İnsanlara hürriyət, millətlərə istiqlal!

Nəcməddin Sadıkov təkcə armudu stəkanla çaxıra 29 min xərcləyib

1778 15.07.2024 11:59 Gündəm A A

Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə Müdafiə Nazirliyi Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Musavat.com xəbər verir ki, Nizami Məmmədovla birgə müttəhimlər kürsüsünə Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadə çıxarılıblar.

Hazırda prosesdə şahidlərin dindirilməsi mərhələsi davam edir.

Prosesdə Cəlal Kazımovun vəkili Əli Adıgözəlov vəsatətlə çıxış edib. O bildirib ki, cinayət işində çoxsaylı şəxslərin ad və soyadları mövcuddur. Həmin şəxslərin kart hesablarına pullar köçürülüb və mənimsənilib.

Vəkil qeyd edib ki, həmin şəxslərin cinayət işində izahatları var və onlar “ölü canlar” deyillər. Vəkilin sözlərinə görə, kartlara köçürülmə yolu ilə 1 milyon manata yaxın pulun mənimsənilməsindən söhbət gedir. Vəkil həmin şəxslərin məhkəməyə çağırılması və dindirilməsinin təmin olunmasını istəyib. Məhkəmə vəsatəti təmin etməyib. Məhkəmə belə qərara gəlib ki, qeyd edilən şəxslərin cinayət işində izahatları var, sənədlərin tədqiqi mərhələsində həmin izahatlar açıqlanacaq və araşdırma aparılacaq. Daha sonra məhkəmə cinayət işində olan sənədləri tədqiq edib. Sənədlərin arasında təqsirləndirilən şəxslərin xidməti fəaliyyətləri ilə bağlı xasiyyətnamələr də var.

Hərbi Dəniz Qüvvələrinin istintaq orqanına göndərdiyi xasiyyətnamədən məlum olur ki, Vüsal Əlizadə xidməti dövründə şəxsi heyətlə münasibətləri həmişə yaxşı olub, xidməti dövründə heç bir nöqsan və cəza almayıb. Amma Hərbi Hava Qüvvələrinin ovaxtkı rəisi olmuş Ramiz Tahirovun Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsinə göndərdiyi rəydə maliyyə xidmətinin rəisi olmuş Cəlal Kazımov mənfi xarakterizə olunub.

Cəlal Kazımovun vəkili Əli Adıgözəlov bildirib ki, müdafiə etdiyi şəxsə qarşı verilən xasiyyətnamə qərəzli olub. Vəkil qeyd edib ki, Cəlal Kazımov döyüş bölgələrində olub, xidmətinin, ona verilən tapşırıqların öhdəsindən layiqincə gəlib. Cəlal Kazımovun özü də bu xasiyyətnamənin qərəzli olduğunu deyib. O bildirib ki, 30 il xidmət edib və heç vaxt töhmət və ya cəza almayıb. Təqsirləndirilən Bayram Bayramovla bağlı Quru Qoşunların rəhbərliyi tərəfindən göndərilən rəydə o, xidməti dövründə müsbət xarakterizə olunub.

Rəydə göstərilir ki, Bayram Bayramov xidməti dövründə heç bir vaxt töhmət almayıb. Amma hakimlərin açıqladığı sənədlərdən məlum olub ki, Bayram Bayramov əvvəllər məhkum olunub. Rəsmi sənədlərə görə, B.Bayramov Cəlilabad Hərbi Məhkəməsinin 24 noyabr 2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirli bilinib, ona Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla cəzadan da aşağı həddə cəza təyin olunub. Həmin hökmlə Bayram Bayramov 500 manat miqdarında cərimə olunub. Hakimlərin elan etdiyi sənədlərə görə, Vüsal Əlizadə 2020-ci ildə Vətən müharibəsində iştirak edib. Buna görə də o, Ağdamın işğaldan azad olunması, Ordunun 100 illiyi medalı ilə təltif olunub. Müdafiə Nazirinin göndərdiyi rəydə isə məlum olub ki, general Nizami Məmmədov xidməti dövründə heç bir töhmət və ya cəza almayıb. Rəydə general xidməti ilə bağlı müsbət xarakterizə olunub.

Hakimlər Müdafiə Nazirliyinin İşlər İdarəsinin rəisi Elnur Süleymanovun istintaqa göndərdiyi hesabatı açıqlanıb. Elnur Süleymanov nazirlikdə son illər ərzində xərcləri açıqlayıb. Hesabatda qeyd olunub ki, nazirlikdə 2015-2019-cu illərdə tədbirlərə 713 min xərc çəkilib. Bəzi mühüm tədbirlər üçün nazirliyin sifarişi ilə “Ağ çiçəyim” gül salonları şəbəkəsindən həmin illər ərzində 60 min manatlıq gül alınıb. Dibçəklərin alınması üçün isə 14 min manat xərclənib. Hesabatda Müdafiə Nazirliyinin Baş Qərargah rəisi olmuş Nəcməddin Sadıkovla bağlı bəzi xərclər açıqlanıb. Nəcməddin Sadıkova 6 dəst armudu stəkanın alınması üçün 21 min manat xərclənib. Bundan əlavə, ona 80 butulka çaxır alınıb ki, həmin çaxırların birinin qiyməti 100 manat olmaqla 8 min manat xərclənib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər. Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Növbəti proses iyulun 19-na təyin edilib.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR