasist partiyasına daha yaxın olub və o, 1932-ci ildə bu partiyaya üzv qəbul edilib. Partiyanın fəaliyyətində fəallıq göstərən Tirak qurumun hüquqi sənədlərinin hazırlanmasında əsas simalardan biri sayılıb. Məhz elə həmin vaxtdan Tirakla Hitlerin arasında yaxın münasibətlər yaranıb.

Bundesarchiv_Bild_183-J03230,_Roland_Freisler_und_Dr._Otto_Thierack.jpg (73 KB)

1935-ci ildə Tirak Hitlerin təşəbbüsü ilə İmperiya Xalq Palatasının Leypsiq üzrə rəhbəri təyin edilib. 1936-cı ildə Almaniyada Xalq Məhkəməsi Palatası təsis olunanda Tirak palataya prezident seçilib. 1942-ci ildə isə o, ədliyyə naziri vəzifsinə təyinat alıb. Tirak eyni zamanda Almaniya Hüquq Akademiyasının prezidenti vəzifəsini də daşıyıb.

Qanunların sərtləşdirilməsində, cəzaların daha da ağırlaşdırılmasında Tirak ədliyyə naziri kimi bir sıra islahatlar həyata keçirib. Xüsusilə müharibə dövründə əsir düşərgələrində daha sərt rejim qaydalarının tətbiq olunmasında Tirakın rolu böyük olub. O, həbsxanalarda saxlanılan məhbusların, əsasən də yəhudilərin, polşalıların və qaraçıların düşərgələrə köçürülməsi üçün fürerin qarşısında bir neçə dəfə məsələ qaldırıb və fikrini aşağıdakı kimi əsaslandırıb:

“Almaniya üçün yük olan bu insanları həbsxanalarda bəsləmək yolverilməzdir. Həbsxana onlar üçün kifayət qədər rahat bir məkandır. Bu məhbuslar düşərgələrdə yerləşdirilməlidirlər və onlardan işçi qvvəsi kimi istifadə olunmalıdır. Biz büdcəmiz hesabına onları yedizdirməli və geyindirməli deyilik...”
Tirak irəli sürdüyü təkliflərin həyata keçməsinə həmişə nail olub. Məhz onun canfəşanlığı sayəsində Almaniyada və Almaniyanın işğal etdiyi ərazilərdə yeni düşərgələr salınıb.

Bundesarchiv_Bild_183-00627-0504,_Dr._Otto_Georg_Thierack.jpg (60 KB)

Tutduğu vəzifədən istifadə edən Tirak tez-tez düşərgələri ziyarət edib. O, əsirlərin 12-14 saat işləməsinin yolverilməz olduğunu bildirib. İş saatının 14-16 saata qaldırılmasını təklif edib.

Sovet hərbi əsirlərinə qarşı daha amansız olan nazir onlarla “yumşaq” davranan düşərgə rəisləri və nəzarətçilərlə də mübarizə aparıb. Öz səlahiyyətinə aid olmasa da, kadr məsələləri, onların dəyişdirilməsi haqqında Hitlerə mütəmadi olaraq məruzələr edib.

3-cü Reyxin rəhbərliyi arasında Tirak zəngin həyat tərzi ilə fərqlənib. O, coxsaylı iqamətgahlara və şəxsi avtomobil qarajına sahib olub. Ziyafətlərdə əylənməyi sevən nazir üçün xüsusi masa hazırlanıb. Masa Tirakın xoşuna gəlmədiyi halda həmin iaşə obyektinin rəhbərliyi ən ağır cəzalara məhkum edilib.

image133-10-e1527178626255.jpg (76 KB)

1944-cü ildə Tirakın Argentinaya külli miqdarda pul keçirməyi haqqında hakimiyyət dairələrində söz-söhbət yaranıb. Bu haqda Hitlerə də məlumat verilib. Tirak bu vəziyyətdən də öz “nitq qabiliyyəti” sayəsində rahatlıqla çıxıb. O, fürerə bu məsələnin şayiədən başqa bir şey olmadığını sübut edə bilib:
“Mənim fürerim, bizi hazırda qələbəmiz düşündürür. Almaniyanın bu çətin dövründə hansısa pul maxinasiyaları haqqında yalnız sizi və Almaniyanı sevməyənlər danışa bilər...”

Hitlerin göstərişi ilə bu məsələ Tirakdan xəbərsiz araşdırılıb və fakt öz təsdiqini tapmayıb. Bəzi araşdırmaçıların qənaətinə görə, Tirak pulları elə Hitlerin ən yaxın adamları vasitəsi ilə ölkədən çıxara bilib.

Almaniyanın məğlubiyyətindən sonra Tirak ölkədən qaçmağa cəhd edib. Amma o. bu dəfə istədiyinə nail ola bilməyib. Nazir Britaniya hərbçiləri tərəfindən həbs edilib. Nürnberq məhkəməsində aqibətinin əvvəlcədən necə olacağını anlayan 57 yaşlı Tirak Britaniyada saxlanıldığı düşərgədə intihar edib.

İlham Cəmiloğlu, Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR