İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə iştirakçıları və şəhid ailələrinə dövlət qayğısı: görülən, elə görüləcək işlər də çoxdur

1622 21.06.2022 20:15 Sosial A A

Bütün dünyada müharibədə iştirak edən şəxslərə xüsusi həssasiyyət göstərilir, onların döyüş şəraitində ağır psixoloji zərbə aldıqları nəzərə alınır. Eyni zamanda belə şəxslər dövlətlər tərəfindən xüsusi qayğı ilə əhatə olunurlar. Azərbaycanda da 90-cı illərdən üzübəri torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan müharibələrdə on minlərlə insan iştirak edib. Onların bir çoxu həyatını itirib, digərləri yaralanaraq əlil olub. Azərbaycan dövləti Ermənistanın işğalçılıq siyasətinə qarşı aparılan istər birinci, istərsə də ikinci müharibədə iştirak edən vətəndaşlara həssas yanaşmanı təmin etmək üçün yaralanan, sağlamlığına ömürlük zərbə dəyən insanlara, həmçinin şəhid olanların ailələrinə yönəlik çoxsaylı dəstək mexanizmləri həyata keçirir.

2020-ci ildə 44 günlük Vətən Müharibəsində tarix yazaraq torpaqlarımızı 28 illik erməni işğalından azad edən igidlərə dövlət qayğısı elə müharibə gedən günlərdən təmin edilib. Ölkə Prezidenti İlham Əliyev dəfələrlə yaralı qazilərimizə baş çəkib, onların vəziyyəti ilə maraqlanıb. Eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə əlil olan şəxslərə verilən Prezident təqaüdü artırılıb, belə şəxslərin və şəhid ailələrinin müraciətləri ilə məşğul olan xüsusi komissiya yaradılıb. Prezidentin təşəbbüsü ilə formalaşdırılan YAŞAT Fondu bilavasitə müharibə iştirakçıları və şəhid ailələrinin problemlərinin həlli ilə məşğul olur.

Müharibə iştirakçılarına, şəhidlərin ailələrinə dövlət qayğısının təmin olunması prosesində məsuliyyət böyük ölçüdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşüb. Azərbaycanın zəfər əldə etdiyi Vətən müharibəsindən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən genişmiqyaslı sosial dəstək tədbirləri icra edilir. Nazirliyin yaydığı məlumatdan aydın olur ki, postmüharibə dövründə sosial dəstək tədbirləri 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib.

Belə ki, müharibə getdiyi dövrdə şəhidlərin ailə üzvlərinə sosial ödənişlərin təyin olunması işlərinin operativ təşkili üçün həmin günlərdə xüsusi işçi qrup yaradılıb. Şəhid ailələrinin üzvlərinə, habelə Vətən müharibəsində yaralanmış və müalicə bitdikdən sonra əlillik təyin edilmiş hərbi qulluqçulara onların müraciətinə, zəruri sənədləri təqdim etmələrinə ehtiyac olmadan elektron sistem üzərindən proaktiv qaydada sosial ödənişlər (Prezidentin aylıq təqaüdü, pensiya və müavinət) təyin olunub. 44 günlük Vətən müharibəsinin iştirakçısı olan və aidiyyəti qurumlar tərəfindən "Müharibə veteranı" adı verilmiş şəxslərə də 2022-ci ilin əvvəlindən Prezidentin aylıq təqaüdünün təyinatı prosesi e-sistem üzərindən proaktiv qaydada həyata keçirilərək yekunlaşdırılıb. Beləliklə, postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və qazilərdən ibarət ümumilikdə 93 min şəxsə 104 min sosial ödəniş təyinatı aparılıb.

Müharibədən sonra elə ilk günlərdən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin əməkdaşları müharibədə yaralanmış hərbçiləri evlərində və ya müalicə aldıqları xəstəxanalarda ziyarət edərək, ilkin müayinə və qeydlər aparıblar. Növbəti mərhələdə aidiyyəti qurumların nümayəndələrindən ibarət Komissiya tərəfindən həmin qazilərin əlilliyinin qiymətləndirilməsi üçün operativ sənədləşdirmə işləri yerinə yetirilib. Müvafiq sənədlər e-sistemlərə daxil edildikdən sonra agentlik müalicə müddəti başa çatmış qazilərin əyani müayinələr əsasında əlilliyinin qiymətləndirilməsini aparıb, artıq 3 min qaziyə əlillik və sosial ödənişlər təyin olunub. Qazilərin əlillik müddətləri bitdikcə və sənədləri əlillik üzrə e-sistemə daxil edildikcə bu qiymətləndirmələr davam edir. Ümumilikdə son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib, bu ilin 5 ayında da əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox - 30 min şəxsə əlillik təyin edilib.

Artıq 30 ilə yaxındır ki, Azərbaycanda müharibə əlilləri, şəhid ailələrinə əsas dəstək mexanizmlərindən biri olan dövlət hesabına mənzil təminatı həyata keçirilir. Son iki ildə dəstək paketinin mühüm bir istiqaməti kimi, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 5 dəfə genişlənib. 2021-ci ildə 3 min, postmüharibə dövründə 3500 mənzilin, ötən dövrdə ümumilikdə 12500-dən çox mənzil və fərdi evin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu kateqoriyalardan olan şəxslərə verilməsi təmin olunub.

Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad olunan rayonların əhalisi üçün Bakı və Abşeron yarımadasında inşa olunan çoxmənzilli binalar müharibə əlilləri və şəhid ailələrinin üzvlərinə verilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına verilib. Prezidentin digər sərəncamı ilə bu ərazilərdə artıq qalan mənzillər satılaraq əldə olunan məbləğ rayonlarda yaşayan müharibə əlili və şəhid ailələrinin üzvlərinin mənzil təminatına yönəldiləcək. Artıq nazirlik bu prosesin həyata keçirilməsi üçün zəruri addımları atmağa başlayıb. Bu isə yaxın illərdə rayonlarda yaşayan daha çox sayda müharibə əlili və şəhid ailəsinin fərdi evlərlə təminatına imkan verəcək.

Məlumdur ki, Azərbaycanda icra olunan daha bir dəstək mexanizmi müharibə əlillərinin avtomobillə təminatıdır. Bu mexanizm çərçivəsində son 4 ildə 1500-dək, 2022-ci ildə 100, ümumilikdə ötən dövrdə 7450 müharibə əlili avtomobillə təmin edilib.

2021-ci ilin əvvəlindən Azərbaycanda şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən sosial müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Son 4 ildə şəhid ailələri, müharibə əlillərinə təqaüd və müavinətlər orta hesabla 2,5 dəfə, orta aylıq pensiya 70 faiz, yaşa görə orta aylıq pensiya 75 faiz artıb.

Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının aktiv məşğulluq proqramlarına cəlb edilməsi işləri də ardıcıl xarakter alıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən müharibədən sonra 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, biznes sahələri yaradılıb.

Nazirlik tərəfindən 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan “Məşğulluq marafonu”na artıq 648 işəgötürən qoşularaq 4561 vakansiya təqdim edib. Marafon çərçivəsində indiyədək 2400-ə yaxın şəxs işlə təmin olunub. Onlardan 1998 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi də əsas hədəflərdən biridir. 2022-ci ilin 5 ayı ərzində peşə hazırlığına 1542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır. Ödənişli ictimai işlər, əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi və s. proqramlar çərçivəsində də şəhid ailəsi üzvləri, müharibə iştirakçılarının məşğulluğuna dəstək verilməsi işləri aparılır.

Müharibədə yaralanmış qazilərin keyfiyyətli reabilitasiya xidmətləri ilə təminatı prioritet fəaliyyət istiqamətidir və nazirliyin tabeliyində olan son illərdə müasir tələblərə uyğun qurularaq təchiz olunmuş 12 reabilitasiya müəssisəsi bu sahədə mühüm potensial rolunu oynayır. Bu mərkəzlərdə postmüharibə dövründə 2500 qaziyə səmərəli reabilitasiya və sosial-psixoloji xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 qazinin, ümumilikdə 300 müharibə əlilinin yüksək texnologiyalı son nəsil elektron protezlərlə təminatı proqramı uğurla icra olunub.

Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub. Eyni zamanda qazı və şəhid ailələrinin üzvlərindən ibarət 2 954 ailənin 5 min üzvünə sosial-psixoloji dəstək göstərilib.

Aydın məsələdir ki, müharibənin od-alovundan çıxan, ən ağır psixoloji zərbələr alan insanlar ömür boyu dövlətin diqqətini, qayğısını hiss etməlidilər. Bu baxımdan, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm də digər dövlət qurumlarının bu istiqamətdə fəaliyyəti daim davam edəcək...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR