İnsanlara hürriyət, millətlərə istiqlal!

NATO ilə Aİ arasında birgə bəyannamə imzalandı

370 11.01.2023 10:15 Siyasət A A

Azərbaycana qarşı 50 milyon dollarlıq çirkin kampaniya-necə durduraq...

Erməni lobbisi Laçın yolunu bəhanə edərək genişmiqyaslı böhtan prosesinə start verir; Qulu Məhərrəmli: “Nüfuzlu xarici media orqanları gəlib Laçın yolundan çəkiliş etsinlər”

Yanvarın 9-dan etibarən beynəlxalq erməni diasporları Qərb mətbuatında mövcud mövqelərindən, habelə rüşvətxor siyasətçilərdən istifadə edərək, Bakını Qarabağ ermənilərini “blokada” və “soyqırım”da ittiham edərək, Azərbaycana qarşı genişmiqyaslı böhtan kampaniyası başlatmaq niyyətindədirlər. “Yeni Müsavat” bildirir ki, bu sözləri “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış rusiyalı hərbi ekspert İqor Korotçenko qeyd edib. “Ekspertlərin hesablamalarına görə, ilk mərhələdə planlaşdırılan anti-Azərbaycan informasiya kampaniyasının büdcəsi 50 milyon dollar təşkil edəcək”, - o bildirib. Korotçenko Rusiyanın ən bilgili ekspertlərindən biridir və havayı söz danışmaz. Ermənilər Laçın aksiyası başlayandan hər yerdə “blokada” deyib ağlaşma qururlar. Avroparlamentin bir neçə deputatının da Azərbaycan əleyhinə fikir bildirməsinə nail ola biliblər. Amma bu kampaniya görünür ki, lobbini təmin etmir və bu səbəbdən “kisələrinin ağzını açıblar”.

İstisna deyil ki, anti-Azərbaycan kampaniyasında Rusiya mediasının bəzi təmsilçiləri də iştirakçı ola bilərlər. Ümumiyyətlə, erməni lobbisi son illər xarici mediada dəfələrlə anti-Azərbaycan kampaniyası aparıb. Məsələn, 44 günlük müharibə zamanı məhz erməni lobbisinin çirkli pulları sayəsində guya Azərbaycana Suriyadan döyüşçülərin gətirilməsi və orduya cəlb olunması ilə bağlı məlumatlar yaymışdılar. Heç bir fakta əsaslanmayan, yalan və iftira dolu qarayaxma kampaniyasının arxasında Ermənistanın, konkret isə xaricdə fəaliyyət göstərən erməni lobbisinin dayandığı şübhəsiz idi. Həmçinin sentyabrda baş vermiş sərhəd münaqişəsinə görə çirkin proses başladıldı, guya Ordumuz Ermənistanın suveren ərazilərinə daxil olub.

Ekspertlərə görə, Azərbaycanda mötəbər və nüfuzlu media qurumları, məşhur informasiya agentliklərin nümayəndəliklərinin olmaması da bu cür anti-Azərbaycan kampaniyalarına rəvac verib. Bu gün Azərbaycanda, məsələn, “Vaşinqton Post”, “New York Times”, “Guardian” qəzetlərinin müxbirləri yoxdur. Ekspertlərə görə, onların ölkəmizdə nünayəndəliklərinin olmaması Azərbaycan haqda istənilən yalan məlumatların yayılmasına rəvac verir. Anti-Azərbaycan kampaniyasını necə durdurmalı? Bakı da xarici media resurslarına çıxış imkanlarını nəzərdə keçirirmi? Niyə dünyanın media nəhəngləri ilə əlaqələr zəif qurulur?

Qulu Məhərrəmli: "Media haqqında qanun çox ciddi zərurətdən doğub"

Qulu Məhərrəmli

Professor, media mütəxəssisi Qulu Məhərrəmlinin “Yeni Müsavat”a bildirdiyinə görə, ekofəalların aksiyası ilə bağlı ən doğru yanaşma aparıcı telekanallara, dünya informasiya orqanlarına məlumat verməkdir: “Azərbaycan hər gün bu informasiyanı yayır, amma nüfuzlu KİV-lərlə əlaqələrimiz arzuolunan səviyyədə deyil. Amma bu gün Avropa mediası bu mövzuda yazır, xüsusən Fransa mətbuatı qeyd edir ki, ermənilər blokadada qalıb. Dünyanın nüfuzlu media qurumlarının Bakı təmsilçiliyinə gəlincə, düzgün yanaşmadır. O demək deyil ki, doğru informasiya yayacaqlar, amma ən azı reportajlar hazırlaması, Laçın yoluna gedərək aksiyadan çəkiliş etməsi çox vacibdir. Bu məsələ üzərində düşünməyə dəyər. Həqiqəti gözü ilə görüb onu yaymaq əhəmiyyətlidir”.

Fuad Əliyev - VHP

Fuad Əliyev

Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev təklif edir ki, ölkənin bütün siyasi qüvvələri birgə bəyanatla çıxış etsinlər. Partiya sədri bu prosesə Milli Məclisin də qoşulmasını vacib sayır: “Parlamentin Fransa ilə bağlı birgə bəyanatı olmuşdu, oxşar sənədin Laçın yolunda keçirilən aksiya ilə bağlı əleyhimizə başladılan kampaniyaya cavab kimi hazırlanması lazımdır. Deputatlar yekdilliklə bu məsələdə mövqe ortaya qoymalı, Milli Məclis adından dünya ictimaiyyətinə müraciət ünvanlanmalıdır. Həmçinin iqtidar və müxalifətli vahid mövqedən çıxış edərək Azərbaycana qarşı olan qarayaxmanı pisləməli, beynəlxalq təşkilatlara, BMT-yə, Avropa Şurasına, Avropa Parlamentinə, xarici nəşrlərə məktub göndərməliyik. Mənə elə gəlir ki, passiv mövqedə dayanmaq vaxtı deyil, hücum strategiyası seçilməlidir. Bizim diplomatlar, səfirlər, diaspor fəalları müxtəlif şəhərlərdə nümayişlər keçirməli, ekoaktivistlərə dəstək ifadə etməlidirlər. Habelə, Bakıdakı Fransa və digər bizə qarşı olan ölkələrin səfirlikləri qarşısında piket keçirmək olar. Biz etirazın bütün dinc formalarından istifadə etməklə erməni lobbisinin xərclədiyi pulları batırmalıyıq”.

F.Əliyev hesab edir ki, erməni lobbisinin bundan əvvəlki mayası da batıb: “Nensi Pelosinin səfərinə xərclənən pullar bir fayda vermədi. Sonda spiker postundan getdi, ABŞ dövlət katibi Blinken Bakıya tez-tez zəng etməli oldu ki, günahı birbaşa rəsmi Vaşinqtonda görməyək. Bundan əlavə, bir sıra qara piar kampaniyaları başladılıb, hətta BMT Təhlükəsizlik Şurasında müzakirələr açıblar, nəticəsi olmayıb. Odur ki, 50 milyon dollarlıq iş də effekt verməyəcək. Məncə, hakimiyyət real addımlar atmalıdır. Biz erməniləri mühasirəyə almamışıq, yol humanitar məqsədlər üçün açıqdır, silah, mina daşınması, qanunsuz səfərlər və separatçılara isə bağlıdır”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR