İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirin “iqlim maliyyəsi” təklifi - məqsəd nədir...

638 15.02.2024 12:28 Ölkə A A

Deputat: “Atmosferə atılmaları və iqlim dəyişmələrinə gətirən digər təsirləri azaltmaq üçün iri miqyaslı maliyyə yatırımlarına ehtiyac var”

Azərbaycan üzv, tərəfdaş və rəhbər olduğu bütün təşkilatlarda hər zaman mütərəqqi təkliflərlə çıxış edib və onları ümumibəşəri maraqlar naminə gerçəkləşdirməyə çalışıb. 

Azərbaycan hazırda COP29-un ev sahibidir. Bu il ölkəmizdə olduqca mühüm tədbir həyata keçiriləcək. Bu çərçivədə Azərbaycan mühüm təşəbbüslərlə çıxış edir. 

“Biz COP29-un ev sahibi kimi inkişaf etmiş və inkişaf etməkdə olan dünya arasında bir körpü olaraq gücümüzdən istifadə edərək, iqlim istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün səyləri sürətləndirməyə sadiqik. Bunun açarı iqlim probleminin miqyasını və aktuallığını əks etdirən yeni iqlim maliyyəsinin yaradılması olacaq”.

Bu təşəbbüslə COP29-un rəsmi X hesabında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Dünya Hökumət Sammitində çıxışı edib. O, yeni yaradılacaq iqlim maliyyəsinin ən çox ehtiyacı olan ölkələrə çatdırılmasının vacibliyini də vurğulayıb. COP29 prezidenti həmçinin COP prezidentlərinin “üçlüyü”nün birgə fəaliyyətə başlamasını şərh edərək, Azərbaycanın sədrliyinin “missiya 1.5°C”in qorunması üçün səylərin artırılmasına sadiqliyini vurğulayıb.

Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitində iştirak edən hazırkı və gələcək COP prezidentləri arasında əməkdaşlığı və davamlılığı möhkəmləndirmək üçün Azərbaycan, BƏƏ və Braziliya arasında tərəfdaşlığa başlanılıb.

Qorxmaz İbrahimli: “Ölkədə demokratiya nə qədər güclənəcəksə...”

Qorxmaz İbrahimli

“Biosfer” İctimai Birliyinin sədri Qorxmaz İbrahimli “Yeni Müsavat”a şərhində bildirdi ki, sənaye dövlətlərinin maliyyəyə ehtiyacları yoxdur: “Bildiyiniz kimi, COP 29 Paris anlaşmasından qaynaqlanan, hər il müxtəlif ölkələrin ev sahibliyi etdiyi bir konfransdır. Parisdə BMT-nin təşəbbüsü ilə 2015-də keçirilmiş bu konfrans sonradan belə qloballaşaraq, hər kəsin diqqətini çəkdi. Əsas qayəsi Yer kürəsində istiliyin 2 dərəcənin üstünə qalxmaması, mümkün olarsa, 1,5 dərəcənin altına enməsinə nail olmaqdır. ABŞ prezidenti Trampın bu anlaşmadan çıxması böyük səs-küyə səbəb olmuşdu. Bu səylərin sürətləndirilməsi üçün xüsusilə bizim ölkəmiz böyük işlər görməkdədir. COP 29-un prezidenti Muxtar Babayevin maliyyənin ən çox ehtiyacı olan ölkələrə ayrılması təşəbbüsünü anlayıram. Lakin ələlxüsus qeyd etmək istəyirəm ki, qlobal isinmənin səbəbkarı inkişaf etmiş böyük sənaye dövlətləridir. Bu sırada başda ABŞ, İngiltərə, Çin, Hindistan, Rusiya kimi sənaye dövlətlərinin ətraf mühitə vurduğu zərərdən, temperaturun yüksəlməsinin səbəbkarı olmasından danışa bilərik. Onların isə ayrılacaq maliyyəyə ehtiyacı yoxdur. Əksinə, özlərinin inkişaf etməkdə olan ölkələrə yeni texnologiyalarla, maliyyə ilə dəstək vermələrinə ehtiyac var. Maliyyə yatırımı olarsa, dediyiniz dövlətlərin sənayesi müasir texnologiyalarla ətraf mühitə zərər vermədən inkişaf edər. Azərbaycanın yaşıl enerjiyə yatırımları çox böyük nümunədir”.

Azər Badamov: “Yaxın illərdə idxaldan asılılığımız xeyli azalacaq”

Azər Badamov

Millət vəkili Azər Badamov “Yeni Müsavat”a mövzunu belə şərh etdi: “Azərbaycan ev sahibliyi kimi bütün beynəlxalq tədbirlərdə yeni təşəbbüslərlə çıxış edib. O cümlədən təşəbbüslərimiz dünya birliyi tərəfindən həmişə dəstəklənib. Məsələn, Qoşulmama Hərəkatına sədrlik etdiyimiz dövrdə bu təşkilatın fəaliyyətinə yeni həyat verilib, bu təşkilatda ilk dəfə olaraq yeni institutlar meydana gəlib. COP 29-a ev sahibliyi etməklə də dünyada qlobal iqlim istiləşməsinə qarşı mübarizədə yeni bir dövrün başlanmasına töhfə verilməsinə hazırlaşırıq. Azərbaycanın təklif etdiyi məsələlər dünya birliyi tərəfindən maraqla dəstəklənib və bu dəfə də dəstəklənəcəyinə inanırıq. Belə ki, Azərbaycan dünya birliyində bir körpü rolunu oynayaraq qlobal istiləşməni 1,5 dərəcə səviyyəsində saxlamaq üçün səylərini davam etdirəcək. Bunun üçün yeni iqlim maliyyəsinin yaradılmasını vacib məsələ kimi təqdim edirik. 

İqlim dəyişmələri ilə mübarizədə iqlim maliyyələşməsi mühüm rol oynayır. Belə ki, atmosferə atılmaları azaltmaq (xüsusilə də böyük miqdarda istixana qazlarının atıldığı sahələrdə), yan təsirlərə uyğunlaşmaq və iqlim dəyişmələrinə gətirən digər təsirləri azaltmaq üçün iri miqyaslı maliyyə yatırımlarına ehtiyac var. İqlim maliyyələşməsi dövlət, özəl və alternativ maliyyə mənbələrindən əldə edilə bilən və yerli, milli və ya transmilli səviyyələrdə həyata keçirilən maliyyələşmə mexanizmidir. Ekologiya və təbii sərvətlər naziri yeni yaradılacaq iqlim maliyyəsinin ən çox ehtiyacı olan ölkələrə çatdırılmasının vacibliyini də vurğulayıb. Yəni biz eyni bir dünyada yaşayırıqsa və iqlim dəyişikliklərindən Yer kürəsinin hər bir üzvü əziyyət çəkirsə, bu qlobal təşəbbüsə də dünya birliyi qoşularaq mütləq reaksiya verməlidir. Elə ölkələr var ki, onlar öz daxili imkanları ilə qlobal istiləşməyə qarşı mübarizə aparmaq iqtidarında deyil. Dünya birliyinin yeni iqlim maliyyəsi vasitəsilə həmin ölkələrə yardım etməli olduğunu və qlobal istiləşməyə səbəb olan mənbələrin zərəsizləşdirilməsi üçün səfərbər olunmalı olduğunu hesab edirəm".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”





Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR