İnsanlara hürriyət, millətlərə istiqlal!

Naftalan omertası – şahidlər susur, məmurlar pusur...

2639 21.06.2023 09:26 Yazarlar A A

 

Yazının başlığını bu cür qoymağım çox adama, hətta Siciliyaya, o adadakı mafiya qanunlarına bələd olan adamlara da qəribə gələ bilər: Naftalan hara, omerta hara?

Çünki “omerta” ifadəsi Siciliyada, eləcə də Korsikada və Aralıq dənizinin digər adalarında tətbiq olunan qeyri-leqal “susqunluq məcəllə”sinin italyancada olan ifadəsidir.

Bəs bu omerta qanununun Naftalana nə dəxli var?

Bir az əvvəldən başlayım. Naftalan şəhərində İlkin Tağıyev adlı qazinin özünü yandırması barədə xəbər gələndə Naftalandaydım. Baş redaktorumuz Rauf Arifoğlu zəng etdi ki, orada olmuşkən, bir bu məsələni araşdır, görək, xəbər səhihdirmi, təfərrüatlar nədən ibarətdir.

Hadisənin baş verdiyi yerə - Naftalan şəhər İcra Hakimiyyətinin binasının önünə getdim. Qarşısında gözəl bağ-bağat, geniş park olan İH binasının qarşısında sakitlik idi. İki nəfər İH binasının böyründə maşında söhbət edirdi, bir nəfər skamyada oturmuşdu, bir nəfər də səkidə gəzişirdi. Birinci səkidə gəzişən adamdan bir az əvvəl burada hadisə baş verdiyini, görüb-görmədiyini soruşdum. Adam üzümə elə baxdı ki, sanki ondan nanotexnologiyanın incəliklərinə dair nəsə soruşuram, başını buladı, gözündən donuqluq yağa-yağa heç nə görmədiyini, bilmədiyini dedi. Skamyada oturan adam da eynilə, donuq-donuq baxdı, “burada heç bir hadisə baş verməyib” dedi.

Bir az uzaqda gözümə zəhmətkeş sinifə aid insanlar dəydi, onlara yaxınlaşdım. “Nənə” deyə biləcəyim yaşda ahıl qadın səhərdən bəri burada işlədiyini, heç bir hadisə olmadığını bildirdi və əlavə etdi: “Olsaydı, görərdim, ay dayı”.

Onun yanında skamyada oturmuş 40-45 yaşlı kişi and içdi ki, heç bir hadisə olmayıb və o, heç nə görməyib. 28-33 yaş arasında olan cavan adam da “omerta” qanununu pozmadı. 22-24 yaşı ola biləcək gənc isə böyüklərin yanında ağzını açmaq təşəbbüsü göstərmədi. 50 yaş civarında başqa bir kişi isə dedi ki, Sahil Babayevin müavini gəlmişdi, keçdilər binanın içində iclas eləməyə, başqa hadisə olmadı.

Bu arada arıtq özünü yandıran qazinin ad-soyadı, hansı kənddən olduğu nəlliydi və mənimlə paralel olaraq əməkdaşımız Naftalan RİH-in mətbuatla əlaqə məsələlərinə baxan əməkdaşına hadisə ilə bağlı sual vermiş, ondan “mətbuata əlavə məlumat veriləcək” kimi “operativ və dolğun” cavab almışdı. Binanın önünə yeni gəlmiş iki qalstuklu adam isə diqqətlə mənə göz qoyurdular, sanki indicə ya özümü, ya kimisə yandıracağam.

Mat qalmalı iş idi. Özünü yandıran qazi barədə hər şey bəlli idisə, bu nə susqunluq idir? Bu boyda hadisəni necə danmaq olardı?

Yaxşı, qalstuklu məmurları anladıq, əmr quludurlar, bəs o zəhmətkeşlərə nə olmuşdu? Danışsaydılar, süpürgələrini, kəlbətinlərini əllərindənmi alacaqdılar? Jurnalist onlardan hadisəyə siyasi qiymət vermələrini soruşmurdu, soruşurdu ki, burada belə bir hadisə baş veribmi, verməyibmi, veribsə, özünə əl qaldıran qazinin yaxınlarını necə tapmaq olar. Vəssalam.

Sanasan, ötən əsrin 60-cı illəridir, sovet əyalətində nəsə bir texnogen qəza olub və rayonun hüquq-mühafizə orqanları xalqa göstəriş veriblər ki, bu barədə heç kim heç nə danışmasın, hamı sussun.

Ən qəribəsi də o oldu ki, bir dükançının vasitəsilə İlkin Tağıyevin ata evini tapdım. Orada da eyni vəziyyət. Ailənin başına bu boyda faciə gəlib, amma heç kəs danışmaq istəmir, hətta istəyirlər ki, qəzetlər, saytlar bu barədə heç nə yazmasın.

Siciliyada insanlar ona görə susqundurlar ki, mafiyaya dair sirləri polisə desələr, onları ağır cəza gözləyir, bilirlər ki, mafiya amansız qisas alacaq. Bəs Naftalanda və ya başqa bir rayonda baş vermiş hadisə barədə danışanda kim onlardan necə qisas alacaq? Siciliyadakı mütəşəkkil və ortaq cinayətkarlıq susqunluğudur, bəs Naftalandakı nədir?

Bir nəfər dedi ki, insanlar işlərini itirməkdən qorxublar, ona görə də şahidi olduqları hadisəni danıblar. Ola bilər. Heç olmasa içindən biri göz-qaş edərdi, deyərdi, deyəsən, nəsə bir şey olub, amma biz bilmirik, o zaman anlayardım ki, hadisə olub, amma bunlar danışmaq istəmirlər. Şahidlər isə qızıl-qırmızı üzümə dirənirdilər ki, heç bir hadisə olmayıb. Hətta biri dedi ki, yəqin qara qüvvələr şayiə yayıb.

Əsl “qara qüvvələr” məhz gözlərinin önündə baş verən olayı dananlardır.

Budur, bu hadisə haqqında artıq hamı hər şeyi bilir. Atalar da deyib ki, cidanı çuvalda gizlətmək olmaz. Nəhayət, məmurlar da, zəhmətkeşlər də anlamalıdırlar ki, müasir dünyada heç bir olayı ört-basdır etmək mümkün deyil.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR