İnsanlara hürriyət, millətlərə istiqlal!

Netanyahu Trampın planını rədd etdi: “İsrail ordusu Livandan çıxmayacaq”

677 19.06.2026 10:21 Dünya A A

İsrailin Baş naziri Benyamin Netanyahu Livanın cənubundakı İsrail hərbi mövcudluğunun davam etdiriləcəyini bəyan edib. O bildirib ki, ABŞ və İran arasında əldə olunan son razılaşmalara, eləcə də beynəlxalq təzyiqlərə baxmayaraq, İsrail ordusu təhlükəsizlik maraqları təmin olunana qədər Livandan geri çəkilməyəcək.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Netanyahu bu barədə yeni avtomobil yolunun açılış mərasimində çıxışı zamanı danışıb.

Baş nazir bildirib ki, İsrail Livanın cənubunda yaratdığı təhlükəsizlik zonasını qorumaqda qərarlıdır və Hizbullahın yaratdığı təhlükə tam aradan qalxmayınca ordunun bölgədən çıxarılması gündəmdə deyil.

“İsrailin təhlükəsizlik ehtiyacları tələb etdiyi müddətdə biz orada qalacağıq”, - Netanyahu vurğulayıb.

Son günlər ABŞ və İran arasında əldə olunan memorandumdan sonra Vaşinqton bölgədə bütün cəbhələrdə atəşkəs və gərginliyin azaldılmasını gözlədiyini açıqlayıb. ABŞ Prezidenti Donald Trump xüsusilə Livan istiqamətində də sabitliyin təmin olunmasının vacibliyini qeyd edib.

Lakin İsrail hökumətinin mövqeyi göstərir ki, Təl-Əviv Vaşinqtonun Livanla bağlı gözləntilərini bölüşmür. Reuters agentliyinin məlumatına görə, İsrail hətta Livanın cənubunda nəzarət etdiyi əraziləri göstərən yeni xəritə də yayıb. Həmin xəritə İsrail ordusunun əvvəlki mövqelərlə müqayisədə daha geniş ərazilərdə fəaliyyət göstərdiyini ortaya qoyur.

Məlumata görə, ABŞ administrasiyası İsrailin Livandakı hərbi mövcudluğunun məhdudlaşdırılması ilə bağlı müzakirələr aparsa da, Netanyahu hökuməti Hizbullah təhlükəsini əsas gətirərək geri çəkilməyə razılaşmır. İsrail tərəfi yalnız Livan hökumətinin və beynəlxalq vasitəçilərin Hizbullahın silahsızlaşdırılması istiqamətində real addımlar atacağı halda bu məsələyə yenidən baxa biləcəyini bildirir.

Xatırladaq ki, İsrail ordusu mart ayından etibarən Livanın cənubunda genişmiqyaslı əməliyyatlar aparır və burada “təhlükəsizlik zonası” yaratdığını elan edib. İsrail müdafiə rəhbərliyi dəfələrlə bəyan edib ki, Hizbullahın hərbi infrastrukturu məhv edilməyincə bu zonadan imtina edilməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR