İnsanlara hürriyət, millətlərə istiqlal!

"Moskva görüşünün görünməyən tərəfləri çox dərindədir" - Politoloq

1055 22.04.2024 21:06 Son xəbər A A

"Məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyev Moskvada səfərdədir. Bu, fevralda baş tutan prezident seçkilərindən sonra Moskvaya baş tutan ilk səfərdir".

Musavat.com bildirir ki, bu sözləri politoloq Zaur Məmmədov prezident İlham Əliyevin Moskva səfərini şərh edərkən bildirib.

Politoloqun fikrincə, bu dəfə də Kremldə baş tutan görüşə, nəinki Qafqazda, ümumilikdə Qərbdə və region ətrafında diqqət böyükdür.

"İlk növbədə onu qeyd etmək lazımdır ki, Moskva görüşünün rus sülhməramlılarının vaxtından əvvəl dinc şəkildə bölgəni tərk etməsi fonunda baş tutması, Azərbaycan və Rusiya arasında əməkdaşlığın hazırda qarşılıqlı anlayış şəraitində olmasının bariz nümunəsidir. Bakı və Moskva son addımları ilə siyasətdə vəd və sözünə sadiqliyin nə olduğunu göstərmiş oldular", deyə politoloq vurğulayıb.

Zaur Məmmədov həmçinin qeyd edib ki, Azərbaycan lideri MDB məkanında ən çətin bölgədə yerləşməyimizə baxmayaraq Rusiya ilə münasibətlərdə müstəqilliyini qoruyan, dövlət və milli maraqları tam olaraq həyata keçirməyi bacaran yeganə lider olmağı bacardı: "Rusiyada baş tutan Kazan görüşü, o zaman Medvedevin bəyanatı, Qarabağda status - kvo ilə bağlı arzuları fonunda rəsmi Bakı reallığın tamam fərqli olduğunu dialoq yolu ilə göstərdi. Cənubi Qafqazda 200 ildən sonra ilk dəfə olaraq bölgənin geosiyasi konfiqurasiyası dəyişdi, Qara dəniz - Xəzər regionunda Azərbaycanın başçılığı ilə yeni dönəmə başlanıldı.

Təbii ki, yaranmış mövcud reallıqlar bizə qonşu olan dövlətlərin Azərbaycana yanaşmasında yeni baxış bucaqları və davranışlar sistemini tələb edirdi ki, Moskvanın Bakıya yanaşmasında bunu son zamanlar xüsusilə görməkdəyik. 19- 20 sentyabr 2023 hadisələri, BMT TŞ - da 2022 və 2023 - də baş verənlər aysberqin görünən hissələri idi.

Azərbaycanın bölgədə yeni reallıq yaratması və Qafqazın real siyasi mərkəzinə çevrilməsi fonunda Ermənistanda baş verənlər regionla bağlı yuxarıda qeyd edildiyi kimi Rusiya hökumətinin baxış bucağında korrektələrlə müşahidə olunurdu. Burada, xüsusilə onun üzərində dayanmaq lazımdır ki, şimal qonşumuzun xarici siyasət davranışı birbaşa olaraq, həm də, Ukrayna, əslində isə, ABŞ və bəzi Qərb dairələri ilə ziddiyyətlərin həlli nəticəsindən və liderlik kürsüsündə kimin olmasından asılıdır. İndiki vəziyyətdə son 4 il ərzində Qafqazda cərəyan edən hadisələr hər kəsə məlumdur.

4 kəndin qaytarılması, delimitasiya- demarkasiya, Zəngəzur dəhlizi, sülh müqaviləsi kimi Azərbaycan və Ermənistan arasındakı mövzular, sözsüz ki, Moskvanın diqqəti mərkəzindədir. Məlumdur ki, Ermənistan delimitasiyanın 1991 -ci il Alma - Ata sazişinə müvafiq olaraq o dövrün xəritələrinə əsasən aparılmasını istəyir. (Hərçənd orada dəqiq xəritələrdən və xətlərdən söhbət getmir) Lakin, məlumdur ki, xəritələrlə bağlı tərəflər arasında fikir ayrılığı var. Eyni zamanda, Zəngəzur dəhlizi ilə bağlı Paşinyan hələ də vaxtı uzatmaqla məşğuldur.

Bu gün Moskvada baş tutan görüş, sözsüz ki, aktualdır, lazımlıdır və gələcəyə istiqamətlənəndir. Onun görünməyən tərəfləri isə çox dərindədir".

Politoloq Rusiya-Azərbaycan arasındakı son iqtisadi, humanitar əlaqələri də dəyərləndirərək, qeyd edib: "2017 -ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Bununla yanaşı, 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqayisədə 87 faiz, o cümlədən tranzit yüklərin həcmi dörd dəfəyə yaxın artıb. Həmçinin Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.

Ölkələrimiz arasında əlaqələrin sürətli inkişafının qarşıdakı dövrdə də uğurla davam etdirilməsi və daha da genişləndirilməsi məqsədilə bu ilin yanvarında “Azərbaycan-Rusiya əməkdaşlığının inkişafının əsas istiqamətləri üzrə 2024-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.

Bundan başqa, Azərbaycan Rusiyanın ayrı - ayrı regionları ilə ikitərəfli ticarət əlaqələrini genişləndirməkdədir. Ticarət evləri, hümanitar sahədə regionlarla əməkdaşlıq, şəhərlərin qardaşlaşması və s. buna misaldır.

Humanitar əlaqələr Azərbaycan-Rusiya əməkdaşlığında mühüm yer tutur. Hazırda Azərbaycanın 26 ali məktəbində rus dilində təhsil həyata keçirilir, 16 min Azərbaycan vətəndaşı olan tələbə rus dilində təhsil alır. Həmçinin 324 orta məktəbdə təhsil rus dilində aparılır".

Politoloq həmçinin vurğulayıb: "Bu səfərin ən yaddaşlarda qalacaq məqamı liderlərin Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirakı olacaq. Bu, Ulu Öndər Heydər Əliyevin bu nəhəng layihənin ərsəyə gəlməsində mühüm xidmətlərinin yad olunması ilə yanaşı, dövlətlərimizin və xalqlarımızın əməkdaşlığının və dostluğunun da növbəti ifadəsi olacaq.

Dövrünün ən böyük infrastruktur layihələrindən olan Baykal-Amur Magistralı (BAM) dünyanın ən uzun dəmir yolu xəttlərindən biridir. Elə buna görə də BAM xəttini “Əsrin layihəsi” adlandırırdılar. BAM həm də SSRİ-nin irimiqyaslı iqtisadi layihəsi idi. Magistral dəmir yolunun tikintisi layihəsi Sovet İttifaqının qlobal iqtisadiyyatda yerinin nəzərdən keçirilməsi məqsədi daşıyırdı. Belə ki, BAM ölkənin şərq bölgələrini effektiv inkişaf etdirmək, yeni sənaye zonaları yaratmaq, xarici texnologiyalara çıxış əldə etməklə müasirləşmək, qarşılığında isə Yaponiya, ABŞ və digər kapitalist ölkələrin təbii sərvətlər təchizatçısı kimi SSR-nin rolunun gücləndirilməsi kontekstində hazırlanmışdı.

1974-cü ildə Sovet İKP MK və SSRİ Nazirlər Soveti “Baykal-Amur dəmir yolunun tikintisi haqqında” qərar qəbul edildi və bu nəhəng layihənin icrasına başlanıldı. Bundan sonra SSRİ-nin bir çox yerlərindən olduğu kimi, Azərbaycandan da minlərlə gənc tikinti işlərində çalışmağa yollandı. Lakin texnoloji çətinliklər dəmir yolunun inşasının uzun illər davam etməsinə səbəb oldu. Həmin dövrdə Ümummilli Lider Heydər Əliyev Baykal-Amur Magistralının həyata keçməsinə dəstək verən Siyasi Büro üzvlərindən biri idi. Sovet İttifaqında nəqliyyat sisteminin inkişafına xüsusi diqqət yetirən və bu sahəni ölkənin “arteriya damarı” adlandıran SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyevin 1984-cü ildə magistral boyunca 10 günlük səfər etməsi ilə BAM-ın tikintisində ciddi dönüş yarandı. Ulu Öndər sovet dövlətinin magistral boyu bir neçə günlük səfərə yollanan ilk yüksəkvəzifəli şəxsi idi. Moskvaya qayıdan Heydər Əliyev iyulun 5-də Sov. İKP MK Siyasi Bürosunun iclasında Baykal-Amur dəmir yolunun tikintisi ilə əlaqədar geniş məruzə ilə çıxış etdi. Məruzədə tikintinin sürətləndirilməsi üçün yeni ideya irəli sürərək onun həyata keçməsinə nail oldu.

Bu və digər şəkildə Moskva səfərində baş verənlər iki tərəf arasında əməkdaşlıqda pozitiv nəticələrin olmasından xəbər verir, eyni zamanda qarşıdakı aylar ərzində - münasibətlərdə bu müsbət trendin davam edəcəyinə əminliyini ehtiva edir".

 

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR