“Abdulla Abdullayevin ”Prezidentin A.M.A.Y.-a gəlişindən sonra mən ilk dəfə olaraq kredit götürdüm" fikri mesaj kimi qəbul olunub. Biznesmenin “Çindəki bir fabrikimdə ildə 150 milyon metr parça istehsal olunur, hər metrdən 1 dollar qalsa bəsimdir” deyərək “müxalifətin mitinqlərində heç kimi döydürməmişəm, mitinqlərin dağıdılması sistemini işləyib hazırlamışam” söyləməsi də ciddi siqnal kimi başa düşülüb. Belə nəticə çıxarılıb ki, Abdullayev demək istəyir ki, hakimiyyətin ona münasibəti dəyişməsə, əlindəki böyük paranı əks düşərgəyə yönəldə bilər.
Üstəlik, vaxtilə mitinqləri dağıdan biznesmenin parlament seçkiləri öncəsi mitinqlərin daha effektiv keçirilməsi üçün digər bir sistemi yarada biləcəyi də müzakirə mövzularından olub. Abdullayevin obyektlərinin əlindən alınaraq özünün ölkədən qovulması və ya həbs edilməsi məsələsində çoxluq A.M.A.Y. prezidentinin həbsini tələb edib. Onun ölkədən qovulacağı təqdirdə hakimiyyətdəki qruplaşmalara qarşı sərt mövqe tutacağı hesablanaraq həbsi məsələsi əsas götürülüb" - deyə hakimiyyətə yaxın qaynaq bildirib. Onun dediyinə görə, yaxın günlərdə A.Abdullayev tutulacaq.
Qeyd edək ki, Baş Prokurorluq A.M.A.Y. rəhbərinin açıqlamalarına rəsmi açıqlama ilə münasibət bildirib. Bu açıqlamadan aydın olur ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsində Abdullayevdən adamlarının azad olunması üçün banklardan götürülən pulların ödənilməsi tələb olunub. Lakin Abdullayev tələblə razılaşmayıb. Rəsmi açıqlamanın “Hazırda cinayət işi üzrə ibtidai istintaq Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2 və 308.1-ci maddələri ilə davam etdirilir. İstintaqın nəticəsindən asılı olaraq təqsirkar şəxslərin dairəsi müəyyənləşdirilməklə onların əməllərinə hüquqi qiymət verilməsi təmin olunacaqdır” sözləri ilə bitməsi də əbəs deyil. Görünür, Abdullayevə bununla geri çəkilməsi üçün mesaj verilir.
“Mitinqçilərə divan tutanda bilməli idi ki...”
Bu yarımbaşlıq “Azadlıq” radiosunda A.M.A.Y.-la bağlı verilən yazıdan götürülüb. Müəllif mətbuatda A.Abdullayevin adını indiyədək az hallandırmadığını qeyd edir: “Müxalif mətbuat bu qurumun keçmiş prezident Heydər Əliyevin qardaşlarının birinə yaxınlığından, hətta müxalifət partiyalarının keçirdiyi mitinqlərin dağıdılması üçün xüsusi dəstələr saxlamasından dəfələrlə yazıb. Elə Abdulla Abdullayev özü də mətbuat konfransında bu haqda danışıb. Deyib ki, mitinqdə müxalifətçiləri döydürməsi haqda deyilənlər yanlışdır. Amma etiraf edib ki, mitinqləri dağıtmaq sistemini o qurub”.
“Mitinqçilərə divan tutanda A.M.A.Y. rəhbərliyi bilməli idi ki, gec-tez bunun bədəlini ödəməlidir”. Bu fikir “Müxalifət” qəzetinin baş redaktoru Rövşən Kəbirliyə məxsusdur. Bir neçə il öncə bu qəzetin iki əməkdaşı A.M.A.Y.-dan, bu qurumun İlham Əliyevin əmisi, akademik Cəlal Əliyevə mənsub olması haqda yazdığına görə həbs olunmuşdu. Onlardan biri də Rövşən Kəbirli idi. Hərçənd R.Kəbirli bu qənaətdədir ki, Azərbaycanda heç zaman azad biznes mühiti olmayıb. Sadəcə, hakim qruplaşmaların nəzarətindəki sahələri işlədənlər və ya icraçılar olub. R.Kəbirli düşünür ki, A.Abdullayev də onlardandır və indi də o iş adamlarının mövqeyini qorumur. Sadəcə, “Azərsun” holdinqin prezidenti Abdolbari Goozalla maraqlarının toqquşmasından sonra dillənməli olub.
Elə A.Abdullayev də mətbuat konfransında bu məsələyə toxunub. Hətta bu haqda danışarkən tutulmaqdan və ya ölümdən qorxmadığını da bildirib.
R.Kəbirli isə A.M.A.Y. rəhbərliyinin indi cəzalandırılmasını istəmir: “Baxmayaraq ki, biz həbs olunanda A.M.A.Y. da bizə qarşı iddia qaldırıb 1 milyon manat təzminat istəyirdi”.
A.Abdullayevin mitinqlərlə bağlı fikirlərinə münasibət bildirən deputat Pənah Hüseyn isə qəzetimizə açıqlamasında deyib ki, biznesmen-mitinqdağıdanın əməlləri barədə zaman-zaman məlumatlar eşidib: “Mitinqlər polis tərəfindən dağıdılırdı. Polislərin yanında mülki geyimli şəxslər olurdu, onlar xüsusi canfəşanlıq göstərirdilər. Sonradan həmin mülki geyimli şəxslərin Abdulla Abdullayevin adamları olması xəbəri də yayılırdı”.
Müsavat Partiyası Mərkəzi Qərargahının rəhbəri Rafiq İsmayıl A.Abdullayevin adamlarının mitinqçiləri döydüyünü bildirdi: “Bizi mitinqlərdə Abdulla Abdullayevin adamları döyürdü. 2003-cü il oktyabrın 16-na keçən gecə də Müsavat Partiyası qarşısında mitinqçiləri onun adamları döyüb qovurdu. İnsanlar Abdulla Abdullayevin adamı Farizin iki mitinqçini qoltuğuna vurub aparmasını da unutmayıb”.
“Azərsun” holdinqin ictimaiyyətlə əlaqələr və sosial xidmətlər departamentinin müdiri Kazım Babayev A.Abdullayevin fikirləri ilə mətbuatdan tanış olduqlarını dedi. Bildirdi ki, şirkət rəhbəri A.Goozalın fikirləri sadəcə A.Abdullayev tərəfindən düzgün anlaşılmayıb: “Şirkətimizdə 20 millətin nümayəndəsi olmaqla minlərlə insan çalışır. İldə bir dəfə idarə heyətinin sədri cənab Abdolbari Goozal başda olmaqla, bütün əməkdaşlarımız qan verirlər. Biz qanımızla, istehsal etdiyimiz məhsullarla Azərbaycan xalqına xidmət edirik. Abdulbari Goozalin bununla bağlı dediklərini Abdulla Abdullayev düzgün anlamayıb”.
“Texnikabank” ASC A.M.A.Y. şirkətinin rəhbəri Abdulla Abdullayevin keçirdiyi mətbuat konfransında Azərbaycanın dövlət orqanları, bank sektoru, eləcə də “Texnikabank” ASC haqqında söylədiyi ittihamları birmənalı olaraq təkzib edir". Bu fikirlər “Texnikabank” ASC mətbuat xidmətindən qafqazinfo.az saytına daxil olan açıqlamadandır. Bankdan bildirilib ki, bu cür məsuliyyətsiz bəyanatlar A.Abdullayevin öz öhdəliklərini yerinə yetirməsindən yayınmaq məqsədi daşıyır: “Həqiqətən A.M.A.Y. şirkəti ilə əlaqəli olan ”Birlikbank" ASC-nin və başqa bir neçə şirkətin “Texnikabank” ASC-yə kredit borcu var. Bu kreditlərin vaxtı dəfələrlə uzadılsa da kreditlərin və hesablanmış faizlərin qaytarılması təmin edilməyib".
Açıqlamada bildirilir ki, A.Abdullayevin özünün də mətbuat konfransında etiraf etdiyi kimi, pərakəndəliyin və maliyyə menecmentinin olmaması şirkətin bugünkü ağır vəziyyətə düşməsinin əsas səbəbidir: “A.M.A.Y.-da korporativ idarəetmə standartlarının tətbiq edilməməsi və banklardan götürülmüş kreditlə etinasız davranılması dövlət və banklarla yanaşı bir neçə təşkilat qarşısında öhdəliklərini yerinə yetirə bilməməsi ilə nəticələnib. ”Texnikabank" ASC qüvvədə olan qanunvericiliyə, Azərbaycan Respublikası Mərkəzi Bankının “Banklarda kreditlərin verilməsi qaydaları”na və bankın “Kreditlərin verilməsinin daxili proseduraları haqqında qaydaları”na tam riayət edib. Eyni zamanda bildiririk ki, A.Abdullayevin qeyd etdiyi zavod bank tərəfindən qiymətləndirilməyib və bankda girov predmeti kimi rəsmiləşdirilməyib. “Banklar haqqında” qanuna görə, bank kommersiya fəaliyyəti ilə məşğul ola bilməz. Bankın A.Abdullayevə məxsus zavoda heç bir iddiası yoxdur. Belə ki, A.Abdullayevin ittihamları əsassız və qərəzli olmaqla bankın istər ölkədaxili, istərsə də beynəlxalq arenada formalaşmış işgüzar nüfuzuna ləkə salma, qaralama xarakteri daşıyır. Abdullayevin çıxışından məlum olur ki, kredit resurslarının xarici dövlətlərə (Çin və İran) investisiya edərək kreditləri təyinatına uyğun istifadə etmədiyinə görə mövcud problemlər yaşanıb. A.Abdullayevə tövsiyə edərdik ki, öz mütəxəssisləri ilə birlikdə şirkətin aktivlərini və ona məxsus olan əmlaklarının bazar dəyərlərini yenidən qiymətləndirib satışını təşkil edərək dövlət və banklar qarşısında mövcud öhdəliklərinin yerinə yetirilməsini təmin etsin".
“Texnikabank” bildirib ki, ölkədə bank sektorunun dayanıqlılığını təmin etmək məqsədilə verilən hər bir kredit məbləğinin vaxtında geri qaytarılması üçün hüquqi müstəvidə və ölkə qanunlarını ali tutaraq müvafiq tədbirlər görülməsi hər bir bankın borcudur.






