İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhkəmə Kamil Sədrəddinovla bağlı QƏRAR VERDİ - 20 il həbsdə qalacaq!

1851 24.05.2024 19:26 Ölkə A A

Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədovun cinayət işi üzrə həbs olunaraq ömürlük azadlıqdan məhrum edilən Kamil Sədrəddinov vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət edib.

Qaradağ rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, onun şikayəti təmin edilməyib.

Qeyd edək ki, Kamil Sədrəddinov DİN-in Baş Cinayət Axtarış İdarəsinin əmlak cinayətlərinə qarşı mübarizə şöbəsinin rəisi olub. O, 2005-ci ildə DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və onun dəstəsinə qarşı keçirilən “Qara kəmər” əməliyyatı çərçivəsində tutulub.

Kamil Sədrəddinov Ağır Cinayətlərə dair Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyevin 2019-cu il martın 16-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamı ilə onun ömürlük həbs cəzası 20 il həbs cəzası ilə əvəzlənib.

Musavat.com xəbər verir ki, Kamil Sədrəddinov Hacı Məmmədovun bandasının əməllərindən xəbərdar olub heç bir tədbir görməməkdə ittiham olunurdu.

O, bu ilin əvvəlində vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı məhkəməyə müraciət etmişdi. Sonradan isə ərizəsini geri götürmüşdü. Bu səbəbdən məhkəmə ərizəyə baxmamışdı. Az sonra isə ərizəsini məhkəməyə yenidən təqdim edib.

1994-cü ildən 2005-ci ilin martında həbs olunana qədər onlarla qətl, adam oğurluğu, quldurluq və başqa cinayətlər törətmiş dəstənin başçısı Hacı Məmmədov məhz Kamil Sədrəddinovun rəhbərlik etdiyi şöbədə baş əməliyyat müvəkkili işləyirdi. Sabiq şöbə rəisinin özü də Hacı Məmmədovun bandasının əməllərindən xəbərdar olub heç bir tədbir görməməkdə, əksinə, bir sıra hallarda o cinayətlərə şərik olmaqda ittiham olunurdu. 

Cinayət işinin materiallarından aydın olurdu ki, adam oğurluqlarına görə alınan pullardan Kamil Sədrəddinova da müəyyən pay çatıb. O, ittihamlarla tam razılaşmasa da, özünü qismən təqsirli bilirdi. Kamil Sədrəddinov Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilmiş, polkovnik rütbəsi də alınmışdı. Hacı Məmmədovun bandası ilə bağlı cinayət işi üzrə ümumilikdə 10 nəfərə ömürlük həbs verilmişdi. Onların arasında Kamil Sədrəddinovla yanaşı, daha bir nəfər də vəzifəli şəxs vardı. Bu, Daxili İşlər Naziriyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general Zakir Nəsirov idi. 2017-ci il martın 17-də Prezidentin əfv sərəncamı ilə Zakir Nəsirovun ömürlük cəzası 15 il azadlıqdan məhrumetmə ilə əvəzlənmişdi. Həmin ilin aprel ayında isə o, cəzasının dörddə üçünü çəkməsi əsası ilə (11 il 9 ay) vaxtından əvvəl şərti azadlığa buraxıldı. Zakir Nəsirov isə özünü təqsirli bilmirdi. Deyirdi ki, keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov  Hacı Məmmədovun onun təsiri altında olmasından öz məqsədləri üçün sui-istifadə edir.

Zakir Nəsirov iddia edirdi ki, onun Hacı Məmmədovun əməllərindən xəbərdar olması, cinayət yolu ilə əldə olunmuş pullardan ona da çatması, bəzi cinayətlərin sifarişinin ondan gəlməsi barədə Hacı Məmmədovun ifadələri yalandır və sifarişin nəticəsidir. Keçmiş generalın sözlərinə görə, bu yolla təzyiq göstərib onun özündən Daxili İşlər Nazirliyinin o zamankı rəhbərliyi barədə yalan ifadələr almaq istəyirdilər. O isə həqiqətə uyğun olmayan ifadələri verməkdən imtina etdiyinə görə Eldar Mahmudov onu ömürlük həbslə cəzalandırdı. 2015-ci ilin oktyabrında MTN-də keçirilən əməliyyat və 20-dən artıq vəzifəli şəxsin həbsi, o cümlədən nazir Eldar Mahmudovun vəzifəsindən azad edilməsindən sonra Hacı Məmmədov özü də Ali Məhkəməyə məktub yazaraq, Zakir Nəsirov haqqında ifadələrinin yalan olduğunu bildirmişdi. Yazırdı ki, Eldar Mahmudovun sifarişi və təzyiqi ilə Zakir Nəsirovun əleyhinə ifadə verib. Hacı Məmmədov Eldar Mahmudov vəzifədən çıxarılandan sonra israrlı müraciətlərlə Qobustan Qapalı Həbsxanasına köçürülməsini tələb edirdi. Onu MTN təcridxanasından çıxarsalar da, vərəmli məhkumlar üçün nəzərdə tutulan müalicə müəssisinə köçürdülər. 2017-ci ilin dekabrında isə orada Hacı Məmmədovun asılmış meyiti aşkar olundu. Beləcə "Qara kəmər"in əsas fiqurantı sirləri açmamış qəbrə getdi və ya göndərildi.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR