İnsanlara hürriyət, millətlərə istiqlal!

O “avtobus müxalifəti”, bu da “təyyarə dissidentləri”

2233 27.11.2023 10:00 Dünya A A

İndiyədək belə hal ya olmamışdı, ya da çox nadir olmuşdu ki, kimisə başqa dövlətlərə, fondlara işlədiyinə görə həbs etsinlər və adını birbaşa qoysunlar.

Məsələn, bir vaxtlar fəal gəncləri guya ki, kafedə dalaşdıqlarına görə tutmuşdular. Əslində hamı gənclərin həbsinin gerçək motivinin nə olduğunu bilirdi. Bir məşhur jurnalst də kimisə intihar həddinə çatdırdığına görə həbs edilməmişdi, əsl səbəb başqaydı.

Bu kimi faktları çox sadalamaq olar.

Ancaq son illərdə İrana casusluq edən, bu ölkənin təbliğatını aparan və Azərbaycanın dövlət quruluşunun dəyişdirilməsi barədə açıq çağırış edənlərdən başlanan prosesin günümüzdə Rusiyaya və Qərb dövlətlərinə işləyənlərlə davam etməsi göstərir ki, bu istiqamətdə yeridilən siyasət dəyişib.

İndi qanunları pozanların konkret əməli cinayət ittihamına çevrilir və adları casus himayədarı kimi çəkilən dövlətlərin buna necə reaksiya verəcəkləri narahatlıq doğurmur.

Rusiya və İrana işləyənlərdən fərqli olaraq ABŞ və Avropa ölkələrindən maliyyə alanlar, ölkəmizdə olub-keçən hər şeyi anındaca həmin dairələrə xəbər verənlər, naməlum fondlardan aldıqları tapşırıqlar əsasında Azərbaycan dövlətinə, onun ordusuna qarşı təbliğat aparanlar arxayın idilər ki, təhlükəli işlə məşğul deyillər, avtoritarizmə, korrupsiyaya qarşı mübarizə aparırlar, ölkədə demokratiya və insan haqlarının bərqərar olunmasına çalışırlar, bir sözlə, yaxşı iş görürlər.

Onlar bu məsələdə o qədər əmin və ötkəm idilər ki, öz dövlətindən maliyyə alan siyasi qurum və KİV orqanlarını pisikdirir, onları rişxənd və qara piar hədəfi edir, diligödək vəziyyətə salır, üstlərinə “avtobus müxalifəti”, “saray jurnalistləri” adı qoyur, onların Azərbaycan dövlətindən aldıqları mükafatları baş qaxıncına çevirirdilər.

Çox qəribəydi, müxtəlif dövlətlərin hökumət və fondlarından keys-keys, kisə-kisə avro və dollar alan, ayda bir neçə dəfə Avropa ölkələrinə səfər edən bu şəxslər iriməbləğli qrantlar hesabına sərnişin olduqları təyyarələrdən enir və Azərbaycan dövlətinin təşəbbüsü ilə avtobusla Şuşa və digər işğaldan azad olunmuş yerlərə aparılan ictimai-siyasi fəallara, jurnalistlərə lağ edirdilər.

Onlar elə bir şəbəkə yaratmışdılar ki, kimsə bu güruha qarşı bir söz deyəndə kütləvi hücuma məruz qalırdı. Adamı “demokratiya düşməni”, “diktatura yanlısı” elan edir, barəsində hər cür iyrənc təbliğat aparır, permanent şəkildə təhqirlərə məruz qoyurdular. Bu “psixoloji terror” mühitinin sayəsində “demokratiya çarçıları”na qarşı çıxanlar az idi. Hətta ayrı-ayrı nüfuzlu siyasi liderlər onların qarşısından qaçır, birinə qarşı nəsə bir tədbir görüləndə qorxularından tez-tələsik dəstək bəyanatı verirdilər. Bir qədər gecikmək “psixoloji terror”un hədəfinə gəlmək demək idi.

İndi vəziyyət daha bir dəfə radikal şəkildə dəyişirmiş kimi görünür. Bundan əvvəl ölkədə leqal şəkildə fəaliyyət göstərən, buradakı çoxsaylı QHT-ləri açıq-açıq maliyyələşdirən institut və fondların çoxu ölkədən qovulduqdan, xarici fondlardan gələn qrant və ianələr nəzarətə götürüldükdən sonra bu, artıq ikinci dalğadır. Artıq hökumət xarici fondların ölkəmizdəki rəğbət qruplarının qeyri-leqal şəkildə, əl altından maliyyələşdirilməsinin qarşısını almaq fikrindədir.

Bu, 2020-ci ildəki müzəffər hərbi kampaniyadan sonra aktuallaşdı. 2021 və 2022-ci illərdə, eləcə də bu il xarici fondlardan maliyyələşdirildikləri şübhə doğurmayan şəxslər israrlı və ardıcıl şəkildə Azərbaycanı militarist və aqressiv dövlət kimi təqdim edir, ordunu gözdən salan materiallar yayır, keçmiş döyüşçülərin təminatsız olduqları, buna görə də ard-arda intihar etdikləri barədə ictimai rəy formalaşdırır, erməniləri haqlı, Azərbaycan tərəfini haqsız göstərir, müxtəlif mətbu təxribatlara qol qoyurdular.

Bu məsələdə xaricdə yaşayan “qrantyeyənlər”lə ölkəmizdəki “fond əsgərləri”nin zərbəçi arqumentləri tam üst-üstə düşür, səsləşirdi.

Ancaq elə görünürdü ki, ortada demokratiya söhbəti olduğu üçün Azərbaycan iqtidarı bu duruma sona qədər dözəcək, bir növ buna məhkumdur. Belə olmadığı anlaşılır.

Artıq İran və Rusiyanın 5-ci kolonlarının üzvləri kimi, Qərbin formalaşdırdığı rəğbət qruplarında olanların da qanun qarşısında immuniteti yoxdur. Bununla belə, ölkənin gələcək inkişafının Avropaya xas dövlət idarəetməsi modeli ilə bağlı olduğunu düşünən geniş bir kontingent də var ki, onlar nə hansısa ölkədən qrant alırlar, nə də hansısa konkret dövləti öyürlər. Belə şəxslər demokratik dəyərlərə önəm verirlər və onları buna görə qınamaq düzgün deyil.

Bir məsələ də var: Avropa dövlətləri nədən qitənin ucqarında yerləşən bu kiçik dövləti “ifşa etmək”, onun daxilini qarışdırmaq üçün milyonlar xərcləyir? Bu, həmin dövlətlərin vergiödəyicilərinin maraqlarına çoxmu uyğundur?

Musavat.com analitik qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR