Müxalifətdən “A.M.A.Y. Abdulla”nın “mitinqləri dağıtmamışam” sözlərinə reaksiya
Daha çox “A.M.A.Y. Abdulla” kimi tanınan A.Abdullayev aprelin 20-də keçirilən prosesdə “müxalifətçiləri mitinqlərdə döydürməmişəm” deyib. A.Abdullayevin müxalifətçiləri mitinqdə döydürmək ittihamının azı 15 yaşı var. Niyə bu illər ərzində susan A.Abdullayev bunca ağır ittihama indi cavab verir? Əslində “A.M.A.Y. Abdulla” doğrudan da mitinqçiləri döydürməyib! O, mitinqlərin dağıdılması sistemini hazırlayıb!
Onu həbsə aparan proseslərin başlanğıcında, 2010-cu ilin sentyabrın 22-də A.Abdullayev özünün ticarət mərkəzindəki dəbdəbəli konfrans zalında (http://musavat.com/news/g%C3%BCnd%C9%99m/AMAY-PREZ%C4%B0DENT%C4%B0-H%C6%8FBS-OLUNA-B%C4%B0L%C6%8FR_85536.html -linkə tıklamaqla həmin konfransdan hazırlanmış yazı ilə tanış ola bilərsiz) bu fikirləri işlətmişdi: “Çindəki bir fabrikimdə ildə 150 milyon metr parça istehsal olunur, hər metrdən 1 dollar qalsa bəsimdir. Müxalifətin mitinqlərində heç kimi döydürməmişəm, mitinqlərin dağıdılması sistemini işləyib hazırlamışam”.
2010-cu ildə A.Abdullayev “mitinqlərin dağıdılması sistemi” deyəndə nəyi nəzərdə tutduğunu özü bilir, fakt budur ki, onun sisteminə əsasən mitinqçiləri, etirazçı xalq kütlələrini mülki geyimli, qolları şişman pəzəvənglər qoca-yaşlı, gənc-cavan, qız-qadın fərqi qoymadan döyüb şikəst edirdilər. Vurduqları mitinqçi yerindən qalxıb yeriyə də bilmirdi, növbəti mitinqə gəlməyənlər də olurdu. Həmin vaxtlar A.Abdullayev “Gənclik” metro stansiyası yaxınlığındakı ticarət mərkəzində oturub istirahət edirdi...
Bəs onun “parlaq” fəaliyyəti haqda müxalifətçilər nə deyir?
“Mitinqçilərə divan tutanda A.M.A.Y. rəhbərliyi bilməli idi ki, gec-tez bunun bədəlini ödəməlidir”. Bu fikirləri hələ 2010-cu ildə “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirli “Yeni Müsavat”a demişdi. R.Kəbirli bu qənaətdə idi ki, Azərbaycanda heç zaman azad biznes mühiti olmayıb. Sadəcə, hakim qruplaşmaların nəzarətindəki sahələri işlədənlər və ya icraçılar olub. R.Kəbirli düşünür ki, A.Abdullayev də onlardandır və indi də o iş adamlarının mövqeyini qorumur. R.Kəbirli isə A.M.A.Y. rəhbərliyinin indi cəzalandırılmasını istəmir:
“Baxmayaraq ki, biz həbs olunanda A.M.A.Y. rəhbəri bizə qarşı iddia qaldırıb 1 milyon manat təzminat istəyirdi”.
AXP sədri Pənah Hüseyn isə deyir ki, 1993-cü ildən sonra mitinqlərin dağıdılmasında, ayrı-ayrı şəxslərin döyülməsində mülki geyimlilərdən istifadə olunub: “Bu, geniş yayılmış taktikadır. Həmin mülki geyimlilərin kimin adamı olması haqda əlimdə fakt, sübut yoxdur”.
Müsavat Partiyasının Məclis üzvü Mustafa Hacıbəyli A.Abdullayevin adamlarının mitinqçiləri döydüyünü bildirdi: “Həbsindən əvvəl hakimiyyət üçün çox önəmli fiqur olduğunu sübut etməyə çalışırdı. Özü də demişdi ki, müxalifətin mitinqlərini özümüz yatırdırdıq.
Unutmamışıq, yadımızdadır. Abdulla Abdullayev hakimiyyətin ona verdiyi imtiyazlardan istifadə edib qanunsuz yolla zənginləşənlərdəndir. İndi özünün müxalifətə qarşı olmadığı göstərməyə çalışır. Biz müxalifətçiləri mitinqlərdə Abdulla Abdullayevin adamlarının döyməsini dəfələrlə eşitmişik. Səhv etmirəmsə, Rafiq İsmayıl müsahibəsində demişdi ki, 2003-cü il oktyabrın 16-na keçən gecə də Müsavat Partiyası qarşısından mitinqçiləri onun adamları döyüb qovub. İnsanlar Abdulla Abdullayevin adamı Farizin 2 mitinqçini qoltuğuna vurub aparmasını da unutmayıb. Mitinqçilərə qarşı qoçu dəstələrindən istifadə olunurdu. ”A.M.A.Y" mühafizəçiləri də həmin qoçu dəstələrinin tərkibində müxalifətçilərə divan tutulmasında iştirak edirdi".
ADP sədri Sərdar Cəlaloğlu deyir ki, mitinqlərin qoçu dəstələri tərəfindən dağıdılması faktdır: “Mən həmin şəxslərin ”A.M.A.Y." Abdulla"nın adamları olması haqda məlumatsızam. Deyirdilər ki, müxalifətçiləri mitinqlərdə “Quska”nın adamları döydürüb. Hər kəs öz etdiklərinə görə cəzasını almalıdır".
E.MƏMMƏDƏLİYEV






