İnsanlara hürriyət, millətlərə istiqlal!

Memar Şusevin əsərləri və bədxahları – Alabyan onu sıradan çıxarmaq istəsə də, bacarmayıb

1568 12.04.2023 14:51 Yaxın tarix A A

O, həm Çar Rusiyası dövründə, həm də SSRİ-nin vaxtında ən tələbatlı memarlardan biri olub. Məhz 1924-cü ildə, yanvarın 22-dən 23-ə keçən gecə Lenin üçün mavzoleyin layihəsini hazırlamaqdan ötrü Aleksey Şusev Kremlə dəvət olunub, mövcud dövr üçün ən vacib sayılan bu məsələ ona həvalə edilib.
Aleksey Şusev 1873-cü ildə Kişinyov şəhərində anadan olub. Orta təhsilini bu şəhərdə başa vurduqdan sonra o, təhsilini Peterburq İncəsənət Akademiyasında davam etdirib.

Oktyabr inqilabına qədər Şusev memar kimi bir sıra uğurlu layihlərə imza atıb, Moskvadakı Kazan vağzalı, Leninqrad və Moskva şəhərlərində bir çox saat qüllələri, Rusiyanın ayrı-ayrı bölgələrində çoxsaylı kilsələr, yeni salınan prospekt və küçələr onun adı ilə bağlı olub.

shysev_8.jpg (163 KB)


Oktyabr inqilabından sonra Şusev memar İvan Joltovski ilə birlikdə Moskvanın baş planının hazırlanmasına rəhbərlik edib, 1922-ci ildən isə “Yeni Moskva” layihəsi onun başçılığı ilə icra edilib.
1924, 1929-1930 və 1940-cı illərdə Şusev eyni layihə üzrə Lenin mavzoleyinin inşasında əsas simalardan biri olub.

Şusev dövlət tərəfindən elan edilən bir çox müsabiqələrin qalibi kimi “NKVD”-nin, Metallurgiya İnstitutunun, “Moskva” mehmanxanasının, Hərbi Nəqliyyat Akademiyasının, Mərkəzi teleqrafın inzibati binalarının, həmçinin çoxsaylı yaşayış binalarının, bir neçə metro stansiyalarının inşasında müəlliflik hüququ qazanıb.

Aleksey Şusev dördə dəfə, 1940, 1946, 1948, 1952-ci illərdə Stalin mükafatına layiq görülüb.
Çoxsaylı təltiflərinə, ictimaiyyət arasında böyük nüfuzuna baxmayaraq memarın həyatından qara zolaqlar da keçib. Bu zolaqları isə SSRİ Memarlar İttifaqının məsul katibi Karo Alabyan yaradıb.

shysev_105.jpg (119 KB)

Erməni memarın Şusevi ləkələməkdə məqsədi bütün layihələri ələ keçirmək, onların bölgüsünü öz yaxın adamları arasında bölüşdürmək, büdcədən daha çox pul mənimsəmək olub. Alabyan Kremlin sevimlisi olan Şusevi sıradan çıxarmaqda Anastas Mikoyana arxalanıb. Onlar bir-birini “qan qardaşları” adlandırıblar.

1937-ci ilin avqust ayında Alabyanın sifarişi ilə “Pravda” qəzetində Şusev haqqında tənqidi məqalə dərc olunub. Məqalədə memarın antisovet ovqatı xüsusilə vurğulanıb. Məqalənin dərcindən bir həftə sonra isə Alabyan Şusevlə açıq mübarizəyə başlayıb. Bu mübarizə Alabyanın qələbəsi ilə başa çatıb, Şusev memarlıq fəaliyyətindən kənarlaşdırılıb. Amma bu ədalətsizliyin ömrü uzun sürməyib. Bir ildən sonra SSRİ Elmlər Akademiyasının prezidenti Vladimir Komarov Şusevin müdafiəsinə qalxıb, Xalq Komissarlığı Soveti ilə razılaşdırıldıqdan sonra memara akademiyanın yeni binasının layihəsi həvalə edilib, ona ayrıca emalatxana və layihə üçün vəsait ayrılıb. Bir müddətdən sonra Şusev SSRİ Elmlər Akademiyasının akademiki seçilib.

Alabyan.jpg (36 KB)

Qarşı “cəbhə”də, Alabyanın fəaliyyətində isə ciddi və həm də təhlükə doğuracaq problemlər yaranıb. Müharibədən sonra Stalinin təşəbbüsü ilə Moskvada çoxmərtəbəli yaşayış binalarının tikintisi nəzərdə tutulub. Siyasi Büronun üzvü kimi Lavrenti Beriya bununla bağlı müşavirə keçirib. Müşavirədə Alabyan da iştirak edib. Beriya Stalinin təşəbbüsünü müşavirə iştirakçılarına çatdıraraq bu cür binaların inşasına ayrılacaq vəsaitlər haqqında da danışıb, bildirib ki, çoxmərtəbəli binalar tikməklə vəsaitə qənaət etmək də mümkündür. Müzakirə bu mövzuda gedəndə Alabyan etirazını bildirib:

- Lavrenti Pavloviç, siz dediyiniz vəsaitlərlə həmin binaları inşa etmək mümkün deyil.

Bu etirazdan qəzəblənən Beriya əlinə stola çırpıb:

- Mümkündür və inşa ediləcək.

Müşavirənin səhərisi günü Beriyanın göstərişi ilə Alabyanın fəaliyyəti araşdırılıb. Məlum olub ki, erməni memarın ən yaxın adamı, mərkəzi emalatxanaya təyin etdiyi memar Yaponiya xüsusi xidmət orqanlarına işləyir. Bu fakt Alabyanın fəaliyyətini də şübhə altına salıb və onu da həmkarı kimi həbs təhlükəsi gözləyib. Qarşıdurmanın xoşagəlməz bir məcraya yönəldiyini görən Mikoyan məsələyə müdaxilə etmək məcburiyyətində qalıb. Amma o, “qan qardaşını” tam müdafiə edə bilməyib. Mikoyan Alabyanı həbsdən qurtarmaq üçün onu Ermənistan göndərib, göz önündən uzağa çəkib.

shysev_5.jpg (220 KB)


Həmin ərəfədə Şusev yeni layihələrlə yeni uğurlara imza atıb və heç vaxt erməni həmkarının ona qarşı etdiyi pislikləri dilinə gətirməyib. Ümumiyyətlə, Şusevin xarakterində qisasçılıq hissi olmayıb.

Ömrünün son illərində Şusev əsasən müharibə nəticəsində böyük dağıntılara məruz qalan Stalinqrad, Kiyev, Novqorod, Kişinyov şəhərlərinin bərpasında yaxından iştirak edib, eyni zamanda memarlıq sahəsi ilə bağlı bir neçə nəzəri kitabın müəllifi olub.

shyusev1.jpg (192 KB)

Aleksey Şusev 1949-cu ilin may ayında Kiyevdə ezamiyyətdə olarkən kəskin ürək ağrılarından şikayət edib. O, müalicə almaq üçün Moskvaya qayıdıb. Həkimlər onu xilas edə bilməyiblər. 75 yaşlı memar Moskvada, Novodeviçye qəbirstanlığında dəfn edilib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR