İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft-qaz kəmərlərimiz təhlükədə? - ABŞ-ın sabiq kəşfiyyat şefi nəyə işarə vurur...

2389 05.03.2024 11:20 Gündəm A A

Pentaqonun və MKİ-nın keçmiş rəhbərinin proqnozuna görə, Putin Ukraynada uğur qazansa, növbəti hədəf Gürcüstandır; “Rusiyanın hücumdan əvvəl hazırladığı doktrina çox təhlükəli idi” - professor

“Şəkk-şübhə yox ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada uğur qazansa, növbəti hədəf Gürcüstan olacaq”. “Yeni Müsavat”ın məlumatına görə, bunu ABŞ-ın keçmiş müdafiə naziri (Pentaqon rəhbəri) və Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) sabiq direktoru Leon Panetta “Amerikanın Səsi”nə müsahibəsində deyib. 

Onun sözlərinə görə, əgər Putin Ukraynada dayandırılmasa, o, təkcə Gürcüstana deyil, Rusiya ilə həmsərhəd olan NATO üzvü digər ölkələrə qarşı da təcavüzünü davam etdirəcək. “Ona görə də Birləşmiş Ştatların Gürcüstanın təhlükəsizliyini təmin etmək üçün onunla işləməyə çalışması tamamilə vacibdir”, - Panetta bildirib və əlavə edib ki, Putinin əsas hədəfi ABŞ-da və digər ölkələrdə demokratiyanı sarsıtmaqdır: “Bu, onun əsas məqsədidir və aydındır ki, milli təhlükəsizliyimizi qorumaq üçün biz Putinin öz niyyətlərini həyata keçirməyə müvəffəq olmamasını təmin etməliyik”. Bu qəbil xəbərdarlıqlar əvvəllər də səslənib. Konkret qonşu Gürcüstana gəlincə, məlumdur ki, o, həm də Avropanın energetika bazarlarına çıxış üçün Azərbaycandan ötrü tranzit ölkə rolunda çıxış edir. Beynəlxalq əhəmiyyətli neft-qaz kəmərlərimiz oradan keçir. Gürcüstanın özü də tranzitdən yaxşı qazanır və büdcəsini zənginləşdirir. Ukraynadan sonra Gürcüstan eyni təhlükə ilə üzləşsə, neft-qaz artilleriyalarımız təhlükə altına düşə bilərmi? 

“İmperialistliyi heç vaxt dayandırmayacaq bir imperiyanın yanında yaşamağın nə demək olduğunu bilirik”. Gürcüstan prezidenti Salome Zurabişvili Tiflisə Rusiya tərəfindən təzyiq hiss edilib-edilməməsi və Moskva ilə müharibə vəziyyətində olan Ukraynaya hansı məsləhəti verəcəyi sualını cavablandırarkən deyib. “Ukraynalılara hər hansı bir məsləhət verəcəyimizdən əmin deyiləm, çünki bizim demək olar ki, paralel tarixlərimiz olub: 19-cu əsrin imperialist Rusiyası, 20-ci əsrin Sovet Rusiyası, işğallar olub, bütün bunları birlikdə keçirmişik. Deməli, eyni yoldayıq, bilirik ki, yeganə perspektivimiz AB-yə yaxınlaşmaqdır. Moldova ilə birlikdə üçlük idik və Ukraynadakı müharibə əslində bu yolu sürətləndirdi və ölkələrimizi namizəd statusuna gətirdi”, - o bildirib. Rusiyanın Gürcüstana təsirindən danışan Zurabişvili qeyd edib ki, ölkədə parlament seçkisi ərəfəsində Moskvanın səsvermə prosesinə müdaxiləsi və hibrid müharibəyə başlayacağı ilə bağlı qorxular var. “Rusiya lideri Vladimir Putinin ambisiyaları nəhəngdir. Təkcə Baltikyanı ölkələri deyil, Gürcüstanı, Moldovanı da əhatə edir”. NATO-nun Avropadakı qoşunlarının keçmiş baş komandanı Uesli Klark deyib. O bildirib ki, Moskva çoxdan digər ölkələrin ərazilərinə iştahını nümayiş etdirir: “Moldova, yaxud Baltikyanı ölkələr - Estoniya, Latviya, Litva. Ya da Polşa, Gürcüstan... Moskva rusların əcnəbi torpaqları zəbt etmək üçün köhnə, bir neçə əsrlik iştahını nümayiş etdirir”, - Klark bildirib.

Prezidentdən Qabil Hüseynli ilə bağlı sərəncam – Yeni Çağ Media

Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, Rusiyanın Ukraynaya hücumdan əvvəl hazırladığı doktrina çox təhlükəli idi. Onun fikrincə, bu doktrinaya əsasən, Rusiya Ukraynada istəklərinə çatdıqdan sonra postsovet respublikalarını bir çətir altında birləşdirməlidir. “Putin boş yerə söyləmirdi ki, SSRİ-nin dağılması tarixin ən faciəvi geopolitik hadisəsidir. Bununla işarə edirdi ki, həmin faciəni düzəltmək lazımdır. Kreml lideri bununla eyham vurmağa çalışırdı ki, keçmiş Sovet İttifaqı coğrafiyasını yenidən fəth etmək istəyir. Ona görə Ukraynadan başladı, sonrakı hədəf isə Moldovadır. Rusiya bu minvalla Kalininqrada yol açmaq istəyir”, - deyə Q.Hüseynli Pentaqon və NATO-nun keçmiş yüksək rütbəli zabitlərinin proqnozlarına belə qiymət verir. Q.Hüseyli hesab edir ki, həmçinin Rusiyanın Qazaxıstanı götürmək planı var, nəticə etibarı ilə Orta Asiyanı nəzarətə almış olur, bununla da keçmiş sovet məkanı bərpa edilir: “Beləliklə, Putin köhnə SSRİ-ni yeni modeldə bərpa etməklə gələcək planlarına Avropanın bəzi dövlətlərini, vaxtilə Varşava blokuna daxil olmuş Polşa, Çexiya, Slovakiya, Bolqarıstan, dağılmış Yuqoslaviyadan sonra yaranmış ölkələr, Balkan yarımadası dövlətlərini də əlavə edib. Təbii ki, bu doktrinada Cənubi Qafqaz xüsusi yer tutur. Rusiya hər üç ölkəni istila etmək, öz orbitində saxlamaq, Azərbaycanın neft-qaz kəmərlərinə nəzarət arzusundadır. Lakin bu doktrina Ukraynada mifə çevrildi və indiyə qədər davam edən döyüşlərdən görünür ki, Kreml hədəflərinə çata bilmədi, Rusiya və Belarusun olduğu İttifaq dövlətinə postsovet ölkələrini də daxil etməyi bacarmadı. Əslində Kiyevdə desantların əməliyyatının uğursuz olması bu ssenarini pozdu”. Politoloqun sözlərinə görə, Rusiya bir neçə günün içində Zelenskini çevrilişlə devirmək və yerinə Yanukoviç kimi birini qoymaqla Ukraynanı ittifaq dövlətinə üzv edəcək, nəticədə keçmiş sovet ölkələri də dolayısı ilə bu prosesə qoşulacaqdı: “Amma göründüyü kimi, hadisələr tərsinə inkişaf etdi. Bununla yanaşı, Rusiya Gürcüstan və Moldovadan əlini çəkməyib. Çünki hər iki ölkənin işğal edilmiş ərazilərində separatizmi dəstəkləyir. Onun məqsədi Ukraynada Donbas, Gürcüstanda Abxaziya və Cənubi Osetiya, Moldovada Dnestryanı əraziləri ilhaq etməkdir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR