İnsanlara hürriyət, millətlərə istiqlal!

Nadinc adamların ifşası

3767 26.02.2023 12:00 Yazarlar A A

Uzun illər öncə bir partiya sədri, deputat axşamüstü köməkçisinə deyir ki, əziz bəy, ömür keçir, gün keçir, cavan olmaram bir də mən, gedək münasib bir yerə, yeyək-içək, doldur, içim bir də mən, imkan varsa, axırda bazlıq da edərik.

Eyş-işrət məclisi baş tutur, lap axırında deputat qardaş deyir, amma elə olsun ki, intim tərəf-müqabillik üçün dəvət olunacaq xanım məni tanımasın, kim olduğumu bilməsin.

Bu iş də baş tutur. Yenə haqq-hesabın lap axırında, yəni corabgeymə mərhələsində məlum məsələ üçün dəvət olunmuş xanım saçını daraya-daraya qəfildən erotik və ritorik tonda soruşur: “Bu işlərin axırı necə olacaq e, Təşkilat müəllim?”

(İndi bu yerdə maraqlı oxucular axtarış verib “Təşkilat müəllim” adlı partiya sədri və deputatın olmadığını təsbit edəcəklər, bəri başdan deyim ki, ad dəyişdirilib – durub burda “Deputatın ifşası” adlı Teleqaram kanalı açası deyiləm).

“Təşkilat müəllim” suya-buza dönür, məyus olur, qadın gedəndən sonra köməkçisini danlayır ki, bəs sənə deməmişdimmi, eləsini gətir, məni tanımasın. Köməkçi də deyir, a bəy, nə təhər edim, hər gün qəzetlərə müsahibə verirsən, telekanallarda danışırsan, ölkədə hamı səni tanıyır.

Yaxşı ki, tanınmış sima ilə məhrəm münasibətdə olmuş qadın gedib orda-burda ağzını yaymır, məsələni ictimailəşdirmir, eləcə də öz dəyərini artırmaq üçün sonrakı “klient”lərinə deyir ki, mən elə-belə civi deyiləm, filankəslə də ünsiyyətim olub.

İndi olsaydı, bəlkə də o qadın və ya onun rəfiqələri söhbəti böyüdər, sosial şəbəkədə paylaşım edəcəkləri ilə adamı şantaj edər, çoxlu pul istəyərdilər. Necə ki hamamda prokurorun belinə kisə çəkərkən çılpaq kürəyinin şəklini çəkən kisəçilər dəstəsi sonradan onu şantaj edərək bir ətək pulunu almışdılar və belə görünür ki, sona qədər də davam edəcəkmişlər. (Yeri gəlmişkən, sabah onların məhkəməsi olacaq və hərəsinə 6-9 il iş kəsəcəklər).

Yeri getməmişkən, onu da deyim ki, həmin prokurorun da prokurorluq sistemindəki işinə xitam verilib. Belə anlaşılır ki, prokuror olan kəsin hamamda üzüquylu kisə və şəkil çəkdirmək lüksü yoxdur.

Yəni şəxsi həyat da bir yerə qədər. Partiya və hökumətimiz şəxsi həyat məsələsində çox sərtdir, tələbkardır. Siyasətçi və ya vəzifə adamı oldunsa, gərək əlinə, dilinə, belinə yiyə durasan, dura bilməsən də gərək audioyazıların və videoçəkilişlərin ictimailəşməsin. Necə deyərlər, tutulmayan oğraş, bəydən, xandan da baş. (Bir az improvizə oldu, amma eybi yox).

Belə məsələlərə ictimai maraq da böyükdür. Çox adam elə bilir ki, bu maraq cinsəl əlaqələrə olan maraqdır. Elə deyil. Ona qalsa, internet resurslarında on minlərlə pornoqrafik video var, həvəskarları 7\24 baxa bilərlər. İnsanlara lazımdır ki, tanıdıqları adamın intim videosuna baxsınlar – hətta çəkiliş boz, görüntü bulanıq olsa da. Bu, daha maraqlıdır.

İki nəfərin arasında olan intim yazışmaları oxumaq, müzakirə etmək, hökm vermək də çox maraqlı işdir. Söhbət nə qədər əttökən olsa da, adamlar sona qədər gülə-gülə, ləzzətlə izləyirlər.

Xoşbəxtlikdən, ölkə gündəmi belə hadisələrlə tez-tez zənginləşir, elə həftə, ay olmur ki, hansısa nadinc adamların şalvarsız video və şəkillərini paylaşıb ifşa etməsinlər.

Bu tərəflərdə özlərinin də tez-tez etdiyi hərəkətlərə görə başqalarını ittiham etmək ənənəsi köhnə və yayğındır. Əldə güclü arqument də var: “Biz adi adamlarıq, ictimai-siyasi xadim deyilik. Siyasətçinin şəxsi həyatı müzakirə edilə bilər”.

Belə çıxır ki, adi, sıradan, tanınmamış adam hər əməli sərbəstcə başından aşıra bilər, amma eyni şeyi tanınmış adam edə bilməz. Bu, bir Azərbaycan standartdır, bizim gündə olan başqa ölkələrdə də var, əl-əlbət.

Bir sözlə, bu ölkədə Allah heç kəsi namünasib şəkildə video və fotokameraların obyektivinə tuş gətirməsin.

Gərək adamlar da ağıllı olsun ki, öz intim anlarını ölümsüzləşdirərək hər vəziyyətlərini çəkib yadigar saxlamaq istəməsinlər. Belə şeylərin əldən-ələ keçmək, düşmən əlinə düşmək ehtimalı həmişə var.

5-6 ay qabaq sosial şəbəkədə baməzə statusları ilə tanınan bir qız yazmışdı ki, qəfildən ölsəm, telefonum ələ keçsə, meyidim ortalıqda qalar, aparıb dəfn edən olmaz.

Bax, belə ehtimalları da nəzərə almaq lazımdır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR