İnsanlara hürriyət, millətlərə istiqlal!

Molokanlardan qalan "Molokan" bağı, necə "Xaqani" oldu? - "ParklarıMIZ", FOTOLAR

10503 04.04.2015 20:13 Proje A A
Son illər Bakının mərkəzi hissəsində intensiv tikinti işləri aparılır. Artıq köhnə Bakıdan, demək olar ki, əsər-əlamət qalmayıb. 

Köhnə Bakının simvolları sayılan tikililər, park və meydanlar ya sökülür, ya da yenidənqurma adı ilə tamamilə dəyişdirilir. Bunlarla yanaşı həm də, yeni parklar salınır, köhnələr yenilənir.

Musavat.com olaraq, yeni layihəyə başladıq. "ParklarıMIZ" projemizdə oxucularımızı paytaxt Bakıda yerləşən yeni və köhnə parklarla tanış edəcəyik. 

Parkların yaranma tarixi, hazırkı vəziyyətləri və onlara xərclənən vəsaitdən yazacağıq. Sizlərə ilk olaraq təqdim edəcəyimiz parkı demək olar ki, şəhər sakinlərinin hər biri tanıyır. Bu, el arasında "Molokan" adı ilə tanınan "Xaqani" bağıdır.

Bu bağın maraqlı tarixçəsi var. Karqanov, Xaqani, Qoqol və Ü.Hacıbəyov küçələrinin kəsişməsində yerləşən bağı təsadüfi olaraq seçməmişik. Bu bağın adının belə öz tarixçəsi var.

19-cu əsrdə bu bağı bütün tərəflərdən, müxtəlif qəzalardan mal gətirən molokanların tez-tez qaldığı karvan-saraylar əhatə edib. Yaxın küçələr, döngələr, həyətlər çəllək emalatxanaları ilə örtülmüş olub. Üfunətli sular, dizə qədər qalxan palçıq xəstəlik və epidemiyaya səbəb olurmuş.

Buna görə də 19-cu əsrin 70-ci illərində rəhbərlik bu yerdə bağ salmaq qərarına gəlib və bura Molokan meydanı adlandırılıb. Mərkəzi (burjuaziya) məhəllələrin tikilməsi ilə əlaqədar olaraq Molokan qəsəbəsi öz həyəti və tövləsi ilə birlikdə, molokanlar isə tamamilə yeni rayona köçürülüb. 

Bəs Molokanlar kimdir? Molokanlar — xristianlığın pravoslav qolunun sektalarından biridirlər. XVIII əsrin ikinci yarısında Rusiyada yaranmış Molokanlar, kilsəni və keşişləri inkar edir, ibadət mərasimini adi evlərdə keçiriblər. Molokan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir.

Molokanlar hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində "moloko") içdiklərinə görə belə adlanırlar. Molokanlar özləri isə bu adı, "mənəvi südlə qidalanmaları" ilə izah edirlər.

1820-ci ildən başlayaraq, molokanlar Cənubi Qafqaza, Krıma, 1870-ci illərdə isə Sibirə, Zakaspi və Qars vilayətlərinə köçürülmüşlər. Azərbaycanda molokanlar əsasən kəndlərdə ayrıca icmalar şəkilində məskunlaşmışlar. Onlar öz adət-ənənələrini, dillərini və dini baxışlarını qoruyub saxlamaqla yanaşı, həmin ərazidə yaşayan yerli azərbaycanlılarla qarşlıqlı ünsiyyət də qurmuşlar.

"Molokan" bağı "Sisianov" bağının ardınca salındığına görə, su azlığından və şəhər rəhbərliyinin diqqətsizliyi ucbatından inkişafdan geri qalırmış.

Bağın adı müxtəlif səbəblərə görə, bir neçə dəfə dəyişdirilib. Sovet hakimiyyəti qurulduqdan sonra "Molokan" bağı "9 Yanvar" adlandırılmağa başlanılıb. Sonra isə bağa Həşim Əliyevin adı verilib. Hazırda bağ Xaqaninin adını daşıyır.

Müharibədən sonra bağ iki dəfə bərpa edilib. Memarlıq-landşaft kompozisiyasının əsası “Üç gözəl” heykəllər qrupu ilə əyrixətli formalı hovuzdan ibarətdir. Pyedestal olaraq heykəltəraş təbii daşlardan istifadə edib.

Bağ 2009-cu ildə əsaslı şəkildə rekonstruksiya olunub, yeni bitkilər əkilib, uşaq attraksionları qurulub. Buna baxmayaraq 2011-ci ildə bağ yenidən əsaslı təmir edilib. Amma bağın əvvəlki forması saxlanılıb. Bir zamanlar bağda olan kafe sökülüb, onun yerinə 3 mərtəbədən ibarət "Süfrə" restoranı tikilib. 

Bağda balaca uşaqların əylənməsi üçün kiçik də olsa pulsuz attraksionlar quraşdırılıb. Bu da uşaqlı ailələrin bağda rahat dincəlməsinə yardımçı olur. 

Bəzi park və bağlardan fərqli olaraq, burada yaşıllıqlara toxunulmayıb. Əksinə, burada olan bəzi ağacların 70-dən çox yaşı da var.

Bağın şəhərin ən çox ziyarət edilən yeri olan "Nizami" küçəsinə yaxın olması, ziyarətçilərinin də bol olmasına gətirib, çıxarır.

"Xaqani" bağına təqaüdçü insanlar da gəlir. Bəziləri dincəlməyə, bəziləri isə yeri süpürməyə... Bağın əsas ziyarətçiləri gənclərdir. Burada hər gün skamyada əyləşən gənc cütlükləri görmək mümkündür. 

Məhəmməd TÜRKMƏN
Fotolar müəllifindir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR