İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclis qış tətilinə getdi

409 31.12.2022 11:35 Siyasət A A

Parlament dünya azərbaycanlılarına, Prezidentə və birinci xanıma bayram təbrikləri ünvanladı; deputatlar aktual məsələlərdən danışdılar

Dekabrın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasının sonuncu iclası keçirildi. Deputat, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli çıxışında Azərbaycan Prezidenti İlham Əliyevlə İcma üzvlərinin keçirdiyi görüşdən, səsləndirilən fikirlərdən bəhs etdi.

Bildirdi ki, 44 günlük Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzurda tarixi ədaləti bərpa edən Azərbaycan bu ədaləti Qarabağ münaqişəsinin təsir zonasına daxil olan Qərbi Azərbaycan ərazisində də bərpa etmək əzmini açıq şəkildə bəyan etdi: “Biz, Qərbi Azərbaycan İcması olaraq, İcmamıza verdiyi dəstəyə və tarixi torpaqlarımız uğrunda mübarizəmizə yaratdığı hərtərəfli şəraitə görə möhtərəm Prezidentimizə bir daha dərin təşəkkürümüzü bildiririk. Hörmətli xanım sədr, bu ümummili məsələyə göstərdiyiniz diqqətə görə Sizə də öz dərin təşəkkürümüzü bildiririk”.

Deputat bildirdi ki, Qərbi Azərbaycan İcmasının məqsədi erməni terrorizmi nəticəsində son iki əsrdə etnik mənsubiyyətinə görə indiki Ermənistan ərazisindən deportasiya olunmuş, nəticədə əsas hüquq və azadlıqları tapdalanmış, zorakılığa və məhrumiyyətlərə məruz qalmış azərbaycanlıların və onların varislərinin hüquqlarının beynəlxalq müstəvidə bərpası, etnik azərbaycanlılara qarşı törədilən tarixi cinayətlər haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətləri törətmiş erməni millətçilərinin və Ermənistan SSR-in indiki varisi olan Ermənistan Respublikasının beynəlxalq müstəvidə məsuliyyətə cəlb edilməsinə nail olmaqdan ibarətdir: “Əsas hədəfimiz qaçqınlarımızın öz dədə-baba ocaqlarına qayıtmaq hüququnun təmin olunmasıdır. Sabah Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür. Bu münasibətlə hər kəsi Qərbi Azərbaycan İcması adından təbrik edirəm. İnanıram ki, 44 günlük müharibədə nümayiş etdirdiyimiz milli həmrəyliyi tarixi torpaqlarımız uğrunda mübarizədə də nümayiş etdirəcək və yaxın gələcəkdə Zəngəzura, Göyçəyə, İrəvana qayıdacağıq”.

Deputat Soltan Məmmədov rəsmi Parisin ermənipərəst siyasətindən danışdı. Bildirdi ki, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. S.Məmmədov xatırlatdı ki, Fransa parlamentində təmsil olunan siyasi qüvvələrin nümayəndələri prezident Makrona müraciət edərək, Azərbaycana qarşı əsassız ittihamlar səsləndiriblər: “Müraciətdə beynəlxalq hüququn fundamental prinsiplərinə zidd, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə təcavüzə çağırış ifadə edən fikirlər yer alıb. Bu, Fransanın Azərbaycan əleyhinə siyasətini və təxribatlarını davam etdirdiyini təsdiqləyir”.

O əlavə edib ki, Fransa Milli Assambleyasında artıq Azərbaycanla dostluq qrupu formalaşıb: “Əvvəlki tərkiblə biz çox fəal əlaqələr qurmağa müvəffəq olmuşduq. Fransa parlamentinin üzvlərinin ölkəmizə, o cümlədən, işğaldan azad olunmuş ərazilərimizə səfərləri təşkil edilmişdi. Fransa ictimaiyyətinə Azərbaycan həqiqətlərinin çatdırılmasında bu əlaqələrdən maksimum faydalanmağa çalışmışıq. Milli Məclis rəhbərliyinə, şəxsən Sahibə xanım sizə, ilk günlərdən fəaliyyətimizə verdiyiniz dəstəyə görə işçi qrupunun adından minnətdarlığımı bildirirəm. Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu ölkəmizin mövqeyini çatdırmaq üçün Milli Assambleyada yeni formalaşmış dostluq qrupu ilə əlaqələri zəruri sayır və bu istiqamətdə müvafiq addımlar atacaq. Çünki Fransa hökuməti və parlamentinin mövqeyi tamamilə qəbuledilməzdir. Görünür, Fransa beynəlxalq birliyin bölüşdüyü ümumbəşəri dəyərləri artıq qəbul etmir. Hesab edirəm ki, bu, münasibətlərdə dərin çatlar yaradır. Bizim ölkəmiz Cənubi Qafqazın ən güclü dövləti kimi milli maraqlarına qarşı yönəlmiş istənilən təhdidə müqavimət göstərmək imkanındadır. Lakin Azərbaycanın siyasəti gücə deyil, sülh, sabitlik, təhlükəsizlik, əməkdaşlıq dəyərlərinə əsaslanır. Azərbaycan regionda yeni reallıqlar yaradıb və bütün digər ölkələr kimi, Fransa da bu reallıqları qəbul etməlidir”.

Deputat Fəzail Ağamalı əvvəlcə qarşıdakı bayramlar münasibətilə təbriklərini çatdırdı. Daha sonra o, Şuşa-Xankəndi yolunda keçirilən aksiyanın davam etdirilməsi zərurətindən danışdı. Bildirdi ki, bu əraziyə hər hansı beynəlxalq qurumun əməkdaşlarının gəlişinə ehtiyac yoxdur. F.Ağamalının sözlərinə görə, Azərbaycanın dövlət qurumları qanunsuz istismar edilən mədənlərimizdə monitorinq keçirib, nəticəsi barədə dövlət başçısına məruzə etməlidir.  Deputatın sözlərinə görə, nə qədər ki, Gorus-Xankəndi yolunda nəzarət buraxılış məntəqəsi, sərhəd və gömrük postu yaradılmayıb, aksiya davam etdirilməlidir. F.Ağamalı Qarabağdakı canilərin lideri barədə də təklif verdi: “Ruben Vardanyana qarşı cinayət işi açılmalı, onun qolları qandallanmalı və Bakıya gətirilməlidir!”

Deputat Sabir Rüstəmxanlı qeyd etdi ki, başa çatmaqda olan ilin ən gözəl yekunu Qərbi Azərbaycanla bağlı Azərbaycan Prezidentinin fikirləri idi. S.Rüstəmxanlı dedi ki, Güney Azərbaycanla bağlı mövqeyindən sonra dövlət başçısı Qərbi Azərbaycanla əlaqədar mövqeyini bir daha ifadə etməklə ilin hadisəsini yaratdı. Deputat dedi ki, bu, milli atributlara sahiblənməyin məntiqi davamıdır.

Deputat Fazil Mustafa bildirdi ki, bu gün bütün Azərbaycan vətəndaşlarını, xüsusilə Bakıda yaşayan sakinləri narahat edən əsas problemlərdən biri tıxac məsələsidir. O qeyd etdi ki, hər gün bir-iki saat tıxacda qalan insanlar zülm çəkirlər və problemin həlli istiqamətində addımlar atılmalıdır: “Nəqliyyat vasitələrindən elə fotolar paylaşırlar ki, onlara baxmaq mümkün deyil. Bu məsələ üzərində işləməliyik. Hətta bu, bizim iqtisadiyyatımıza da zərbədir. Mən təklif edirəm ki, bu məsələ ilə bağlı tender keçirmək lazımdır. Xarici ölkələrin təcrübələri öyrənilməlidir. Təsəvvür edin ki, avtobusda, metroda hərəkət etmək mümkün deyil. Biz bunun yolunu tapmalıyıq”.

F.Mustafa ardınca Qarabağdakı separatçıların Xankəndidə keçirdiyi aksiyalardan bəhs etdi. Bildirdi ki, bu gün QHT-lərimiz Xankəndi yolunda çox böyük qəhrəmanlıq edir. Amma ermənilərin Xankəndi aksiyasına Naxçıvanda aksiya keçirməklə cavab vermək lazımdır. Naxçıvanda mitinq keçirib yolun açılması tələbilə kütləvi tədbirlər keçirib dünyaya tələblərimizi yaymalıyıq. Dünyanın bütün telekanalları, Avronyus və digərləri Xankəndidəki ermənilərin aksiyasını yayır. Ermənilər dünyaya elə təbliğ edirlər ki, sanki bir onların yol problemi var. Bizim də Naxçıvan problemimiz var. Naxçıvanda aksiya keçirib, onlara cavab verməliyik".

Deputat Ceyhun Məmmədov öncə ilin yekunlarından bəhs etdi, bildirdi ki, 2020-ci ildə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad etdi. “Azərbaycan xalqı son 200 ildə ilk dəfə məğlub xalqdan qalib xalqa çevrildi” deyən deputat bildirdi ki, qısa müddətdə azad olunmuş ərazilərdə böyük quruculuq və abadlıq işlərinə başlanıldı. “Həyata keçirilən uğurlu siyasət nəticəsində bu gün Qarabağ yenidən dirçəlir, yeni xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət ocaqları inşa olunur”- C.Məmmədov əlavə etdi. Deputat Aydın Mirzəzadə siyasi partiyaların sədrlərinə xitabən Fransanın Azərbaycandakı səfiri, həmçinin Avropa İttifaqının təmsilçisi ilə görüşüb rəsmi Parisin siyasətinə etirazlarını bildirməsini təklif etdi.

“Akif Çovdarovun bazar dəyəri 30 milyon olan müsadirə edilmiş əmlakları Bakı Apelyasiya Məhkəməsi tərəfindən  geri qaytarılıb. Dünəndən zərərçəkənlər tərəfindən onlarla zəng edilib mənə. Media, sosial şəbəkələr də dağılır, hamı şok içindədir ki, görəsən, nə baş verir? Zərərçəkənlər pullarını, əmlaklarını neçə illərdir ki, geri ala bilmir, məhkəmə qapısı döyməkdən beziblər”.

Bunu isə deputat Razi Nurullayev söylədi. O, ardınca sualları sıraladı: “Məhkəmə qərarı nəyə əsaslanıb? Dövlətə, vətəndaşlara və sahibkarlara dəyən ziyan necə ödənilib? Ödənilibmi? Hansı vəsait və əmlaklarla? Belə çıxır ki, dövlət vəzifəsi tut, ye, dağıt, vəzifədən sui-istifadə edib vətəndaşlara divan tut, bir az yat və sonra da çıxıb kef elə? Bu hansı dövlətçilik məntiqinə sığır?”

R.Nurullayev qeyd edib ki, şəxsi qərəzliyi yoxdur, fərdi zərərçəkmiş də deyil: “Amma bizlərin hamımız dövlətin bir parçası olaraq zərərçəkmişlərik. Bu şəkil məhkəmə qərarları dövlətçiliyimizin sütunlarını laxladır, vətəndaşların inamını sarsıdır, ölkəmizin nüfuzuna zərər vurur və gələcəyə ümidi öldürür. Mənim Akif Çovdarovun ailə üzvlərinin əmlak sahibi olmasına qarşı deyiləm, ədalətin, düzlüyün, etibarın tərəfdarıyam”.

Deputat deyib ki, bu məsələnin ciddi müzakirəsinə ehtiyac var: “Hakimlər formal ədalət mühakiməsini yox, həqiqi ədalət mühakiməsini həyata keçirməlidir. Ictimai rəy, bu məsələ ilə bağlı ciddi izahlar və açıqlamaların olmasını tələb edir. Bu cür açıq danışmaq mənim özümü də təhlükəsizliyim baxımından narahat edir, lakin özümü saxlaya bilmirəm. Bilmirəm ki, düzdür ya səhv, amma dövlətçilik üçün şəxsimizlə bağlı çox şeyi qurban verdiyimiz kimi, bu məsələdə də etiraz səsimizi ucaltmağın da haqqımız olduğunu düşünürəm. Əgər bu məsələdə səhvim və yanlışlığım varsa, sübut olunacağı təqdirdə bunu etiraf etmək cəsarətim də var. Allah Azərbaycanımızı, xalqımızı və cənab Prezidentimizi qorusun!”

Deputat Sahib Alıyev qeyd etdi ki, Azərbaycan heç zaman indiki qədər güclü olmadığı kimi  dünya  azərbaycanlıları arasında həmrəylik də belə yüksək səviyyədə hiss edilməyib: “Bu gün azərbaycanlılar ilk növbədə onda həmrəydilər ki, torpağımızın  hər qarşı üzərində dövlətimizin suverenliyi təmin edilməlidir və hamımız bu yolda Müzəffər Ali Baş Komandanımızın əsgərləriyik. Biz 50 milyonluq xalq  olaraq bir məsələdə də həmrəyik ki, Arazın o tayındakı soydaşlarımızın azadlıq və təhlükəsizlikəri təmin edilməli, öz dillərində təhsil almaq haqları, adət-ənənələrinə uyğun həyat tərzi  seçimləri tanınmalı, dinsiz rejim onlara qarşı diskriminasiyaya son qoymalı, qətl və həbsləri dayandırmalıdır. Təbrizin, Ərdəbilin, Urmunun, Xoyun və digər yurd yerlərimizin küçələrində Azərbaycanın dövlət başçısının ”Cənab Prezident, biz Sizinləyik" sözlərinin yazıldığı  portretlərinin asılması onu göstərir ki, bütün və bütöv azərbaycanlıların bir lideri var, o da cənab İlham Əliyevdir. Yəni bizi sərhədlər ayıra bilər, coğrafiya kimi hələ bütöv deyiliksə də, xalq, millət olaraq bütövük. Ən uca  və ən sarsılmaz birlik,  bütövlük də elə budur".

Gündəlikdəki məsələlərin müzakirəsindən və qəbulundan sonra Milli Məclis 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Bəyanat qəbul etdi. Parlament sədrinin təklifi ilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubu da ünvanlandı. Deputatlar alqışları ilə təbrikin mətninə dəstəklərini ifadə ediblər, eyni zamanda söz alıb ürək sözlərini söyləyənlər də oldu.

Yekun nitqində spiker Sahibə Qafarova bildirdi ki, parlamentin fəaliyyətinin təkmilləşdirilməsi üçün görülən işlər bu ildə də davam etdirilib. Sədr qeyd etdi ki, payız sessiyasında 206 qərar və qanun qəbul edilib, 19 iclas keçirilib: “Eyni zamanda Milli Məclisdə ictimai dinləmələr keçirilib. Bu il 10 ictimai dinləmə keçirilib. Bundan başqa, Milli Məclis tərəfindən bir neçə bəyanat qəbul olunub. Bunlardan biri Fransanın qanunverici orqanlarının qərarlarına cavab olaraq qəbul olunub. Eyni zamanda bir nəfər şəhid anası və dörd qazi Milli Məclisdə işlə təmin edilib”.

Milli Məclisin payız sessiyasının son iclası Dövlət himninin oxunması ilə başa çatdı və deputatlar tətilə getdilər.

Elşad PAŞASOY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR