İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Laçın yolu ilə bağlı niyə indi dilə gəldi?

1680 28.12.2022 09:57 Siyasət A A

Belə görünür ki, Rusiya ermənilərin könlünü almaq üçün mövqeyini İrəvanın xeyrinə dəyişməyə qərar verib

Laçın yolunda davam edən aksiyanın tələblərinin yerinə yetirilməməsinin Azərbaycana qarşı beynəlxalq təzyiqləri artırmaq məqsədi daşıdığı aydındır. Son günlər Ermənistan dövləti, separatçı rejim, erməni lobbisi bütün imkanlarını səfərbər edib. Azərbaycana qarşı BMT, Avropa İttifaqı, ATƏT, Fransa və digər səviyyələrdə rəsmi Bakıya təzyiqləri artırsalar da, bu, qərarımıza təsir etmir və edəcək kimi də görünmür. Erməni ekspertlər də bəyan edir ki, bu proses nə qədər uzun sürərsə, beynəlxalq müstəvidə ermənilər üçün bir o qədər sərfəli vəziyyət yaranar.

Erməni müxalifətinin bəzi təmsilçiləri isə bəyan edirlər ki, baş verənlər Ermənistana birbaşa təsir etmək cəhdidir, Laçın dəhlizi Rusiya-Azərbaycan razılaşması ilə bağlanıb. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya sülhməramlılarının öz öhdəliklərini yerinə yetirməməsi ilə bağlı bəyanatından sonra Laçın dəhlizi ilə bağlı Kremlin qarşısında şərt qoyduğu bildirilir. Bu barədə ermənilərə məxsus Telegram kanallarında məlumat yayılıb. İddiaya görə, Paşinyan bildirib ki, yanvarın 10-na kimi Laçın dəhlizi məsələsi həll edilməsə, Ermənistan 2023-cü ilin sonunda KTMT və MDB üzvlüyündən çıxmağı nəzərdə tutur. Qeyd edək ki, İrəvanın bu qurumlarda üzvlüyü 2023-cü ildə başa çatır.

Belə görünür ki, Rusiya ermənilərin könülünü almaq üçün Laçın yolu ilə bağlı mövqeyini İrəvanın xeyrinə dəyişməyə qərar verib.  Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib ki, Laçın yolu ətrafında baş verən bu kimi hadisələr sülh müqaviləsi də daxil olmaqla, ümumi müzakirə mühitini çətinləşdirir. Rusiya tərəfi vəziyyətin yerində nizamlanması üçün ciddi səylər göstərir: “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasını və bütün istiqamətlərdə birgə işin tezliklə bərpasını gözləyirik”. Qaluzinin sözlərinə görə, bu halda sənədin təsdiq olunma tarixi o qədər də vacib deyil: “Əsas odur ki, Bakı və İrəvan regionda sabit və ədalətli sülhə təminat verəcək qarşılıqlı məqbul həllə nail ola bilsin”. Göründüyü kimi, Qaluzinin sözlərində Azərbaycanın haqlı tələblərinə əməl etməyib gərginlik yaradan erməni tərəfinə qınama və çağırış yoxdur. Bəs Moskvanın mövqeyində bu gözəgirən tərəfkeşliyin səbəbləri nədir?

İlyas Hüseynov: Azərbaycanda bu ilin ilk üç ayının yekunları müsbət  qiymətləndirilməlidir

İlyas Hüseynov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri İlyas Hüseynov bildirdi ki, Mixail Qaluzin xarici işlər nazirinin müavini vəzifəsinə 1 aydır təyin olunub, təcrübəli diplomatdır. Lakin verdiyi bu açıqlama regional sülhə töhfə vermək yönündə deyil: “Ümumiyyətlə, Rusiya Cənubi Qafqazda problemlərin köklü surətdə birdəfəlik həll edilməsinin tərəfdarı olmadığını dəfələrlə nümayiş etdirib. Çünki problemlərin qalması Rusiyanın maraqlarına xidmət edir. Bu xüsusda Rusiya həm Azərbaycan ərazisində sülhməramlı qüvvələrini saxlamaq yönündə rəy formalaşdırır, eyni zamanda Qarabağda olan etnik ermənilərin statusu ilə bağlı məsələni qeyri-müəyyən dövrə saxlamaq niyyəti güdür. Bu da Azərbaycanın milli maraqlarına uyğun məsələ deyil. Azərbaycan məsələləri çox tez bir zamanda həll etmək niyyətindədir və imitasiya xarakteri daşıyan danışıqlar artıq baş tutmayacaq. Etnik ermənilərin gələcəyi ilə bağlı artıq bütün suallara aydınlıq gətirilib, onlar Azərbaycan vətəndaşlığını alaraq Azərbaycanın qanunvericiliyinə və yuridiksiyasına uyğun olaraq dövlət orqanlarına müraciət etməlidirlər. Bu, artıq prinsipial mövqedir. Eyni zamanda Azərbaycanın sərvətlərinin qeyri-qanuni istismarına da Azərbaycan icazə verməyəcək. Ümumilikdə götürsək, artıq bütün regional proseslər dekabrın 12-dən öncəki dövrü xatırlatmayacaq və dəyişikliklər mütləq xarakter daşıyır. Ermənistanla Azərbaycan arasında da bütün kompleks sualları özündə əks edən sülh müqaviləsi imzalanmalıdır. Qaluzinin dediyi Bakı və İrəvan arasında sabit, ədalətli sülhün əldə olunmasına təşəbbüs göstərmək lazımdır. Bütün səyləri gücləndirməyə ehtiyac var. Rusiya tərəfi də Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına çalışmalıdır. Çünki Rusiya 2022-ci ildə Rusiya-Ukrayna müharibəsi fonunda çox yaxşı başa düşdü ki, sülh naminə addımlar atmasa, bu moderator pəncərəsini digər güc mərkəzləri doldura bilər. Bu, Brüssel və Vaşinqton arasında da bölüşdürülə bilər. Ona görə də məhz Rusiya həm də regional təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə səmimi və şəffaf yanaşmalıdır. Moskva Rusiyanın bir sıra maraqlarına zərbə vuracaq yersiz Ermənistan tərəfkeşliyini kənara qoymalıdır. Paşinyanın şantajlarından çəkinib yanlış addımlar atması Rusiyanın zərərinə işləyəcək. Ermənistanın MDB-dən və KTMT-dən çıxmaq kimi addım atmaq cəsarəti, imkanı yoxdur. Bunu yəqin ki, Moskva bilməmiş deyil”.

Abutalıb Səmədov: Bundan sonra da Azərbaycan Prezidenti, Müzəffər Ali Baş  Komandan İlham Əliyevin ətrafında sıx birləşməliyik

Abutalıb Səmədov 

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin verdiyi bəyanatda diqqəti daha çox sülh müqaviləsinin imzalanması zərurətinə yönəldib: “Laçın dəhlizində və Xankəndidə yaradılan böhranda kimin günahkar olması barədə onun rəhbəri, Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla keçirdiyi mətbuat konfransında son dərəcə açıq danışdı. O xatırlatdı ki, ekoloqların əraziyə səfəri barədə razılıq əldə olunsa da sonradan razılaşma pozuldu. "Təəssüf ki, bu razılaşma nə Azərbaycan tərəfinin, nə də rus sülhməramlılarının təqsiri üzündən pozulmadı" - deməklə Lavrov günahın erməni tərəfində olduğunu açıq şəkildə bildirdi. Bu, Rusiya dövlətinin rəsmi mövqeyidir və hər dəfə təkrar olunmasa da geniş ictimaiyyətə yaxşı məlumdur. Ancaq həmin mətbuat konfransında dolayı yolla da olsa təxribatı Ruben Vardanyanın təşkil etdiyini söyləyən rus nazir “günahsız” sülhməramlıların onu Qarabağa hansı əsasla buraxdıqlarının üstündən sükutla keçdi. Dekabrın 22-də Rusiya vətəndaşlığından məhrum edilən və heç bir vətəndaşlığı olmayan Ruben Vardanyanın ay yarım əvvəl “dövlət naziri” təyin edilməsinə, hələ də Qarabağda qalmasına və oradan çıxarılmamasına da aydınlıq gətirilmədi. "Azərbaycan-Ermənistan münaqişəsində Rusiya kimin tərəfindədir" - sualının cavabı belədir: "Münaqişənin". Son hadisələr bir daha göstərdi ki, Rusiya həqiqətən də münaqişənin tərəfindədir və onun alovlanması üçün əlindən gələni edir. Ancaq son günlər baş verən hadisələr bir daha göstərdi ki, bütün təxribatlara baxmayaraq Azərbaycan hakimiyyəti öz planları əsasında hərəkət edir və suverenliyimizin Qarabağda tam təmin olunacağı gün uzaqda deyil".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR