İnsanlara hürriyət, millətlərə istiqlal!

Nərimanovla Nəsib bəy Yusifbəyli arasında gizli düşmənçiliyin səbəbi, duel... - İlginc DETALLAR

2399 04.04.2023 17:04 Yaxın tarix A A

“Nərimanovçuluq çox təhlükəlidir, o ideyanı yaşatmaq qorxuludur”

Bir neçə gündür ki, ictimai-siyasi xadim, yazıçı Nəriman Nərimanovun heykəlinin sökülməsi ilə bağlı müzakirələr bitmir. Belə ki, cəmiyyətdə Nərimanova münasibət heç də birmənalı deyil. Siyasətçidən əlavə, bir maarifpərvər və dramaturq-yazıçı kimi Azərbaycan tarixində iz qoymuş Nəriman Nərimanov həmçinin kommunist və Azərbaycan Xalq Cümhuriyyətinin dağılmasında rol oynamış biri kimi də tanınır. Odur ki, istər mediada, istərsə də sosial şəbəkələrdə onunla bağlı müxtəlif fikirlər səsləndirilir. Bir qisim insan Nərimanovu Azərbaycan üçün vacib rola malik, əhəmiyyətli işlər görmüş şəxs olaraq gördüyü halda, digərləri onu satqın adlandırır.

Siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev mövzu ilə bağlı Musavat.com-a fikirlərini bölüşüb.

zaur_eliyev.jpg (29 KB)

Dosent qeyd edib ki, tarix həqiqətləri sevir və o, Nəriman Nərimanovu tarixi şəxsiyyət kimi qəbul edir:

“Onun gördüyü müəyyən işlər var, çox heyf ki, hələ də arxiv sənədlərində yatır və üzə çıxmır. Nərimanov şəxs olaraq səhvini az da olsa başa düşüb və bu mənada azərbaycanlılar üçün gördüyü işə görə onu tənqid edənlərə qarşı qoruyuram. Təkcə Üzeyir bəy Hacıbəylini, Hacı Zeynalabdin Tağıyevi, Əlimərdan bəy Topçubaşovu, Səməd bəy Mehmandarovu, Əliağa Şıxlinskini həbs və ölüm əlindən, ən əsası Rəsulzadəni Əliheydər Qarayevin ölüm fərmanından xilas etməsi ona münasibətimin normal olmasının səbəbidir. Amma Nərimanovun xidmət etdiyi ideologiya, bolşevizmə sadiq olması, Cümhuriyyət ordusunun onlarla zabit və əsgər heyətini, ictimai xadimləri ölüm ayağına verməsi məsələsi də bir tərəfdən onu xain kimi qəbul etməyimə səbəb yaradır. Mən elm adamıyam, bəzən hisslərimlə davranıram, amma bunun qarşısını almağa çalışıram. Çünki elm neytrallıq tələb edir və mən tarixi faktları olduğu kimi yazmalıyam. Bu faktlardan sonra şəxsləri və prosesləri qəbul edib-etməmək oxucunun öz işidir. Digər yazılarımda da yazdığım kimi, Nərimanovçuluq çox təhlükəlidir, o ideyanı yaşatmaq qorxuludur. Amma Naxçıvan, Qarabağ və Zaqatala-Balakən məsələsində o dövrdə, işğalın başlanğıc dövründə nələrsə edə bilibsə, Nərimanova buna görə sağ ol düşür. Bu da onu tarixi şəxsiyyət edir, amma qəhrəman yox. Nərimanov nə qəhrəman olub, nə də xilaskar. Onun adını qorumaq lazımdır. Amma tarix kitablarında, muzeylərdə. Şəxsən mənə görə Nərimanovun elə əzəmətli heykəlinin yerində Rəsulzadə, Nəsib bəy, Həzi Aslanov, Nadir Şah, Şah İsmayıl Xətai, Cavad xan, Babək, Polad Həşimov, Allahverdi Bağırov, Albert Aqarunov kimi şəxslərin heykəlləri ola bilərdi. Nərimanovu isə büst formasında saxlamaq lazımdır”.

Zaur Əliyev əlavə edib ki, tarixi yazan zaman ədalətli olmaq lazımdır:

“Doğru faktları yazmaq lazımdır. Misal üçün, bəzən elə faktları Nərimanovun ayağına yazırlar ki, əslində o hadisə tamam başqa cür olub. Nəsib bəy-Nərimanov münasibətləri barədə mənim üçün Nəsib bəy Yusifbəyli çox ağır gəlir. Hətta mənim üçün Rəsulzadə və digərlərindən də daha ağır gəlir. Mənə görə, XX əsrdə Azərbaycan siyasi həyatında Nəsib bəy kimi ikinci adam hələ dünyaya gəlməyib. Nəsib bəylə Nərimanov arasında münasibətlərin kəskin olmasının səbəbi pedaqoq və siyasətçi İsmayıl Qaspıralının qızı Şəfiqə xanım üstündə olub. Nəsib bəyin sevgisinə qarşılıq verən Şəfiqə xanıma o dövrdə Nərimanov elçi düşür. Bundan sonra Nəriman Nərimanov Nəsib bəy Yusifbəylini sevdiyi xanıma görə duelə çağırır. Duel baş tutur. Nərimanovun atdığı güllə Nəsib bəyə dəymir. Nəsib bəy Yusifbəyli sıra ona çatanda, silahını ataraq deyir: “Mən əlimi azərbaycanlı qanına batırmaram!” Dueldən xəbər tutan Şəfiqə xanım Nəsib bəyi seçir. 1906-cı ildə Yusifbəyli və Şəfiqə xanım ailə qururlar və bu evlilikdən onların iki övladı olur. Nərimanov bu hadisədən sonra Nəsib bəyə və Şəfiqə xanıma qarşı kin bəsləyir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu, Nəsib bəyin qətl edilməsi yenidən Şəfiqə xanımı Azərbaycandan didərgin salır. Bolşeviklər onu övladları ilə birlikdə yaşadığı mənzildən çıxararaq küçəyə atır. Bəzi tarixçilər yazır ki, guya Nəriman Nərimanov ona kömək edib Türkiyəyə köçməsinə yardım edir və ona aylıq pul göndərir. Bu, yalandır! Şəfiqə xanımın evdən atılması əmrini elə Nərimanov özü təşkil edir. Ona “yox” deyən qadını bağışlamaq istəmir. Şəfiqə xanımı bu çətin günlərdən, bəlkə də gələcəkdə repressiyalardan Bakıdakı TBMM təmsilçisi Memduh Şevket Esendal xilas edib. Məhz onun səyi nəticəsində Şəfiqə xanım və ailəsi Türkiyəyə aparılır. Türkiyədə olarkən digər Qaspıralı övladları kimi səfalət içində yaşasa da, uşaq evlərində, Hilali-Əhmərdə (Qızıl Ay), tərcüməçilik sahəsində çalışaraq həyatla mübarizə aparır.

Şəfiqə xanım 1930-cu ildə Türkiyədə Krım Qadınlar Cəmiyyətini təsis edir. Övladlarına ali təhsil verir. İllər boyu topladığı zəngin arxivini tədqiqatçı Nəcib Həbləmitoğluna bağışlayır. Sonuncu isə “Şəfiqə Qaspıralı və Rusiyada türk qadın hərəkatı (1893-1920)” adlı Azərbaycan tarixi üçün də mühüm olan bir kitab dərc etdirir. 1975-ci ilin avqustunda Şəfiqə xanım Türkiyədə gözlərini əbədi yumur”.

Afaq MİRAYİQ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR