İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejiminin Bakıya qarşı yeni avantürası - səfir Tehrana niyə çağırıldı?

2504 06.01.2023 11:18 Siyasət A A

İran generallarının bizi hədələdiyi bir vaxtda xarici işlər naziri qəfildən “U” dönüşü edərək Musəviyə Azərbaycanla münasibətləri yaxşılaşdırmağı tapşırdı; ermənipərəstliyə görə peşmanlıq, yoxsa...

Əvvəlcə bu xəbərdən başlayaq ki, ötən ilin sonundan, yəni dekabrın 30-dan İran ordusu sərhəd zonalarında “Zolfakar-1401" iri hərbi təlimlər keçirir. "Yeni Müsavat"ın siyasət şöbəsi yazır ki, hərbi manevrləri koordinasiya edən admiral Həbibullah Səyyari təlimlərin məqsədinin İran Silahlı Qüvvələrinin müxtəlif bölmələrinin birgə əməliyyatlarının planlaşdırılması və keçirilməsi səviyyəsini yüksəltmək olduğunu qeyd edib. Təlimdə İranın zirehli bölmələri, piyada, raket, Hərbi Dəniz Qüvvələri, hava hücumundan müdafiə, dəniz piyadaları və strateji bombardmançı təyyarələri iştirak edib. İranın general-mayoru Qulaməli Rəşid isə bildirib ki, İran İsrailə öz ərazilərində “bazalar qurmağa” icazə verən ölkələrə hücum etməkdən çəkinməyəcək. Generalın fikirləri İRNA-da yayılıb və oradakı məzmuna görə, sionist rejimlə əməkdaşlıq edən, sionist rejimi baza, obyektlərlə təmin edən istənilən ölkə silahlı qüvvələrin hədəfi olacaq.

Bu səpkidə xarici KİV-lər iddia edir ki, İranın hədələri məhz Azərbaycana, İraqdakı kürd muxtariyyətınə və Birləşmiş Ərəb Əmirliklərinə yönəlib. Elə SEPAH da bugünlərdə bir video yayaraq Azərbaycana hədə mesajı göndərib. Bu barədə “Trend” xəbər yaymışdı. Elə bu təlimlərin və açıqlamaların aktual olduğu bir zamanda İranın Azərbaycandakı səfiri Səid Abbas Musəvi məsləhətləşmələr aparmaq üçün Tehrana gedib. İranın "Mehr" agentliyinin məlumatına görə, səfir İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanla görüşüb. İran XİN-in rəsmi məlumatında bildirilir ki, səfir nazirlə görüşdə Tehran və Bakı arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyəti, habelə gələcək gündəlik haqqında hesabat verib. İranın XİN başçısı Tehranın bütün qonşuları ilə yaxşı münasibətləri olduğunu bildirib. “O, Musəviyə iki ölkə arasında siyasət, iqtisadiyyat və mədəniyyət sahələrində münasibətlərin inkişafı və möhkəmləndirilməsi, yaxın gələcəkdə ikitərəfli iqtisadi komissiyanın uğurlu iclasının keçirilməsi üçün zəruri təlimatlar verib” - İran XİN-in rəsmi məlumatda belə deyilir. Bundan əvvəl Musəvinin Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə görüşü keçirilib, daha sonra Azərbaycan və İran XİN başçıları arasında telefon danışığı baş tutub. Münasibətlərin istiləşməsi hər iki ölkənin dövlət KİV-ləri səviyyəsində bir neçə həftə davam edən qarşılıqlı ittihamlardan sonra baş verir.

İranın Azərbaycana qarşı iki cəbhədə mümkün təxribatı: Rəsmi Bakı hazırdır  - TƏHLİL

Bundan başqa, hələ dekabrın 31-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı arasında telefon danışığı baş tutub. Nazirlər arasında ikitərəfli gündəliyin aktual məsələləri, xüsusilə də iqtisadi-ticarət və nəqliyyat sahələrində əldə edilmiş razılıqlar çərçivəsində icra edilən layihələr müzakirə olunub. Bununla yanaşı, “Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının” İran tərəfindən yeni həmsədrinin təyin edilməsi ilə komissiyanın işinin intensivləşdirilməsi niyyəti ifadə olunub. Tərəflər həmçinin bölgədə postmünaqişə dövründə vəziyyəti, habelə daha geniş regional məsələləri müzakirə ediblər. Amma belə görünür ki, İran öz generallarının ağzı ilə avantüralarını davam etdirir. Təbii ki, bu, molla rejiminin Azərbaycana qarşı ilk hədə-qorxu dolu addımı deyil. Azərbaycan cəmiyyəti İkinci Qarabağ müharibəsindən sonra İranın bu cür ikiüzlü siyasətinin, təşəbbüslərinin dəfələrlə şahidi olub. İran rejimi anlamalıdır ki, Azərbaycanla hədə dili ilə danışmaq heç bir fayda verə bilməz.

Ankara da İranın bəyanatlarından narahatdır. Bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın NTV kanalına müsahibəsində bildirib. “Biz də Bakı kimi İran tərəfinin bəzi bəyanatlarından narahatıq. Bu baxımdan üçtərəfli formatda danışıqlar bütün bu məsələləri həll edə bilər”, - deyə Kalın qeyd edib. Amma qəfildən Tehranın geridönüşü, ilin ilk günlərində nazirin səfirə Bakı ilə əlaqələri yaxşılaşdırmaq üçün təlimat verməsi suallar doğurur. Tehran tutduğu düşmənçilik mövqeyindən peşman olub? İran Azərbaycanla gərginliyin aradan qalxmasını istəyirmi? Bölgədə hansı geosiyasi proseslər başlanır ki, İran diplomatiyası bundan agah olub belə əl-ayağa düşüb? Tehran Bakıya qarşı ritorikasını dəyişəcəkmi?

Sərkisyanın sayıqlaması: ermənilər hücuma hazırlaşır - Qabil Hüseynli canlı  yayında...

Qabil Hüseynli 

“Yeni Müsavat”ın suallarını cavablandıran professor Qabil Hüseynli vurğuladı ki, molla rejiminin ən böyük bəlası dünyadakı prosesləri başa düşməməsidir. Onun sözlərinə görə, dünyanın ən çox sanksiyalar tətbiq edilən ölkəsinə çevrilmiş İran regionda gedən geosiyasi hadisələri anlamalıdır: “Belə görünür ki, SEPAH-ın başıboş generallarından fərqli olaraq, rəsmi elitada nələrisə anlamağa başlayıblar. Əgər keçici xarakter daşıyacaqsa, fəlakətin qarşısını ala bilməyəcəklər. Onlar çevrənin daraldığını, başları üzərində buludların qatılaşdığını görürlər. Artıq "Qüdsə gedən yol Bakıdan keçir" kimi səfeh fikirlər səsləndirən SEPAH generallarının zərərli çıxışlarını siyasi elita dərk edir, bəzi məsələləri anlayır. Ona görə dünya və bizimlə münasibətləri yaxşılaşdırmaq üçün belə addım atacaqlarsa, bunu təqdir etmək olar. Ən azından 40 milyonluq azərbaycanlının İranda yaşadığını nəzərə almalıdırlar". Q.Hüseynli yada salır ki, İran və Azərbaycan prezidentlərinin Aşqabad görüşündən sonra Tehranın xeyrinə olmayan hadisələr baş verdi: “Siyasi münasibətlər Tehran üçün yaxşıya doğru inkişaf etmədi. İran Azərbaycana qarşı "əsəb müharibəsi"ni ortaya atmaqla test etmək istədi, bu da alınmayanda indi münasibətləri sahmana salmaq istəyə bilər. Əgər bu dəfə də riyakarlıq elementləri olacaqsa, İran rejimi ağır nəticələrlə qarşılaşacaq".

Dövlət şəhid və qazi ailələri üçün heç nəyi əsirgəməməlidir” – Arzuxan  Əlizadə – Yenicag.Az

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadənin “Yeni Müsavat”a bildirdiyinə görə, münasibətlərdə gərginlik uzun müddətdir davam edir və müharibədən sonra daha da yüksəlib. Partiya sədrinin fikrincə, səbəbkar İrandır: “Rəsmi Tehran bizə təhdidlər yağdırır, buna ara vermirlər, sərhəddə təlimlər keçirirdilər, Azərbaycanı hədələyirdilər. Sözsüz ki, Azərbaycan bunun qarşılığını verdi, üstəlik, əvvəlkindən daha yüksək səviyyədə adekvat cavab aldılar. Eləcə də Türkiyənin bu məsələdə mövqeyi göz qabağındadır, həmçinin ABŞ dövlət katibi Bakını dəstəkləyən bəyanatla çıxış edib, o cümlədən İranın daxilində çaxnaşmalar, iğtişaşlar səngimir, ona görə bütün bunları nəzərə alan İran rejimi Azərbaycanla münasibətləri yumşaltmağı qərara ala bilər. Əslində İran heç zaman səmimi olmayıb, indi də hansı addımları atmasından asılı olmayaraq heç vaxt səmimi olmayacaq”. AMİP sədrinin fikrincə, sadəcə, molla rejimi özünə olan zərbələrdən qorunmaq üçün bu manevri edə bilər: “AMİP 2023-ü güneyli soydaşların hüquqlarının müdafiəsi ili elan edib, bir sıra tədbirlərimiz keçiriləcək, eyni zamanda Azərbaycan dövləti də bilməlidir ki, İran rejimi bundan sonra da bizə səmimi olmayacaq. Ona görə güneyli soydaşlarımızın müdafiəsi istiqamətində dövlət öz işini həyata keçirməlidir”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR