İnsanlara hürriyət, millətlərə istiqlal!

Nifrət dolu iki VİDEO – "Paşinyan"ı döyən davulçu, türk bayrağını döyən körpə dığa

4314 17.04.2023 08:31 Yazarlar A A

Bu yazını başqa istiqamətdən başlayacaqdım və ilk abzasları fərqli olacaqdı. Fəqət sosial şəbəkədə qarşıma elə bir video çıxdı ki...

Adi toy videosu idi. İnsanlar yallı gedir, jiletli musiqiçi boynundan qayışla asdığı davulu toxmağı ilə vura-vura oynayanları müşayiət edir.

Uzaqdan normal görünə bilər. Ancaq operator davulu iri planda çəkib göstərəndə gözümüzə bu mənzərə sataşır: davulun ortasına Ermənistanın baş naziri Nikol Paşinyanın şəkli həkk edilib, zərb alətinin kənarlarına isə möhür yazısı kimi “Qarabağ Azərbaycandır!” yazılıb.

Davul çalanın hər toxmaq zərbəsi “Paşinyan”ın (yəni şəklinin) başına, üzünə dəyir.

Ən ümdəsi, oynayan insanlar davulçunun bu “kreativ tapıntı”sına (düşmənin rəhbərini döyə-döyə oynamaq) etina etmir, əvəzində bu görüntüləri əks etdirən videonu payalaşan şəxsin statusuna yazılan şərhlərin bir xeylisi belədir: “Səylikdir”; “Düşüklükdür”; “Səydərəşlik”; “Tragokomediya”; “Başıxarablıq” və s.

Bax, ermənilərlə bizim fərqimiz budur. Onlar bundan da artıq düşük qisasçılıq, qara piar səciyyəli aktlar edərlər, amma heç də özləri onu ələ salmaz, mənfi qiymətləndirməzlər.

Biz xeyli fərqliyik, anlayırıq ki, belə şeylər özünü aldatmaqdır, zəiflik əlamətidir. Düşmən ölkənin bayraqını, rəhbərinin müqəvvasını yandırmaq, gerbini boyamaq, himni çalınanda fitə basmaq və ya dal çevirmək – bunlar simvolik “qisas”lardır.

Bundan bir gündə yüzünü təşkil etsən də, güclü düşmənin qılına zərər gəlməz, əksinə, onu daha da gücləndirərsən, qələbəsinin əhəmiyyətini, təntənəsini artırarsan.

İndi ermənilər bu yolu tutub. Başqa şeylərə gücləri çatmır. Amma onlar heç də bununla kifayətlənmək istəmirlər, real qisas aktları üzərində də düşünür, revanş arzusuyla alışıb-yanırlar və bu hərəkətləri ilə bizi də ayıq-sayıq olmağa vadar edirlər.

Onlar bizə çox şiddətli şəkildə nifrət edirlər. Hamısı. Uşaqdan böyüyə qədər. Ziyalısı da nifrət edir, kəndlisi də, pis adamları da, yaxşı adamları da.

İndi bu “yaxşı adamları” sözünə “ilişən” həmvətənlərimiz olacaq, deyəcəklər ki, ermənilərin yaxşısı yoxdur. “Onların yaxşısının da, pisinin də...” ilə cümlə başlayanlar olacaq.

Bunlar hamısı nifrətdən irəli gəlir. Obyektiv dəyərləndirmə budur: biz də ermənilərə edirik - ən azı onların bizə etdiyi qədər. İndilikdə belədir. Yeganə fərq odur ki, bizim nifrətimiz vaxt keçdikcə azalmağa meyllidirsə, onların bizə nifrəti hər keçən gün bir az da artır.

Bu isə “birləşmiş qablar” qaydasında olduğu kimi nəticə verir. Ermənilər öz hərəkət və davranışları ilə, törətdikləri təxribatlarla bizim qabdakı azalan nifrətimizi doldururlar, azalmağa qoymurlar.

Bir həftənin içində baş verən hadisələr - az qüvvə ilə danışıqlara gedən hərbçilərimizin güllələnməsi, əsir əsgərlərimizin amansızcasına döyülməsi, dövlət bayrağımızın yandırılması bizim onlara nifrətimizin kasasını daşırdan hərəkətlər oldu.

Belə nifrət müharibə aparan xalqların (ölkə və dövlət də demək olar) bir-birinə münasibətini bəlirləyən əsas instinktdir. Burada ikrahla yanaşı, patoloji qorxu da var. Bu, aqressiv nifrətdir, özüylə qan daşıyır.

Əslində dünyada bir-birinə nifrət bəsləyən xalqlar çoxdur. 100-200 il əvvəl müharibə aparmış, bir-birini ağır tələfatlara uğratmış xalqlar sonradan barışsalar da, bir-birinə nifrətləri tam yoxa çıxmayıb, sadəcə, üstünü qor basıb. İndi onlar daxillərində bir-birini bəyənmir, hətta bir-birinə ikrahla yanaşan fərdləri də çoxdur, amma daha savaşmırlar, bir-birini yola verirlər.

Misal kimi, ingilisləri, fransızları, almanları, italyanları, hollandları, polyakları, çexləri, macarları və bir-birilə savaşmış başqa Avropa xalqlarını göstərmək olar. Bir zamanlar onlar da “dünyanın ən murdar qonşusu bizim qismətimizə düşüb” deyirdilər. İndi elə demirlər. Qarışıq ailələr o qədər çoxdur ki, hesaba gəlməz.

Hazırda biz də “dünyanın ən pis qonşusu bizim bəxtimizə düşüb” deyirik və bu çox yayğın ifadədir. Eyni qənaət ermənilərdə də var. Onlar da hesab edirlər ki, biz pis qonşuyuq və onlara yaşamağa imkan vermirik.

Kənar müşahidəçilər kimin haqlı, kimin haqsız olduğuna dair araşdırma aparsalar, tarixdə azıb qalarlar. Fəqət 35 il öncə kimin düzəni pozduğuna, cığallıq etdiyinə, xalqlararası nifrəti alovlandırdığına baxsaq, alnımız açıq, üzümüz ağdır. Biz ermənilərə qarşı heç vaxt aqressiv münasibətdə olmamışdıq.

O vaxtlar ilk qurbanlar, ilk qaçqınlar, ilk təhqür olunanlar bizdən olmuşdu. Biz müdafiə olunan rolundaydıq. Məhz ermənilər xalqımızın, ölkəmizin qəsdinə durdular və ox yaydan çıxdı. Sonrakı hadisələr artıq aqressiv nifrətin nəzarətdən çıxmasıyla, ortaya daha böyük qanların düşməsiylə müşayiət olundu və müharibə başladı.

Müharibə davam edir. Bizim ermənilərə, ermənilərin də bizə etimadı sıfırdır. Arada etibar-filan qalmayıb. Beynəlxalq arbitrlər bu münaqişəni heç vaxt ədalət çərçivəsində, haqlının haqqını tanımaqla, haqsızı yerində oturtmaqla çözmədikləri üçün vəziyyət bu yerə gəlib çıxıb.

İndiyəcən özlərini həm haqlı, həm güclü sayan ermənilər indi ayılıblar ki, güclü deyillər. Kimsə vaxtında onlara haqlı olmadıqlarını da başa salsaydı, özlərinə yığışardılar. Bunu da etmirlər, əksinə, kart-blanş, “tırka”, fitva (fətva da demək olar) verirlər. Ona görə də münaqişə uzanır , arzulanan sülh bərqərar olunmur.

Bəs çıxış yolu nədir? Çıxış yolu bu iki xalqın bir müddət (20-30 il) bir-birinin üzünü görmədən yaşamasıdır. Ortada 5 metrlik hasar olmalıdır, tərəflər hasarların arxasında öz dinc həyatlarını yaşamalıdır. Bəlkə o zamana qarşı aradakı qarşılıqlı nifrət öləziyə, zəifləyə. Hələ o da ermənilərin türkofob siyasətdən əl çəkməsi halında ola bilər.

P.S. Budur, yazını redaktə edərkən sosial şəbəkədə qarşıma daha bir video çıxır: erməni ana 4-5 yaşlı, qəşəng bir uşağın əlinə Türkiyənin bayrağı əks olunmuş kart verib və uşaq ermənicə söyə-söyə, “turk-turk” deyə-deyə kartı yumruqlayır. Ta heç nə. Bəlkə də 20-30 il az olacaq.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR