İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə təhsildəki problemlər müzakirə olundu

478 28.12.2022 10:48 Siyasət A A

Deputatlar Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşündən danışdılar; komitə sədri: “İndi hamımız özümüzü qərbi azərbaycanlı hesab etməliyik”

Dekabrın 27-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Cari məsələlərin müzakirəsi zamanı çıxış edən deputat Jalə Əliyeva Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə səsləndirdiyi fikirlərinə istinadən Qərbi Azərbaycandakı tarixi torpaqlarımıza böyük qayıdışa inamını ifadə etdi.

Komitə sədri Musa Quliyev də çıxışını Prezidentin Qərbi Azərbaycan İcması ilə görüşü üzərində qurdu. Bildirdi ki, indiki mərhələdə hər birimiz çiynimizi bu yükün altına verməliyik: “Nə qədər ki, Qarabağ işğalda idi, hamımız qarabağlıydıq. İndi isə hamımız özümüzü qərbi azərbaycanlı hesab etməliyik”.

Ardınca M.Quliyev bir neçə gün əvvəl səfərdə olduğu Şimali Kipr Türk Cümhuriyyətindəki görüşlərindən danışdı. “Görüş zamanı kıprıslı həmkarlarımız arzu və istəklərini bildirdilər ki, Kıprıs parlamentində Azərbaycanla dostluq qrupu yaradıldığı kimi, Azərbaycan parlamentində də Kıprısla dostluq qrupu yaradılsın”. M.Quliyev spiker Sahibə Qafarovaya xitabən yaz sessiyasında bu məsələyə baxılmasını təklif etdi.

Komitə sədri Şimali Kiprdən olan deputatların Kıprısın Türk Dövlətlər Təşkilatına müşahidəçi statusunda üzv qəbul olunmasına görə Azərbaycan Prezidentinə təşəkkür etdiklərini də söylədi.

Deputat Fazil Mustafa da Qərbi Azərbaycan İcmasındakı görüşdən, bu görüşün tarixi əhəmiyyətindən, önəmindən bəhs etdi. Bildirdi ki, Qərbi Azərbaycan konsepsiyasını prezident çox səviyyəli şəkildə təqdim edib: “Bu prosesdə tədqiqatçı Zahid Oruc, araşdırmaçı Əziz Ələkbərli və nüfuzlu alimimiz Əhliman Əmiraslanovun iştirakı çox sevindiricidir. Qərbi Azərbaycana qayıdış gələcək Ermənistanla münasibətlərdən asılı olacaq. Odur ki, biz beynəlxalq platformalarda ciddi çalışmalıyıq. Hesab edirəm ki, Zəngəzur məsələlərini son 10 illər boyu konseptual şəkildə araşdıran və ortaya qoyan Musa Quliyev də proseslərdə fəal iştirak etməlidir. Ölkə prezidenti istiqaməti dəqiq göstərdi: çalışmaq və zəhmət xarakterini ortaya qoymaq”.

Deputat Tahir Kərimli çıxışında qarşıdan Dünya Azərbaycanlılarının Həmrəylik gününün gəldiyini xatırlatdı. Bildirdi ki, bu dəfə ilk dəfədir həmrəylik gününün gerçək ab-havasına köklənib, bu da ölkə Prezidentinin bir müddət əvvəl səsləndirdiyi fikirlər, səsləndirdiyi tarixi mövqe ilə əlaqədardır. T.Kərimli Prezidentin Cənubda yaşayan soydaşlarımızın vəziyyəti, o cümlədən ana dilində təhsillə bağlı mövqeyinə istinad etdi. “Bu gün dünya azərbaycanlılarının İlham Əliyevə böyük ehtiyacı var. Hələ bizim qarşımızda böyük vəzifələr var” - deyən T.Kərimli əlavə etdi ki,  böyük Azərbaycanın qurtuluşu Qarabağdan başlayır, artıq Qarabağ azaddır, amma Xankəndinə qayıdış məsələsinin həlli üçün çalışmalıyıq. Deputat Azərbaycan liderinin ətrafında birləşməyə çağırdı: “Bu gün inhisarçılığa qarşı mübarizəni kim bacara, xaricdəki qüvvələri kim neytrallaşdıra bilər? Son 200 ildə ilk dəfədir böyük tarix yazılıb. Əziz qardaşlar, əziz müxalifətçilər, eybi yox, məni söyün, amma ayılın! Xankəndi məsələsi həllini tapmalıdır. Dünya azərbaycanlıların lideri kimi İlham Əliyevin ətrafında birləşək!” T.Kərimli Qərbin, ABŞ-ın Suriya, Liviya və digər ölkələrdə törətdiklərinə toxundu: “Haradadır Liviyanın 250 milyard pulu?”

Deputat Fəzail Ağamalı dedi ki, Prezident Qərbi Azərbaycana qayıdışın yol xəritəsini ortaya qoyub, təkzibedilməz arqumentlərlə Qərbi Azərbaycanın tarixi torpaqlarımız olduğunu ifadə edib. Qeyd etdi ki, geopolitik mahiyyətdən yaranan Ermənistan qondarma dövləti zamanla  ərazilərimizi işğal edib: “Amma indi vəziyyət dəyişib. Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük müharibədə qəhrəman əsgərimiz nəinki işğala son qoydu, hətta Ermənistanın çöküşünün əsasını yaratdı. Əlbəttə, cənab Prezidentin dediyi kimi, biz qədim torpaqlarımıza qayıtmaq üçün gücdən istifadə etməyəcəyik. Biz həmin ərazilərə tarixi kodlarla, genetik əlaqələrlə qayıdacağıq. Mən təklif edirəm ki, parlamentdə Böyük Qayıdış konsepsiyası hazırlayaq”.

Deputat Tural Gəncəliyev dedi ki, 28 dekabr 1991-ci il Xankəndi şəhərindəki həmvətənlərimzin və Kərkicahan əhalisinin qırğına məruz qaldığı, işğal edildiyi gündür. “Kərkicahan qəsəbəsi döyüşkən, mübariz insanların ibarət idi. Onlar ermənilərin Şuşaya doğru irəliləməsinin qarşısını alırdılar. Ümumilikdə Birinci Qarabağ müharibəsi zamanı Xankəndi 100-dən çox şəhid verib, Kərkicahandan isə 34 nəfər şəhid olub, İkinci Qarabağ müharibəsində daha 3 nəfər şəhid olub” - deputat bildirdi.

T.Gəncəliyev ermənilərin Xankəndi yolunda keçirilən dinc aksiya ətrafında şou yaratdığına da diqqət çəkdi: “Sual olunur, bu gün kim-kimi blokadada saxlayır? Xankəndi sakinləri və Kərkicahan əhalisi öz evlərinə gedə bilmir”.

Deputat Elnur Allahverdiyev vacib bir təkliflə çıxış etdi. Bildirdi ki, artıq iki həftədən artıqdır  Şuşa-Xankəndi yolunda vətəndaş cəmiyyətinin fədakar nümayəndələri ekologiyamıza vurulan zərbə, mədənlərimizin talan olunmasına etiraz olaraq dinc aksiya keçirirlər. Deputat bu etirazlarda müxtəlif millətlərin nümayəndələrinin iştirak etdiyini xüsusi vurğuladı. Ardınca bildirdi ki, Rus İcmasının təmsilçisinin parlamentdə iştirakını nəzərə alaraq Azərbaycandakı Rus İcmasının nümayəndələrinin də Şuşa-Xankəndi yolundakı sivil aksiyada iştirakı faydalı olar. “Oradakı soydaşlarımıza dəstək olaq! Qoy monomillətli Ermənistan da bunu görsün və ” - E.Allahverdiyev çağırış etdi.

Milli Məclis sədrinin müavini Fəzail İbrahimli bildirdi ki, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşü siyasi, mənəvi və tarixi məqamları özündə birləşdirir: “Bu görüş bir daha bütün dünya ictimaiyyətinin diqqətini Azərbaycana yönəldib". Qərbi Azərbaycana qayıdışın yol xəritəsinin artıq hazır olduğunu diqqətə çatdıran komitə sədri vurğulayıb ki, biz paytaxtı qədim Azərbaycan şəhəri olan Ermənistana ədaləti, hüququ başa salmalıyıq. F.İbrahimli qeyd etdi ki, Azərbaycan xalqı öz torpaq təəssübkeşliyini qoruyub saxlayır və bundan sonra da saxlayacaq.

Deputat Bəhruz Məhərrəmov əvvəlcə Şuşa-Xankəndi yolunda dinc aksiya keçirən iştirakçılara göstərdikləri əzmə görə təşəkkür etdi. Daha sonra isə bildirdi ki, Azərbaycan Konstitusiyanın 28-ci maddəsi, 1948-ci ilin İnsan Hüquqları Bəyannaməsinin 13-cü və 1966-cı il Mülki və siyasi hüquqlar haqqında Paktın 12-ci maddəsində qanuni şəkildə ölkə ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilməsi açıq formada təsbit olunub: “Konstitusiyamızın 14-cü maddəsinə əsasən təbii ehtiyatlar Azərbaycan Respublikasına mənsubdur. 39-cu maddənin məzmununa görə isə ətraf mühitə, təbii ehtiyatlara qanunla müəyyən edilmiş hədlərdən artıq təhlükə törədilə, zərər vura bilməz və hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq hüququ var. Eyni zamanda sərvətlərimizin təbiətə bərpası mümkün olmayan zərərlərlə müşahidə olunan talanı Azərbaycan Cinayət Məcəlləsinin 28-ci fəsli üzrə ən azı 8 maddə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərini əhatələyir. Ortada cinayətlərin, o cümlədən beynəlxalq cinayətlərin məcmusu var”. Deputat əlavə etdi ki, Avropa İnsan Haqları Məhkəməsinin bu məsələ ilə bağlı çox ciddi mövqeyi var.

İclasda “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Qanununun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev layihə barədə məlumat verdi.

Komitə sədri Siyavuş Novruzov çıxışında bildirdi ki, B.Əliyevin "Təhsil haqqında" Qanuna yenidən baxılması ilə bağlı təklifini müdafiə edir: “Mən bunun tərəfdarıyam” - deyən deputat bildirdi ki, 14 illik müzakirədən sonra qəbul olunan qanun yenidən müzakirəyə çıxarılmalıdır. S.Novruzovun sözlərinə görə,  o zaman təhsil nazirinin, rektorların arzu-istəklərini yığdılar qanunun içərisinə. “Təhsilin nə qədər pilləsi olar? Bakalavr, magistratura, aspirantura, doktorantura... Dünyanın hər yerində bir pilləli müdafiə sistemi var, bizdə bir neçə pilləli müdafiə sistemidir”.  S.Novruzov qeyd etdi ki, bunlar azmış kimi, Ali Attestasiya Komissiyası adlı əlavə sistem də yaradıldı: “Bir adam dörd dəfə kafedrada müdafiə edir, 60 alimin iştirakı ilə. Sonra o, Ali Attestasiyaya göndərilir, orada bir nəfər deyir "bu, plagiatdır" və 70-dək alimin rəyi qalır bir kənarda, bir nəfərin dediyi üstün olur. Müdafiə məsələləri də universitetlərə verilməlidir".

Komitə sədri dedi ki, onun Ali Attestasiya Komissiyası ilə hər hansı problemi yoxdur, sadəcə, bu məsələ ilə bağlı narahatlığını ifadə etməyi zəruri sayır. 

Deputat Sabir Rüstəmxanlı diqqəti daha çox universitetlərin asılı vəziyyətdə olmasına, tələbələrin yerdəyişmələr zamanı süründürməçilik, bürokratik əngəllərlə üzləşməsinə yönəltdi. Bildirdi ki, xarici ölkələrdə universitetlər dövlət içərisində dövlətdir, müstəqil şəkildə qərarlarını verə bilirlər, onlar qəbul etdikləri tələbələrin taleyini özləri düşünür, xəstəliyi olanlarla bağlı bir illik müddət hüququnu tanıyır və sair: “Bizdə bunlar hamısı bir yerə yönəlib. Biz bu yolla təhsilimizə yardım etmirik, əksinə, onun problemlərini artırırıq”.

Deputat Aqil Abbas da Təhsil haqqında qanun barədə danışdı. Bildirdi ki, nə qədər qanun qəbul ediriksə, vəziyyət dəyişmir: “Orta məktəblərdə vəziyyət bəllidir. Mən nəvələrimin çantasını götürə bilmirəm. O ağırlıqda çantanı götürməklə uşaqlar ya "ştanqist" olacaqlar, ya da qozbel". A.Abbas müəllimlərin tənqid olunmasına qarşı çıxdı: “Müəllimlərin üstünə çox düşmüşük. Bu maaşla bizim balalarımıza dərs deyən müəllimlər hamısı milli qəhrəmandır. Bu yaxınlarda bir uşağa şapalaq vuran 30 ilin müəllimini məktəbdən qovublar. Uşaq gəlib müəllimin üstünə qusurmuş, buna görə olub məsələ. Belə şey olmaz axı. Onsuz da kişi müəllimlərin qıtlığıdır, onları belə küsdürürük. Müəllimləri belə ucuzlaşdırmaq olmaz axı. Biz müəllimləri özümüzə qul eləmişik. Valideynlər elə bilir ki, müəllimə qarşı hər şey eləmək olar”. Deputat qeyd etdi ki, keçmişdə belə nadinc şagirdləri məktəbdən qovardılar və onlar üçün xüsusi məktəb var idi. Onun dediyinə görə, Ağdamda 3 saylı məktəb olub: “Nadinc uşaqları ora göndərərdilər, elə "gestapo" mühiti olardı ki, sonra onların içərisindən elmlər doktoru, polis rəisləri çıxırdı". A.Abbas işdən qovulan müəllimlə bağlı çağırış etdi: “Mən Təhsil Nazirliyindən xahiş edirəm, həmin müəllimi qaytarın işə!”

Deputat Etibar Əliyev isə söz alıb dedi ki, bu hadisə Qaraçuxur qəsəbəsindəki 146 saylı məktəbdə baş verib. Qeyd etdi ki, məsələ ilə əlaqədar məktəbdə olub, direktor və müəllimlərlə görüşüb: “Müəllim müzakirəni gözləmədən, ailə vəziyyəti ilə əlaqədar öz ərizəsi əsasında azad olunması barədə müraciət edib”.

İclasda “Sosial sığorta haqqında”, “Diplomatik xidmət haqqında” qanun layihələri müzakirə olundu. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirdi ki, “Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinə təklif olunan dəyişikliyə görə, Azərbaycan Respublikasının səfirik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən məcburi dövlət sosial sığorta haqqı tutulmur. Komitə sədri dedi ki, “Diplomatik xidmət haqqında” Qanunun 21 və 23-cü maddələrinə isə 13 dəyişiklik təklif olunur. Belə ki, Azərbaycan Respublikasının səfirik və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına güzəştlər edilir. Təklif olunan dəyişikliyə əsasən, birdəfəlik yerləşmə müavinəti  təsis edilir; diplomatik xidmət əməkdaşlarının orta ixtisas və ali təhsilin bakalavr səviyyəsində təhsil alan 23 yaşadək övladlarına təhsil müavinəti veriləcək; diplomatik xidmət əməkdaşlarının əmək fəaliyyəti ilə məşğul olmayan ailə üzvlərinə görə aylıq müavinət ödəniləcək; müharibə və silahlı münaqişə şəraitində olan xarici dövlətdə fəaliyyət göstərən diplomatik xidmət əməkdaşlarına kompensasiya ödəniləcək; diplomatik xidmət əməkdaşlarına aylıq təmsilçilik müavinəti ödəniləcək; diplomatlar üçün təsis edilən kompensasiya və müavinətlər, həmçinin  diplomatik missiyanın tərkibində fəaliyyət göstərən inzibati-texniki xidməti həyata keçirən şəxslərə  də şamil ediləcək.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102-ci maddəsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və konsulluqlarında işləyən diplomatik xidmət əməkdaşlarına və inzibati-texniki xidməti həyata keçirən şəxslərə ödənilən müavinətlərdən, kompensasiyalardan və dövlət məvacibinə tətbiq edilən əmsalların məbləğindən vergi tutulmur.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR