İnsanlara hürriyət, millətlərə istiqlal!

Millimizin “günəşi” Şenol olacaq? - AFFA danışıqlar aparır...

609 09.12.2023 08:00 İdman A A

Türkiyə millisinin və “Beşiktaş” klubunun sabiq baş məşqçisi Şenol Günəş Azərbaycan millisini çalışdıra bilər. Türkiyə mətbuatı xəbər verir ki, AFFA 71 yaşlı mütəxəssislə danışıqlara başlayıb. 

Qeyd edək ki, türkiyəli məşqçinin son komandası “Beşiktaş” olub. O, bu il oktyabrın 6-da uğursuz nəticələrə görə istefaya göndərilib. 

“Azərbaycan millisində işləməkdən qürur duyaram”. 

Bunu Şenol Günəş ölkəsinin mətbuatına açıqlamasında bildirib. 71 yaşlı mütəxəssis müvafiq şəxslərdən ona təklif gəldiyini söyləyib: “Rəsmi dəvəti gözləyirəm, oturub ətraflı danışmaq lazımdır. Azərbaycan futbolu yüksəlişdədir”. 

Xatırladaq ki, Azərbaycanın futbol millisinə son olaraq Canni De Byazi başçılıq edib. İtaliyalı mütəxəssis noyabrın sonunda öz istəyi ilə yığmadan ayrılıb. Şenolla danışıqlar aparılırmı? Son durum nədir? Namizədlər kimdir? Məşqçinin müəyyən olunması üçün nə qədər vaxt qalır?

MATC.AZ: AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin yeni  rəhbəri müəyyənləşdi

Elnur Məmmədli: “Tələsik addım atmağımıza ehtiyac yoxdur”

Yaranan suallarla bağlı AFFA-nın da mövqeyini aldıq. Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Elnur Məmmədli iddiaların doğru olmadığını söylədi: “Hazırda heç bir məşqçi ilə danışıqlar aparılmır. Çünki Azərbaycan milli komandasının növbəti oyunu gələn ilin martında olacaq. Yoldaşlıq oyunu keçiriləcək. Gələn ilin sentyabrında isə rəsmi oyunlar, Millətlər Liqasının oyunları start götürəcək. Gördüyünüz kimi, kifayət qədər vaxt var. Son olaraq, İcraiyyə Komitəsinin iclasında İşçi Qrupunun yaradılması ilə bağlı qərar verildi. Məşqçi seçimi ilə bağlı bu qrup məşğul olacaq. Yaxın vaxtlarda İşçi Qrupunda kimlərin təmsil olunacağı barədə rəsmi açıqlamanı mətbuata verəcəyik”.

E.Məmmədli Şenol Günəşin açıqlamalarına da münasibət sərgilədi: “Hər hansı bir ölkənin millisinin, yaxud da klubunun baş məşqçi postu boş olanda vaxt keçdikcə bu tipli xəbərlər istər-istəməz yayılır. Amma yenə də dediyim kimi, heç bir mütəxəssisə, məşqçiyə rəsmi dəvət göndərilməyib. Çünki, bir daha vurğulayıram ki, kifayət qədər vaxt var. Bu baxımdan tələsik addım atmağımıza ehtiyac yoxdur”.  

Natiq Muxtarlı yazır: Avropanın səssiz işğalı - Onlar gəliblər

Natiq Muxtarlı: “Yığmanın baş məşqçisinin kim olmasının heç bir önəmi yoxdur, əgər...”

İdman mütəxəssisi Natiq Muxtarlı isə AFFA-nın yenə üzünü əcnəbi məşqçilərə çevirməsindən təəssüflənir: “Azərbaycan yığmasının baş məşqçisi postuna namizədlər arasında yenə də əcnəbilərin adları hallanır, əvvəlcə Fatih Terim, sonra Şenol Günəş, yığmanın sabiq baş məşqçisi Robert Prosineçki. Heç şübhə yoxdur ki, bütün bunları dövriyyəyə AFFA rəhbərliyi buraxır. Bu da onu göstərir ki, AFFA-da oturanlar yığmaya yenə də əcnəbi məşqçi gətirmək niyyətindədirlər. Belə informasiyaları buraxmaqla, ictimai rəy yaratmaqla yanaşı, həm də cəmiyyətin nəbzini yoxlayırlar. Ancaq günün mövzusu bu olmamalıdır. ”Yığmanın baş məşqçisi kim olmalıdır" sualı müzakirə edilməməlidir. Yığmanın baş məşqçisinin kim olmasının heç bir əhəmiyyəti yoxdur. Kim olmasından asılı olmayaraq, nəticə olmayacaq. Çünki bizdə futbolçu yoxdur. İkinci divizionda çıxış edən “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov deyir ki, komandanı gücləndirmək üçün Azərbaycanda futbolçu tapa bilmirəm. Dəhşətdir! İkinci divizion komandası futbolçu tapa bilmir. AFFA isə hesabat verib ki, ölkədə 200 mindən yuxarı uşaq futbolla məşğul olur. 200 min və ikinci divizionda futbolçu tapılmır. Hanı o 200 min futbolçu? İkinci diviziondan oynamağa futbolçu tapa bilməyən ölkənin yığmasına əcnəbi məşqçi gətirməzlər. O məşqçi gəlib nə edəcək? Heç nə, sadəcə özü ilə gətirdiyi 5-6 nəfərlə birgə daha 10 milyon pulumuzu aparacaq. Belə görünür ki, AFFA rəhbərliyini futbolun durumu qətiyyən maraqlandırmır. Maraqlandırsaydı, indi çıxıb deyərdilər ki, bu vaxta qədər heç bir iş görməmişik, bundan sonra islahatlara başlayırıq. Açıq şəkildə deməlidirlər ki, bu yığmadan nəticə tələbə etməyin. Millinin baş məşqçisi yerli olmalıdır. O yerli mütəxəssislə də yığma 4-5 xal toplayacaq. Lap yığmanın baş məşqçisi olmasa belə, yenə də həmin nəticə olacaq. Ona görə də, bu məsələni şişirtməyə ehtiyac yoxdur. Gəlin özümüzü aldatmayaq, Azərbaycan yığmasının heç bir iddiası, potensialı yoxdur. Belə olan təqdirdə yığmaya hansı məşqçinin rəhbərlik etməsinin nə mənası var? Yığmaya baş məşqçi təyin etməməklə, gecikmirik. Biz uşaq futbolunda islahatlara başlamamaqla gecikirik. Azərbaycan futbolunun problemi qalıb bir tərəfdə, AFFA millinin baş məşqçisi məsələsi ətrafında şou yaradır. AFFA İcraiyyə Komitəsinin bəzi üzvləri menecerlərlə əlbir işləyirlər. Onlar millinin baş məşqçisi məsələsində pul qazanırlar. Hansısa menecerin təklif etdiyi əcnəbinin təyinatına “hə” deyirlər, ondan öz haqlarını alırlar. Milli ətrafında çox böyük, çirkin işlər görülür. Cəmiyyət bu məsələnin araşdırılmasını tələb etməlidir. Yenə də deyirəm, yığmanın baş məşqçisinin kim olmasının heç bir önəmi yoxdur, əgər futbolumuzun bəlli problemləri həllini tapmayacaqsa".

Oxu.az - Kənan Məstəliyev: “Bu onu göstərir ki, ermənilər hələ də sülh  istəmirlər” - VİDEO

Kənan Məstəliyev: “Guya qapıya növbə düzülüb, üstündə davadır”

İdman yazarı Kənan Məstəliyev bu iddiaları doğru saymır: “Heç kim Şenol Günəşlə danışıqlar aparmır. Boş söhbətlərdir. Türkiyəli mütəxəssislər ətrafında bu cür süni ajiotajın yaradılması köhnə variantlardır. Guya qapıya növbə düzülüb, üstündə davadır. Azərbaycandan heç kim Günəşi istəməyib, istəməyəcək də. Ola bilər, agentlər vasitəsilə federasiya rəhbərliyinə təklif olunan adlar arasında o da var, amma real heç nə ortada yoxdur. Hazırda heç kimlə danışıq aparılmır. Bu barədə İcraiyyə Komitəsinin üzvü, vitse-prezident Vaqif Sadıqovun açıqlaması aydın deyir. O yeni baş məşqçi tapmaq üçün yaradılması tapşırılan İşçi Qrupun hələ yaradılmadığını bildirib. Bu açıqlama hər şeyə aydınlıq gətirir. Bu müddətdə kimin adı hallansa, şayiə olduğunu qəbul etməliyik. Düşünürəm ki, bu məsələyə yanvarda diqqət ayrılacaq, müzakirələr aparılacaq, yeni federasiya prezidentinin kimliyinə aydınlıq gələndən sonra yeni baş məşqçinin kimliyi də bilinəcək”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR