İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mossad”ın keçmiş rəhbəri: “Azərbaycan İsrail və İran arasında vasitəçi ola bilər” - MÜSAHİBƏ

1113 08.04.2022 16:24 Müsahibə A A

Roman Qureviç və Arye Qutun İsrail Xarici Kəşfiyyatının 11-ci direktoru Tamir Pardo ilə Oxu.Az-a eksklüziv müsahibəsi.

Bu müsahibə İsrail və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinə həsr olunub. 

- Cənab Pardo, “Mossad”ın rəhbəri kimi işlədiyiniz müddətdə Azərbaycanla gözəl və dərin münasibətlər qurduğunuza dair məlumatlar var. Bu belədirmi?

- “Mossad”ın rəhbəri olarkən etdiklərim barədə danışa bilmərəm. Bu, məxfi məlumatdır və açıqlanması heç kimə fayda verməyəcək... Bircə onu deyə bilərəm ki, Azərbaycan gözəl ölkədir, Azərbaycanla əlaqələrimiz çox güclüdür. Bizim ümumi dəyərlərimiz var. İsrailin Azərbaycanla münasibətləri isə hər iki ölkə üçün çox vacib və faydalı olan strateji münasibətlərdir.

- Yəhudilər 2600 ildir ki, Azərbaycan ərazisində yaşayırlar və burada heç vaxt bu yöndə qarşıdurmalar, antisemitizm təzahürləri olmayıb. Yəhudi icmasına qarşı həmişə isti və hörmətcil münasibət olub. Bir israilli kimi buna münasibətiniz necədir? Sözlərinizdən anladığım qədərilə Azərbaycanda olmusunuz?

- Necə istəsəniz, başa düşə bilərsiniz (gülür). Bəli, Azərbaycan İsrailin güclü qarşılıqlı münasibətlərə malik olduğu müsəlman ölkəsidir. Çox maraqlı bir məqam var... Azərbaycan şiə ölkəsidir. Əsrlər boyu şiələr müsəlman dünyasında azlıqda olub, sünnilər tərəfindən zülmə məruz qalıblar və tarixdə yəhudi azlığı ilə şiə azlığının əsrlər boyu qarşılaşdıqları çətinliklər arasında çoxlu oxşarlıqlar tapmaq olar... Bəli, bu gün Azərbaycanda yəhudi icmasına böyük hörmətlə yanaşırlar, orada yəhudilərə həmişə hörmət ediblər... Öz növbəsində yəhudilər də həmişə Azərbaycana isti və hörmətcil münasibət göstəriblər.

- Bu günlərdə biz İsrail ilə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünü qeyd edirik. Müxtəlif sahələrdə uğurlu əməkdaşlıq mövcuddur... Fikrinizcə, ölkələrimiz arasında əməkdaşlıq hansı istiqamətlərdə inkişaf edəcək?

- Əməkdaşlıq və tərəfdaşlığın qarşılıqlı şəkildə faydalı ola biləcəyi bir çox sahələr var: kibertəhlükəsizlik, səhiyyə, təhsil, kənd təsərrüfatı, enerji, ərzaq proqramlarında əməkdaşlıq – demək olar ki, istənilən sahədə ölkələrimiz qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirə və dərinləşdirə bilər.

- Ölkələrimiz arasında strateji tərəfdaşlığın olduğunu söyləmək mümkündürmü?

- Azərbaycanın İranla böyük sərhədi var, digər tərəfdən isə keçmiş SSRİ-nin tərkibində olma tarixinə malik şimal qonşuları var... Mən Azərbaycana zərər verə biləcək şeylərdən danışmaq istəmirəm. Şübhə yoxdur ki, Azərbaycanla münasibətlər İsrail üçün çox dəyərli olan mühüm strateji sərvətdir - bu, göz qabağındadır. Ölkələrimizin maraqları qarşılıqlıdır, eyni deyil – hər ölkənin öz prioritet sahələri var. Amma münasibətlərimizdən doğan maraq və fayda, şübhəsiz ki, qarşılıqlıdır.

- Sizcə, Avropada baş verən müharibə Azərbaycanla İsrail arasında münasibətlərə təsir edə bilərmi?

- Bu, Azərbaycan Respublikasının öz milli təhlükəsizlik doktrinasını necə qəbul etməsi ilə bağlıdır.

Siz hər şey dəyişə bilərmi deyə soruşursunuz? Bəli, dəyişəcək. Vəziyyət həmişə dəyişir. Yeni təhlükələr yaranacaqmı? Ancaq bu, baş verən hadisələrin Azərbaycanda necə qəbul olunması və analiz edilməsindən çox asılıdır... Hesab edirəm ki, yeni qüvvələr, yeni ittifaqlar yaranacaq. Ölkələrimiz arasında strateji qarşılıqlı anlaşma getdikcə güclənir.

Eyni zamanda Azərbaycanın Moskvadan olan dostları ilə keçmişi var, moskvalı dostları ilə indiki əlaqələri də var... Bakının baş verən prosesləri necə dəyərləndirdiyini və Azərbaycanın müdafiə sahəsində milli maraqlarının nədən ibarət olduğunu başa düşmək önəmlidir.

- Avropadakı müharibə nəticəsində Rusiya sərhədlərində sülh və sabitliyin pozulması təhlükəsi varmı?

- Bu, təhlükəli məqamdır. Məsələn, keçmiş SSRİ ölkələrinin sərhədlərində talibanlar vardır – bəli, nəzəri cəhətdən Ukraynada baş verənlərdən sonra sakitliyin pozulması mümkündür. Belə bir ehtimal var. Amma bu cür gərginləşmələrdə həm maraqlı olmaq, həm də bunun üçün imkanlara malik olmaq əsas məsələlərdəndir ki, burada da sual ortaya çıxır – belə bir istək varmı və varsa, kimdə var?

- Təəccüb doğuran haldır ki, Azərbaycan həm İran, həm də İsraillə uğurlu münasibətlərə malikdir, baxmayaraq ki, bu iki ölkə arasında münasibətlər heç də sadə deyil...

- Bəlkə də bir gün gələcək ki, Azərbaycan İranı İsrailin elə də böyük bəla olmadığına inandıra biləcək. Azərbaycan isə, fikrimcə, ölkələrimiz arasında uğurlu vasitəçi ola bilər...

- Axı Azərbaycan artıq İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasına öz töhfəsini verib...

- Bəli, Azərbaycan müxtəlif dövlətlər arasında gözəl körpü ola bilər... Azərbaycan şiə müsəlman və eyni zamanda böyük yəhudi icmasına malik olan dünyəvi dövlətdir... Əgər məndən gələcəkdə İsrail ilə İran arasında kimin vasitəçi ola biləcəyini soruşsanız, düşünürəm ki, Azərbaycan bu missiya üçün ən uyğun ölkə hesab oluna bilər...

- Əməkdaşlıq haqqında... İsrail hökumətinin hüquq müşaviri dr. Avicxay Mandelblit Azərbaycandakı fəaliyyətinə görə “Aeronavtiks”i məhkəməyə vermək qərarına gəlib. Sizcə, bu, ölkələrimiz arasında münasibətlərə xələl gətirə bilərmi?

- Mən bununla bağlı təfərrüatlı məlumata malik deyiləm. Lakin əminəm ki, bunun ölkələrimiz arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur. İsrail şirkətləri İsrail qanunlarına riayət etməlidirlər. Əgər İsrail şirkəti qanunu pozubsa və ya ona verilən səlahiyyətləri aşıbsa, o, öz hərəkətləri ilə bağlı izahat verməlidir.

Bunun İsraillə Azərbaycan arasındakı münasibətlərə heç bir aidiyyəti yoxdur. Bu, İsrail şirkətlərinin fəaliyyət göstərdiyi dünyanın istənilən başqa ölkəsində də baş verə bilər... Əgər biz hərbi texnikanı, deyək ki, ABŞ-da satırıqsa və bu şirkət Müdafiə Nazirliyinin göstərişi ilə icazə verilməyən bir işi görürsə, o zaman bu İsrail şirkəti də eyni problemlə üzləşəcək. Hansı ölkəyə satmasının fərqi yoxdur, önəmli olan şirkətin bu zaman İsrail qanunlarını və lisenziyasının şərtlərini pozmamasıdır.

- Amma bir çox sadə insanlara elə gəlir ki, belə olan halda İsrailin Ermənistanın maraqlarını Azərbaycanın maraqlarından üstün tutduğu ortaya çıxır...

- Xeyr, bu heç də belə deyil... İsrail şirkəti varsa, o, İsrail qaydaları çərçivəsində işləməyə məcburdur... Dünyanın istənilən ölkəsində İsrail şirkəti İsrail qanunlarına və aldığı lisenziyaya uyğun şəkildə fəaliyyət göstərməlidir. Sabah başqa bir şirkət İsrail qanunlarını pozarsa, ən dost ölkədə belə, o şirkət məhkəməyə verilə bilər və bunun Azərbaycana aidiyyəti yoxdur.

- Məhkəməyə müraciət etmək faktının özünün erməni lobbisinin İsraildəki fəaliyyəti ilə bir əlaqəsinin olmadığına əmin olmaq mümkündürmü?

 - Mənə inanın, bunun erməni lobbisi ilə heç bir əlaqəsi yoxdur. Nə erməni lobbisi ilə, nə də Ermənistanla. Əgər şirkətin İsrail qanunlarını pozduğuna dair şübhə yaranarsa, yoxlama başlayır... Məsələ sadəcə bundan ibarətdir.

- Bu, təhlükəli presedent yaratmazmı?

- Ümid edirəm ki, onlar hər-hansı səhvə yol verməyiblər. Əgər qanun pozuntusuna yol verilibsə, o zaman qanunauyğun tədbirlər görüləcək. Bu isə heç bir halda Azərbaycanla münasibətlərimizə mane olmayacaq. Heç bir şəkildə.

- Fiziki şəxs kimi Azərbaycanla əlaqələrinizi yeniləmək istərdinizmi?

- Bəli, buna çox xoşbəxt olardım. Mən indi fiziki şəxsəm, kibermüdafiə, tibb və s. ilə məşğul oluram. Mənim startapım var və bu yaxınlarda biz uğurlu addım atdıq.

Azərbaycan mətbəxini sevirsinizmi?

- Çox sevirəm.

Məhz hansı yeməkləri xoşlayırsınız?

- Masada olan bütün yeməkləri böyük zövqlə yeyirdim...

- Ancaq bəzən o qədər də koşer deyil, elə deyilmi?

- Elə şeylər var ki, onlar barəsində danışılmır, elə deyilmi? (gülür). Mən Azərbaycanı çox sevirəm və münasibətlərimizin gücləndirilməsinə şad olaram.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR