İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə təhlükəsi yeni ilə keçdi - İrəvan bu il də qazdığı “quyu”lara özü düşdü!

696 31.12.2022 10:21 Siyasət A A

2022-ci ildə Ermənistan üzərindəki əsas diplomatik uğurumuz; bu il ilk dəfə heç bir beynəlxalq sənəddə “Dağlıq Qarabağ”, “öz müqəddəratını təyinetmə” ifadələri yer almadı...

“Başqasına quyu qazan özü düşər”. 2022-ci ilin siyasi-diplomatik yekunlarından danışarkən Ermənistan üçün ən uyğun ifadə, yəqin ki, bu Azərbaycan atalar sözü ola bilər. İş ondadır ki, kapitulyant ölkə 44 günlük müharibədən sonrakı daha bir ili Azərbaycanla təcili sülh müqaviləsi imzalamaq əvəzinə, bizə “quyu” qazmaqla məşğul oldu. Nəticədə yenə “dəmir” şapalaq yedi, yeni canlı və maddi itkilərlə üzləşdi, Qarabağ anklavında daha bir neçə kəndi boşaltmalı oldu, Ermənistanla şərti sərhəd onun öz daxilinə doğru çəkildi.

Söhbət ordumuzun bu il apardığı “Fərrux” və “Qisas” əməliyyatlarından, həmçinin 13-14 sentyabr 2 günlük sərhəd müharibəsindən gedir. Təəssüf ki, rəsmi İrəvan cari ildə də öz havadarlarının, öncəliklə Fransanın təxribatçı dəstəyi ilə, habelə sülh imitasiyası və oyunları, “iki stul” siyasəti ilə Brüssel sülh prosesini poza bildi. Hətta bölgəni yeni müharibənin astanasına gətirdi. Bu təhlükə qalır və bütün ciddiliyi ilə təzə ilə adlayır.

“Bu il ərzində Fransa prezidenti Emmanuel Makron, ABŞ Nümayəndələr Palatasının sədri Nensi Pelosi, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns və Böyük Britaniyanın Mİ6 kəşfiyyat xidmətinin başçısı Riçard Mur İrəvana gedib baş nazir Nikol Paşinyanla qapalı müzakirələr aparıblar. Sözügedən səfərlərin əsas məqsədi İrəvanı Moskvadan uzaq salmaq olub”.

Bu sözləri politoloq Elxan Şahinoğlu başa çatmaqda olan ilin əsas siyasi yekunları barədə danışarkən bildirib.

“Həmin səfərləri birləşdirən əsas amil - Ermənistan hakimiyyətini Rusiyadan uzaqlaşmağa inandırmaq idi. Paşinyan və onun hökumət üzvləri Rusiyadan narazıdırlar. Düşünürlər ki, Azərbaycan Kremlin susqunluğundan istifadə edərək bölgədə mövqelərini gücləndirir”, - deyə Şahinoğlu vurğulayıb.

Григорян, Армен Валерьевич — Википедия

Armen Qriqoryan

Politoloqa görə, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səs-küy yaradan “Rusiya bizə təzyiq edir” açıqlaması il ərzində Qərb ölkələrindən İrəvana edilən səfərlərin və müzakirələrin məntiqi nəticəsidir. “Paşinyanın Rusiyadan tamamən imtina etməsi üçün Qərbin Ermənistana təhlükəsizlik təminatı verməsi gərəkdir. Pelosi, Börns, Makron və Mur Paşinyana müxtəlif vədlər verə bilərdilər, ancaq Ermənistanı və Qarabağ separatçılarını Azərbaycandan qoruya biləcək imkanları və istəkləri yoxdur”, - deyə o əlavə edib.

Digər azərbaycanlı politoloq, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev də Ermənistanın xarici siyasətindən danışarkən maraqlı məqamlara diqqət yönəldib.

Politoloqun qənaətincə, Ermənistanla Rusiya arasında artıq taktiki yox, strateji problemlər mövcuddur: “Ermənistan Rusiyanın onun ”işğal siyasətini" birmənalı şəkildə dəstəkləyəcəyini düşünürdü. Eyni zamanda, 2018-2020-ci illərdə baş vermiş hadisələrə nəzər salsaq, görərik ki, Ermənistan özünü elə aparıb ki, guya Rusiyadan asılı olmayıb, müstəqil olub. Onlar Qərblə bəzi layihələr həyata keçirməyə çalışdılar. Azərbaycanın da mövqeyi bəllidir. Vaxt gələcək, bəzi məqamlar açıqlanacaq. Müəyyən vədlər verildi. Lakin 2019-cu ildən bəri Ermənistan “Madrid prinsipləri” ilə bağlı heç bir addım atmadı. Ən azı, 5 rayonun qaytarılması məsələsi var idi. Onlar bundan da imtina etdilər. Təbii ki, bütün bunlar Rusiya tərəfindən mənfi qarşılandı".

Fərid Şəfiyev: “Mediamızda fundamental problemlər mövcuddur”

Fərid Şəfiyev

Fərid Şəfiyevin fikrincə, Ermənistanla Rusiya arasında fundamental fikir ayrılıqları davam edəcək: “Fundamental problem də ondan ibarətdir ki, Ermənistan Qərbdən onun iqtisadi problemlərini həll etməsini, Rusiyanın isə işğalçılıq siyasətini dəstəkləməsini gözləyir”.

Öz növbəsində rusiyalı analitik İqor Korotçenkoya görə, böyük gözləntilər var idi ki, 2022-ci ildə Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, lakin Ermənistan rəhbərliyi qarşıdurma davranışı modelini seçərək Azərbaycana qarşı həm siyasi, həm də hərbi miqyaslı təxribatlar taktikasına əl atdı.

Onun fikrincə, İrəvan xüsusilə son həftələr sözün əsl mənasında neqativ saçır: “O səbəbə bu il Bakı ilə İrəvan arasında sülh müqaviləsinin imzalanması, nizamlanmanın əsas nöqtələrində irəliləyişlə bağlı bütün ümidlər yalnız ümid olaraq qaldı. Açıq-aşkardır ki, bu bir şüurlu siyasətdir və həm də onunla xarakterizə olunur ki, Ermənistan il ərzində nizamlanma ilə bağlı situasiyaya fəal şəkildə xarici oyunçuları da cəlb eləməyə çalışdı. İrəvan Fransaya, ABŞ-a, gorbagor olmuş ATƏT-in Minsk Qrupuna, ümumilikdə Qərb ölkələrinə, Avropa İttifaqına stavka elədi. Həmçinin ümid elədi ki, beynəlxalq erməni diasporunun səyləri də dünyanın əsas paytaxtlarında siyasi əhval-ruhiyyəyə təsir göstərəcək”.

Analitikə görə, son olaylar 2023-cü illə bağlı nikbinliyə əsas vermir. “Bu siyasət Ermənistan tərəfindən müxtəlif növ silahlı təxribatların kəskin artması ilə də müşayiət olundu. Bütün bunlar Ararat Mirzoyanın Rusiya xarici işlər nazirinin vasitəçiliyi ilə Azərbaycan xarici işlər naziri ilə görüş üçün Moskvaya gəlməkdən imtina etdiyi son hadisələr də daxil olmaqla, vəziyyəti ciddi şəkildə pozdu. Üstəlik, o, bunu tamamilə biabırçı şəkildə etdi və bu, Rusiya xarici işlər nazirinin müvafiq reaksiyasına səbəb oldu”, - deyə o əlavə edib.

“2022-ci ildə İrəvan bir sıra diplomatik uğursuzluqlara məruz qalıb”.

Armen Aşotyan: Paşinyan və onun komandasını böyük sürpriz gözləyir |  1news.az | Xəbərlər

Armen Aşotyan

Bunu isə radikal müxalifətçi Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan ilin yekunlarından danışarkən deyib.

Uğursuzluqları isə o, belə sıralayıb: “Birincisi, builki beynəlxalq sənədlərdə Qarabağ probleminin həllinin əsas prinsipi kimi Artsaxın öz müqəddəratını təyin etməsi məsələsinin olmamasıdır. İkincisi, iflic vəziyyətində olan ATƏT-in Minsk Qrupu şəraitində Paşinyan Artsaxın ikitərəfli və çoxtərəfli formatlarda satışının davam etdirilməsinin zəruriliyini əsaslandırmaqla məşğul idi. Halbuki bunun əvəzində ATƏT-in Minsk Qrupunun fəaliyyətinin bərpasını xahiş və tələb etmək lazım idi. Üçüncü böyük uğursuzluq isə odur ki, 2022-ci ildə qəbul edilmiş sənədlərdə ”Dağlıq Qarabağ" ifadəsi yoxdur. Dağlıq Qarabağ beynəlxalq siyasətin subyekti kimi Paşinyanın düşünülmüş siyasəti nəticəsində beynəlxalq sənəd dövriyyəsindən artıq çıxıb. Sənədlərdə həmçinin “Artsax xalqı” yox, “Dağlıq Qarabağın əhalisi” anlayışı var".

Bakının 2022-ci ildə İrəvan üzərində ən mühüm diplomatik uğuru da elə bu sayıla bilər. Heç şübhəsiz, bu uğur növbəti mərhələdə özünü həm də erməni silahlı quldur dəstələrinin Qarabağdan çıxarılmasında göstərəcək...

Siyasət şöbəsi,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR