İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft bazarında “su qiyməti” davam edəcək

1054 31.03.2020 19:37 İqtisadiyyat A A

Ekspert: ”Qiymətlərin sabitləşəcəyini gözləmək absurddur”

Dünya neft bazarındakı kəskin təlatümlər davam edir. Dünənki hərraclarda 18 illik minimumu yaşayan neft qiymətləri bu gün ərzində neftin ən böyük istehlakçılarından olan Çindən gələn makroiqtisadi məlumatlar fonunda artıma doğru gedib.

Belə ki, Londonun ICE birjasında Brent markalı neftin iyun ayı üzrə fyuçers qiyməti 3,07 faiz artaraq 27,23 dollar, may fyuçersləri isə 2,59 faiz artaraq 23,35 dollar olub. May ayında çatdırılmaqla WTI markalı neftin qiyməti 6,17 faiz artaraq 21,33 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, Çinin sənaye sektorunda işgüzar aktivlik indeksi (PMI) əvvəlki aya nisbətən (fevraldakı 35,7 bənd rekord dərəcədə aşağı göstərici olub) martda 45 bənd kimi göstərilən proqnozu üstələyərək 52 bəndə çatıb.

Bloomberg agentliyi isə neft bazarına dair bədbin proqnozlarla çıxış edib. Agentliyin IHS Markit məsləhətçi şirkətinə istinadən yazdığına görə, anbarların dolması və tələbin azalması fonunda aprel-iyun aylarında gündəlik neft hasilatı 10 milyon barel azala bilər. Brentin qiyməti isə apreldə 10 dollara qədər ucuzlaşa və bir sıra istehsalçılar mənfi qiymətlərlə üzləşə bilərlər. Onlar hasilatı dayandırmamaq üçün alıcılara özləri pul ödəməli olacaqlar. 

Beynəlxalq Enerji Agentliyinin (İEA) məlumatına görə hazırda dünya boyu neft hasilatı 100 milyon barelə yaxındır.

Proqnoza görə, 2020-ci ilin ikinci rübündə neft hasilatı ötən ilin müvafiq dövrünə nisbətən 16,4 milyon barel azalacaq. 

Göründüyü kimi, Azərbaycanın dövlət gəlirlərinin əsas hissəsini təmin edən neftin dünya bazarında vəziyyət heç də ürəkaçan deyil. Düzdür, bazarın iki böyük təminatçısı – ABŞ və Rusiya vəziyyətlə bağlı müzakirələrə başlayıblar. Lakin bu müzakirələrin necə nəticələnəcəyi bilinmir. Üstəlik, hansısa qərarlarla bazarda qiymətləri tənzimləməyin mümkünlüyü də indiki qlobal böhran şəraitində real görünmür. 

İqtisadçı-ekspert Pərviz Heydərovun musavat.com-a dediyinə görə, dünya neft bazarında vəziyyət yaxın və hətta orta perespektiv üçün də yaxşı nəyəsə ümid etməyə əsas vermir: “Belə ki, təklifin getdikcə aşağı düşməsi fonunda hasilatın durmadan artırılması uğrunda yarış daha da qızışır. Dünya neft bazarı tarixində hələ belə hal müşahidə olunmayıb. Dəfələrlə qeyd etdiyim kimi, neftin qiymətini sabit saxlayan OPEC+ ölkələrinin 2016-cı ilin ikinci yarısından etibarən, hasilatı məhdud səviyyədə saxlamaq barədə yekdil qərarın qüvvədə qalması idi. Əks halda, onsuz da tələb geniş deyildi. Odur ki, OPEC+ ölkələri sözügedən qərarlarını, yəni məlum yekdilliklərini hələ keçən ilin əvvəlində pozmuş olsaydılar, qiymətlər azı 40-45 dollaradək düşəcəkdi. Məsələ bundadır ki, indi koronavirusla bağlı qlobal iqtisadi fəallığın sıfıra düşməsi də buna əlavə olunmuşdur ki, faktiki olaraq bu gün qara qızıla ortada heç bir tələb mövcud deyil. Başqa sözlə, dünyada ilk dəfə olaraq elə bir vəziyyət yaranıb ki, neft deyilən məhsul və ya xammal heç kimə lazım deyil. Paradoksal və olduqca ziddiyyətli məqam isə ondan ibarətdir ki, hələ bununla belə iri hasilatçı ölkələr biri-birinin acığına hasilatı maksimum səviyyədə artırmaq üçün çaba xərcləyirlər. Bu mənada, aprel ayı lap pis olacaq. Qiymətlər ola bilsin ki, 20 dollardan da aşağı düşsün. Məsələn, artıq Norveç dünya bazarlarında qiymətin 20 ABŞ dolları səviyyəsində olmasına rəğmən, hasilatı daha da artırmaq imkanları olduğunu və bundan da istifadə edəcəyini bildirib. Digər tərəfdən, Səudiyyə Ərəbistanı may ayında hasilatı bir az da artıracağını bəyan edib. Gündə 600 min barel... Bu o deməkdir ki, adı çəkilən ölkənin gündəlik eksport həcmi 10,6 milyon barel təşkil edəcək. Halbuki gündəlik sutkalıq tələbat isə sürətlə aşağı düşür”. 

Ekspertin fikrincə, hazırda vəziyyət elədir ki, hətta OPEC+ ölkələri möcüzə nəticəsində bir araya gəlib hansısa razılığa gəlsələr də belə, qiymətlər bahalaşan deyil: “Xatırladım ki, OPEC-in qiymətləndirməsinə görə, 2019-cu il ərzində dünyada neftə gündəlik tələbat 99,67 milyon barel təşkil edirdi. İndi təsəvvür edin ki, təkcə apreldə gündəlik tələb 20 milyon barel həcmində azala-azala gedəcək. Çünki avtomobillərdən istifadə azalıb, təyyarələr uçmur, zavodlar işləmir, adamlar işə getmir - bu, 2008-ci ildəki qlobal maliyyə və iqtisadi böhrandan 6 dəfə pis vəziyyətdir... Odur ki, təkrar edirəm, qiymətlərin sabitləşəcəyini gözləmək absurddur”.

DÜNYA,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR