İnsanlara hürriyət, millətlərə istiqlal!

Məhərrəmlik ayı başladı - bəyənilən əməllər haqda nə bilirik?

9326 30.07.2022 11:50 Mənəviyyat A A

Hacı Surxay Məmmədli: “Kərbəla fəlsəfəsi bizə haqq və ədalət yolunu öyrədir, bu dəfə şəhidlərimizlə bərabər Kərbəla şəhidlərini anırıq...”

Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurası Məhərrəm ayının başlaması ilə əlaqədar müraciət yayıb. Qeyd edilir ki, Hicri-qəməri təqvimi ilə 1443-cü il başa çatır, yeni 1444-cü ilin başlanğıcı - Məhərrəm ayının 1-i Miladi təqvimlə 2022-ci il iyul ayının 30-na, Aşura günü isə avqust ayının 8-nə təsadüf edir.

Hər il müsəlmanlar bu hadisənin ildönümünü qeyd edirlər. Bu İslam aləmində həm böyük faciə, həm də qəhrəmanlıq salnaməsi sayılır. Məhərrəm ayı özündə nəyi ehtiva edir? Bu ay hansı əməllər daha çox bəyənilən və savab sayılır?

Bütün bu suallarla bağlı İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli “Yeni Müsavat”a danışıb: “Qafqaz Müsəlmanları İdarəsinin Qazilər Şurası Məhərəm ayı ilə bağlı müraciət ünvanladı. Orada da bildirdik, əsrlər boyu Azərbaycanda ənənəvi olaraq qeyd edilən Məhərrəm ayının Aşura günü - İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə haqq uğrunda şəhadətə yetişməsi dünya tarixində qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilməlidir. Peyğəmbərimiz Məhəmməd salavatullahın əziz nəvəsi Həzrət Hüseynin (ə) bu mənəvi qələbəsi dünyada zülm və haqsızlığa qarşı mübarizənin bariz nümunəsidir. İslam fəlsəfi məktəbinə görə, Aşura - insana İman şüarı olan ”Allahdan başqa ibadətə layiq heç bir varlıq yoxdur" zikrini əməli halda sübuta yetirən və İslam dininin yaşadılmasını təmin edən özəl günlərdən biridir".

Hacı Surxay Məmmədli - YouTube

Hacı Surxay Məmmədli 

Surxay qeyd edib ki, Məhərrəmlik ayında insani dəyərələrə xüsusi diqqət edilməlidir: “Dəyərlər hər zaman olduğu kimi yenə də qorunmalıdır. Oturuşmuş adət-ənənələr insanların ruhuna, qan yaddaşına həkk olub. Məhərrəmlik bizim dəyərlərimizi birləşdirir. İnsanların məfkurəsinin, düşüncələrinin dəyişməsi 44 günlük Vətən müharibəsi dönəmində gənclərin Vətənə, İslama olan sevgisinin bir bariz nümunəsi idi. Bu dəfə Məhərrəmlikdə şəhidlərimizlə bərabər Kərbəla şəhidlərinin anmaq və gənclərə düz yolu göstərmək borcumuzdur. Düşüncələr yaxşı mənada dəyişilir. Gənclərimizin intellekt səviyyəsi artır. İslam fəlsəfəsini, Kərbəla fəlsəfəsini anlayırlar. Bu anlamda Kərbəla fəlsəfəsi bizə haqq və ədalət yolunu öyrədir. Bunun da bariz nümunəsi gənclərlimizin Vətən uğrunda göstərdiyi rəşadət idi.

Elə müraciətdə də qeyd edilir, İmam Hüseynin (ə) müqəddəs xatirəsinin və Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq, ailə naminə şəhidlik məktəbinin əbədi təcəssümüdür. Məhərrəm ayını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönəmində qarşılayırıq. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun bizlərə yaşatdığı qürur və sevincə görə Uca Yaradana həmd-sənalar, dövlətimizə dualar edirik. Qarabağda yenidənqurmanın başlanması, dini-mədəni abidələrimizin bərpası, həmvətənlərimizin doğma yurd-yuvalarına Böyük Qayıdışı - bütün bunlar Allah-taalanın lütfü və müdrik dövlət başçımızın sayəsində reallaşan arzularımız, dualarımızdır. Uca Allah xalqımızı, dövlətimizi hifz etsin, dövlət rəhbərimizin və Ali Baş Komandanımızın Azərbaycan naminə fəaliyyətinə daima rəvac versin".

QMİ-nin Qazılar Şurası müraciətdə bildirib ki, məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və sairə şəriətə görə icazəli deyil: “Son illər məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən və xalqımız tərəfindən təqdir edilən tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verilməsi isə ən münasib əzadarlıq nümunələrindən biridir. Ümidvarıq ki, dindarlarımız bu il də humanist ənənəni davam etdirərək, qan bankının paytaxtda və bölgələrdəki filiallarında, habelə digər səhiyyə ocaqlarında ehsan niyyəti ilə qan verəcək, minlərlə xəstə insana, irsi xəstəliklərdən əziyyət çəkən uşaqlara İmam Hüseyn xatirinə həyat bəxş edəcəklər. Həmin məkanların ünvanları Qafqaz Müsəlmanları İdarəsinin rəsmi veb səhifəsində (www.qafqazislam.com) yerləşdiriləcək.

Həmçinin QMİ Qazılar Şurası yerlərdəki nümayəndələrinin nəzərinə çatdırır ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına riayət edərək dini mərasimləri məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirsinlər. Özəlliklə, son günlər pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinləri tibbi-profilaktik qaydalara uyğun olmalıdır. Qeyd olunan tövsiyələrin bölgələrdəki din xadimlərinin dindarlara çatdırması vacibdir, qazılar və səlahiyyətli nümayəndələr görülən tədbirlər barədə hesabatlarını Qafqaz Müsəlmanları İdarəsinə təqdim etməlidirlər. Allah yanında imanın, mənəviyyatın yüksək məqamlarından biri - ailə, torpaq və Vətən uğrunda şəhidlikdir. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur. Allah-taalanın Nəim cənnətləri ilə müjdələnən, Peyğəmbər Məhəmməd Salavatullahın mübarək hədisində buyurulduğu kimi, Allah yanında imanın, mənəviyyatın ən yüksək məqamına yüksələn şəhidlərə, o cümlədən Kərbəla və Vətən şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət, bütün xalqımıza dəyanət və səadət diləyirik".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR