İnsanlara hürriyət, millətlərə istiqlal!

Növbədənkənar sessiyanın fövqəladə səbəbi yoxmuş

1613 22.05.2024 09:15 Siyasət A A

Deputat: “Hər il eyni qaydada bu sessiya keçirilir və bəzi qanun layihələri müzakirə edilir”

Milli Məclisin növbədənkənar sessiyası çağırılacaq. “Yeni Müsavat” bildirir ki, bununla bağlı mayın 21-də xəbər yayılıb. Məlumata görə, deputatlar arasında imza toplanılmasına başlanılıb. 

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, növbədənkənar sessiyasının çağırılması üçün müvafiq qaydada imzalar toplanmalıdır. Parlamentin sədri 42 deputatın tələbi əsasında parlamentin növbədənkənar sessiyasını çağırır. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlanır, mayın 31-dək davam edir. Lakin növbədənkənar sessiya çağırılacağı xəbəri parlamentin həmin iclasda özünü buraxacağı barədə dərhal təsəvvürlər və reaksiyalar doğurub. Analitiklər, ayrı-ayrı siyasətçilər hesab edirlər ki, növbədənkənar seçkilər təyin olunacağı üçün bu sessiyanın çağırılıb. Çünki deputatlığa seçkilərin noyabra qədər keçirilməsi qaçılmazdır. 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov ötən həftələrdə anons vermişdi ki, COP29 tədbirləri ilə əlaqədar Milli Məclisə seçkilər önə çəkilə bilər. Sadəcə, konkret tarixi açıqlamamışdı. Qanunvericiliyə əsasən, bu ilin noyabr ayında parlament seçkiləri olmalıdır. Mayın 2-də MSK sədri bildirib ki, artıq parlament seçkilərinə hazırlığa başlamalıyıq. Bundan iki həftə sonra növbədənkənar sessiyanın çağırılması seçkiyə hazırlıq prosesinin başlandığı ehtimallarını yaradır. Hərçənd bəzi müşahidəçilərin fikrincə, hər ilin bu vaxtlarında Milli Məclis analoji sessiya çağırır, yəni formal prosedurdur və bunun seçkilərlə əlaqələndirmək olmaz. Amma Milli Məclisə vaxtından tez seçkilərin olacağı da MSK sədri səviyyəsində təsdiqlənib. Yeri gəlmişkən, belə bir ərəfədə - mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olundu. Hakimiyyətlə siyasi təşkilatlar arasında baş tutan bu toplantı seçkiqabağı dialoq kimi qiymətləndirildi. Ona görə də həm iqtidarla partiyaların görüşü, həm növbədənkənar sessiya çağırılması, o cümlədən MSK sədrinin açıqlaması göstərir ki, ölkə parlament seçkilərinə gedir. 

Azərbaycan Avrasiya İqtisadi İttifaqına qoşulsa... - Qulamhüseyn Əlibəyli

Qulamhüseyn Əlibəyli

Sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, əvvəlcə növbədənkənar sessiyanın gündəliyi müəyyən olunmalıdır. Onun sözlərinə görə, parlament elan etməlidir ki, niyə növbədənkənar sessiya çağırılır: “Əslində yaz sessiyası mayın 31-də bitir. Ona görə hələ vaxt qurtarmayıb. Sadəcə, 1995-ci ildən bəri bir qayda olaraq 42 deputatın imzası toplanır ki, prezidentin göndərdiyi qanun layihələri müzakirə olunsun, təsdiq edilsin. Yəni bunu seçki ilə əlaqələndirmək olmaz, cari müddət davam edir. Çünki bir-iki il istisna, həmişə deputatlardan imza toplanır və növbədənkənar sessiya keçirilir və dediyim kimi, prezidentin qanun layihələri müzakirəyə çıxarılır”. 

Hüquqşünas qeyd etdi ki, prezidentin parlamenti buraxmaq səlahiyyəti var, amma mürəkkəb prosedurdur: “Onda gərək Milli Məclis fəaliyyət qabiliyyətini itirsin. O deməkdir ki, parlament qanunlar qəbul etməsin, deputatların böyük çoxluğu iclaslara gəlməsin, prezidentin təqdim etdiyi hansısa qanun layihəsinə ya səs verilməsin, yaxud müzakirə edilməsin. Bir sözlə, o halda gərək Milli Məclis funksionallığını itirsin. Digər variant deputatların yığışıb parlamenti buraxdığını elan etməsidir. Bu da olub və cəmiyyətdə müsbət qarşılanmayıb. Onu təkrar etmək düzgün olmazdı. Amma bütün hallarda növbədənkənar seçki mümkündür və bir variant fikirləşəcəklər, konstitusiyada nəzərdə tutulan hansısa maddəyə istinad edəcəklər. Elə bir az əvvəl dediyimiz kimi, deputatların əksəriyyətinin iclasda iştirak etməməsidir və bununla da parlament buraxılır. Məncə, bu məsələlərə iyunun sonunda baxıla bilər”. 

NƏSİROV Elman Xudam oğlu

 Elman Nəsirov

Deputat Elman Nəsirov isə Musavat.com-a deyib ki, hər il 42 deputatın imzası ilə növbədənkənar sessiya çağırılır və müəyyən qanun layihələri müzakirəyə çıxarılır, daha payız sessiyasına saxlanmır: “Yəni ilk dəfə növbədənkənar sessiya çağırılmır. Sadəcə, parlament seçkiləri olacağı xəbəri ortaya çıxıb və MSK sədri Məzahir Pənahov bu haqda açıqlamalar verib deyə mediada bu informasiya müzakirələrə səbəb olub. Bundan siyasi ajiotaj yaratmağa lüzum görmürəm. Bir daha qeyd edirəm ki, hər il eyni qaydada bu sessiya keçirilir və bəzi qanun layihələri müzakirə edilir”.

“Fikrimcə, bu, parlament seçkiləri ilə əlaqədar ola bilər”. Bu sözləri isə Axar.az-a deputat Vahid Əhmədov Milli Məclisin növbədənkənar sessiyasının çağırılması haqda danışarkən deyib. Millət vəkili müzakirə edilə biləcək digər məsələlərdən də bəhs edib: “Müəyyən məsələlərin və müvafiq qanun layihələrinin müzakirəsinə, qəbuluna ehtiyac var. Daxil olan əlavə vəsaitlə bağlı dövlət büdcəsinə müəyyən düzəlişlərin edilməsi mümkündür”.

Barassociation.az - Search results

Polad Mehdiyev

Hüquqşünas Polad Mehdiyevin sözlərinə görə, növbədənkənar sessiyaların çağırılması iki qaydada aparılır: “Növbədənkənar sessiyaların çağırılmasını ya Azərbaycan Prezidenti tələb etməlidir, ya da Milli Məclisin sədri ən azı 42 deputatın tələbi əsasında çağırmalıdır. Tələb kim tərəfindən qoyulubsa, növbədənkənar sessiyanın gündəliyini də o müəyyən edir. Gündəlikdə olan məsələlərə baxıldıqdan sonra sessiyanın işi bitir”. P.Mehdiyevin fikrincə, növbədənkənar sessiya həm açıq, həm qapalı keçirilə bilər: “İclasın qapalı keçirilməsi üçün ya prezident təklif irəli sürməlidir, ya da ən azı 83 deputat bunu tələb etməlidir”.

Xatırladaq ki, 2020-ci ilin fevralında keçirilən növbədənkənar parlament seçkiləri zamanı 4 dairənin - 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 74 saylı Lənkəran kənd və 80 saylı İmişli-Beyləqan seçki dairələri üzrə nəticələr ləğv edilib. 116 saylı Qəbələ seçki dairəsindən deputat Fəttah Heydərov, 10 saylı Binəqədi seçki dairəsindən deputatı Madər Musayev, 105 saylı Tovuz seçki dairəsindən deputat Qənirə Paşayeva vəfat edib. 55 saylı Xaçmaz şəhər seçki dairəsinin deputatı Eldəniz Səlimov həbs olunub. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə keçmiş deputat 3 il 6 ay müddətinə azadlıq məhrum edilib. 50 saylı Abşeron-Qobustan seçki dairəsindən deputat Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilib. Ramin Məmmədov isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir. Beləliklə, parlamentdə boşalan deputat yerlərinin sayı 10-a çatıb.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR