İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ölkədə səviyyəli dini tədris sistemi qurulmalıdır”

1782 21.10.2022 10:00 Media A A

Azər Hüseynov: “Ümumbəşəri əxlaqi meyarların təbliğinə önəm vermək lazımdır”

Zaman-zaman Azərbaycanda din adı altında müəyyən qrupların təbliğatının aparılmasının şahidi oluruq. Bəzi hallarda bu cür təbliğatların, məkrli planların həyata keçdiyi də istisna edilmir.  Misal üçün,  Azərbaycanda fars rejiminin təsiri altında olan xeyli qruplar var. İran rəsmiləri hətta bununla Azərbaycanı açıq bəyanatlarında da təhdid etməyə cəhd göstərirlər. Hətta İran liderləri gizlətmirlər, deyirlər ki, Azərbaycanda xeyli adamlarımız var, onlar vasitəsilə təxribatlar törədə bilərik.

Reallıqda belə qruplar var, amma Azərbaycanın təhlükəsizlik orqanları heç də onları nəzarətsiz buraxmır.

Bununla yanaşı, ekspertlər bildirir ki, dini radikal çevrələri neytrallaşdırmağın bir yolu da milli ruhlu dini savadlı kadrların yetişdirilməsidir. “Radikal dini qruplarla mübarizə, xaricdən yönəlmiş təhdidlər, cəmiyyətin yad ideologiyaların təsirlərindən qorunması istiqamətində dini təhsilli və savadlı kadrlara ehtiyac duyulur”. Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov oktyabrın 17-də İsmayıllı rayonunda “Din və ideoloji təhlükəsizlik” mövzusunda keçirilən tədbirdə bildirib.

Bu prosesi sürətləndirmək və qısa zamanda nəticələr əldə etmək üçün hansı işlər görülməlidir? Təbii ki, dini savadlı milli kadrların yetişdirilməsi heç də asan məsələ deyil. Bəs bunun optimal yolu nədir?

AĞ Partiya başqanının ideoloji məsələlər üzrə müşaviri, siyasi şərhçi Azər Hüseynov “Yeni Müsavat”a mövzu ilə bağlı bunları dedi: “Dini radikalizm mövzusu tez-tez üzərinə qayıdılan məsələdir. Burada ilk öncə radikalizm anlayışını müzakirə etməliyik. Çünki radikalizm tək dini müstəvilərdə deyil, digər müstəvilərdə də ola bilir. Siyasi radikalizm ola bilir. Bu özünü tarixən daha çox solçu və anarxist hərəkatlarda göstəribdir. Ancaq nə qəribədir ki, bizim ölkəmizdə bir sıra hallarda liberal düşüncə sahibləri fikirlərini ifadə etmə baxımından olduqca radikal ola bilirlər. Dini radikalizmə gəldikdə isə burada da ilk öncə dinin əsas iki qaynağını nəzərdən keçirməliyik. Bunlar Allahın kitabı və rəsulunun sünnəsidir. Bu iki qaynaq əsla radikal deyildir. Yəni heç bir peyğəmbər dağıdıcılığa, anarxizmə çağırmayıb. Dində radikal görünən aspektlər isə tam əksinə, radikal və insan əleyhinə yönələnlərin fəaliyyətlərini önləmək üçün olub. Dini qaynaqların bəzi müasir həyat istiqamətlərini tənqid edə bildiyini də görə bilərsiniz. Amma tənqid yanlışların ictimai asayişi pozmaqla, təhlükəsizlik problemləri yaratmaqla eyni anlama gəlməz. Cəmiyyətimizin istər dindarını, istərsə də sekulyar qismini təsirləndirən ümumi amillər vardır. Bunlardan biri təhsildir. Təhsil səviyyəsi, dünya görüşü, ümumbəşəri insanlıq, fitrət halına yaxınlıq və ya uzaqlıq insanın ideoloji meyllərində özünü ciddi bir şəkildə göstərir. Bu zaman qarşınıza cəmiyyətin bir hissəsi kimi radikal dindar da çıxa bilir. Ona görə bazis məsələlərini inkişaf etdirmək lazımdır. Təhsili ilk pillədən ailəsinə qədər keyfiyyətləndirmək lazımdır. Ümumbəşəri əxlaqi meyarların təbliğinə önəm vermək lazımdır. Cəmiyyəti zəhərləyən narkotik vasitələrin istifadəsinə qarşı bir ümumxalq fəaliyyətimiz olmalıdır. Bütün bunlar dindara da təsir edir, əlbəttə ki. Bir də təbii ki, dindarların arasında da dini qaynaqların düzgün anlaşılmaması səbəbi ilə aşırı fikirlər səslənə bilir. Buna görə də ölkədə səviyyəli və qaneedici bir dini tədris sisteminin əsası qoyulmalıdır. Bu sahədə Türkiyə ilə ciddi əməkdaşlıq bizim maraqlarımıza xidmət edər. Eyni zamanda, digər müsəlman ölkələri ilə ünsiyyət qurulmalıdır. Dindar həssas seqmentdir. Kitab oxumanın tənəzzül etdiyi bir dövrdə ən çox kitab oxuyan seqmentdir. Ola bilər onun mütaliə dairəsi daha çox dinidir. Amma fərq etməz, oxumaq insanı inkişaf etdirir. Ona görə də Azərbaycanda səviyyəli dini təhsilin formalaşdırılmasına çalışılmalıdır”.

Siyasi şərhçi əlavə edib ki, dindar və dövlət arasında münasibətlər qarşılıqlı müzakirə formatında olmalıdır: “Dindar da bu ölkənin vətəndaşıdır. Məsələn, düşünmək lazım deyil ki, hər dindar hansı isə bir ölkənin dini liderini örnək alır. Azərbaycanda bu gün Səlcuq Bayraktar kimi PUA-larının üzərinə "Sən atmadın, Allah atdı" ayətini yazan dindarı da nümunə götürən çoxdur. Azərbaycanın dövlət başçısı ilə Türkiyənin dövlət başçısının Şuşada birlikdə namaz qılmasından qəlbi fərəhlənən dindarlar da var. Eləcə də, digər misallar verməliyik. Dindarları təmsil edəcək insanları da şəffaf bir şəkildə, təbii ki, təhlükəsizlik meyarlarını nəzərə alaraq onlara buraxmaq lazımdır. Dövlət instansiyaları çox zaman bir sıra din xadimlərinin Azərbaycan dindarının qayğılarından tam məlumatlandırılmadığı problemini yaşayır. Mən burada birbaşa hüquq-mühafizə orqanlarını nəzərdə tutmuram, mən dindarlarla işləyən müvafiq strukturları nəzərdə tuturam. Bir də dindarla işləyən məmurların yüksək dövlət şüuru və mədəniyyətinə sahib olması lazımdır. Azərbaycan bayrağının rəng çalarlarını diqqətə almaq lazımdır. Əks halda, bu həssas mövzuda problem yaranır və bundan xarici güclər, dövlətlər öz maraqları üçün istifadə edirlər. Ona görə də xarici amilin dindarların fəaliyyətinə müdaxiləsinin qarşısının alınması üçün planlı işlər görülməlidir. Bunlar dini avtoritet kimi milli maraqlarımıza zidd fəaliyyət göstərməyən ölkələrin İslam alimləri tərəfindən bu dini məqamda qəbul edilə bilərlər. Bunun üçün həmin şəxslərin yüksək dini savada malik olması lazımdır. Həmçinin bizdə ilahiyyat sahəsində elmi-akademik səviyyənin gücləndirilməsi lazımdır. Xarici təsirin qarşısı ancaq elmi səviyyə, düzgün təbliğ metodikası ilə alına bilər.  Bütün resursları bu istiqamətdə cəmləmək lazımdır. Bunun üçün milli dövlət quruculuğunda da önə getmək, dərinləşmək lazımdır. Çünki bizi digər bir radikallıq da gözləyir və milli dövlətimizi təhdid edir. Bu da ifrat qlobalizmdir. İslam heç bir zaman türk-müsəlman xalqlarında dövlət şüurunu öldürməyib. Bunu tariximizə baxaraq görə bilərik. Bir daha tarixi mirasımıza sahib çıxmaq lazımdır. Səfəvilər, əfşarlar, qacarlar bizimdir. Onları bu gün kimsə özünə mal etmək istəyir. Buna görə nəsillərarası tarixi bağları qurmaq lazımdır".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Hazırladı: Afaq Mirayiq

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR