İnsanlara hürriyət, millətlərə istiqlal!

MB-dən yeni kredit siyasəti: “pul almaq” tələbləri sərtləşdirilir - səbəb...

2055 23.08.2022 10:00 İqtisadiyyat A A

Mərkəzi Bank “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib.  Belə ki, bankların aktivlərinin risk qrupları üzrə tələbləri sərtləşdirilib. Hədəflərdən biri əhalinin izafi borclanmasının qarşısının alınmasıdır. Dəyişiklər  bütövlükdə bank sektorunun maliyyə dayanıqlığının daha da gücləndirilməsi, o cümlədən məsuliyyətli və daha sağlam kreditləşmənin təmin edilməsi, əhalinin izafi borclanmasının qarşısının alınması, borcalanların potensial valyuta riskindən qorunması və ölkədaxili banklararası bazarın stimullaşdırılması üzrə yeni tələbləri nəzərdə tutur.

Məlumatda qeyd olunur ki, son dövrdə istehlak kreditləşməsi seqmentində aktivlik müşahidə olunmaqdadır. Cari ilin 6 ayında bankların istehlak krediti portfeli 14.9% artmışdır. Yeni tələblərə görə, borcun (kreditin) gəlirlərə nisbəti (BGN) əmsalı 45%-dən yuxarı olan, lakin 70% həddini keçməyən borcalanlara (kredit alanlara) verilmiş istehlak kreditlərinin bank aktivlərində risk qrupu 50% bəndi artırılıb. Belə ki, bankların, vətəndaşa rəsmi əməkhaqqısının 45-60%-i həddində verdikləri istehlak kreditləri aktivlərin 200 faizli (2,0 əmsallı) risk qrupuna, 60- 70% həddində verdikləri istehlak kreditləri isə 230 faizli (2,3 əmsallı) risk qrupuna daxil ediləcək. Yəni, Azərbaycanda rəsmi əməkhaqqının təxminən yarısı və ya bundan çox məbləğdə kredit almaq çətinləşəcək. Belə borcalanlara kredit verən bankların aktivləri daha riskli hesab ediləcək və banklar bu riskli kreditlər üçün daha çox xərc çəkmək məcburiyyətində qalacaqlar.

Əlbəttə, burada məqsəd təkcə vətəndaşların qayğısına qalmaq deyil. Bəllidir ki, hazırda ödənməyən xeyli məbləğdə kredit var. Yəni banklar şəxslərin gəlirləri ilə müqayisədə onlara iki-üç qat kredit verir, sonra isə vətəndaş onu ödəməkdə çətinlik çəkir. Bank isə ondan pulu ala bilmir. Nəhayətdə vəziyyət dramatikləşəndə dövlət amnistiya elan etməli olur, yük dövlətin boynunda qalır. Yəni burada məqsəd həm vətəndaşı, həm də dövləti kredit yüklərindən sığortalamaqdır.

Əkrəm Həsənov: "Mərkəzi Bankın - RƏHBƏRİNİN DƏYİŞƏCƏYİNİ GÖZLƏYİRƏM" -  FED.az

Əkrəm Həsənov: “Dəyişikliklər vətəndaşları kredit götürməkdən çəkindirmək, eyni zamanda bankları problemli kreditlərdən qorumaq məqsədi daşıyır”

İqtisadçı-hüquqşünas Əkrəm Həsənov “Yeni Müsavat”a bildirdi ki, bankların kapitalı minimum 50 milyon olsa da, verdikləri kreditlər bu rəqəmi dəfələrlə üstələyir ki, həmin  kreditlər vətəndaşlardan, şirkətlərdən alınan əmanətlər hesabınadır: “Buna görə də lisenziya almağa ehtiyac olmur. Azərbaycanda bank nəzarəti hər zaman zəif olub. Son illərdə bir neçə bankın müflis olmasının səbəbi budur. Bir çox banklar bilərək  ”otkat", “şapka” əsasında kreditlər verir. Nəzarət məhv bunun qarşısını almaq üçün lazımdır. Aktivlərin risk qrupları üzrə bölüşdürülməsi, kapitalın adekvatlığı, yəni verilmiş kreditin bankın öz vəsaiti hesabına olan nisbəti, və bu nisbəti hesablayanda hər kreditin müəyyən faizi olan qrupu var. Kredit nə qədər risklidirsə, bankın kapitalı, ehtiyatı daha çox olmalıdır. İstehlak kreditləri risk qrupunda üstünlük təşkil edir.  Qiymətlərin artdığı dövrdə vətəndaşın gəliri yalnız özünə, ailəsinə çatır. Bu halda istehlak kreditini necə ödəsin? Mərkəzi Bankın tətbiq etdiyi dəyişikliklər vətəndaşları kredit götürməkdən çəkindirmək, eyni zamanda bankları problemli kreditlərdən qorumaq məqsədi daşıyır. Xüsusilə, qeyri-rəsmi gəliri olan vətəndaşın kredit alması çətinləşəcək".

Ə.Həsənov Azərbaycanda bank sistemində inhisarlaşma meyllərinə də diqqət çəkdi: “Kiçik və orta banklar üçün bu göstərişlər tam məcburidir. Mərkəzi Bank iri bankları o qədər də yoxlamır, bir çox hallara göz yumur. Nəticədə kiçik və orta banklar istehlak kreditləri bazarından tam sıxışdırılıb çıxarıla bilər. Onsuz da onların kapitalları azdır. Böyük kapitalı olan, ciddi yoxlanmayan banklar istehlak kreditləri bazarını tam zəbt edə bilərlər. Bu isə istehlakçıların xeyrinə deyil, çünki böyük banklar vətəndaşlara öz şərtləri ilə kreditlər verəcək. Buna görə də Azərbaycanda istehlak kreditləri haqqında qanuna ehtiyac var. 2014-cü ildə mən və alman professor Peter Krebs (red: Almaniyanın Ziqen Universitetinin professoru, bank üzrə ekspert Peter Krebs nəzərdə tutulur) qanun layihəsi hazırlayıb təqdim etmişik. Dövlət orqanlarının əksəriyyətinin müsbət rəy verməsinə baxmayaraq, böyük bankların əksəriyyəti qanunun qəbul edilməsinə imkan vermir. Bir çox ölkələrdə belə qanun var ki, vətəndaşları banklardan qoruyur”.  

Bakupost.az - Vahid Əhmədov müalicədən qayıtdı

Deputat Vahid Əhmədov: “Bank sistemində istehlak kreditləri ilə bağlı məsələlər yetərincə tənzimlənmir”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov mövzunu “Yeni Müsavat”a şərh edərkən qeyd etdi ki, elə banklar var ki, rəqabətə dözmür: aktivləri, kredit reytinqləri aşağıdır və s.: “4 bank bu və başqa səbəblərə görə müflis olmuşdu. Mən bankların bağlanmasının tərəfdarı deyiləm, çünki bu, vəsaitin qaytarılması, kredit borclarında əhali üçün ciddi problemlər yaradır. Tələbat get-gedə dəyişir. Dəyişikliklər də bu tələbata uyğun edilir”.

Millət vəkili istehlak kreditləri haqqında qanunun qəbul edilməsinin lehinədir: “Bank sistemində istehlak kreditləri ilə bağlı məsələlər yetərincə tənzimlənmir. İstehlak kreditlərinin əlavə dəyər gətirən kreditlər olmasını istərdik. Məsələn, tikinti sektoruna kreditlərin ayrılması yaxşı olardı. Lakin istehlak kreditlərini elə şərtlərlə təklif edirlər ki, digər kreditlərə maraq olmur. Məsələn, tikintilərə kreditin cəlb olunması əlavə iş yerlərinin açılması deməkdir. Diqqəti bu məqama yönəltmək lazımdır. Hərçənd, bu sahədə verilən kreditlər də çox zaman özünü doğrultmur. Hesab edirəm ki, istehlak kreditləri haqqında qanuna ehtiyac var. Bank sistemindən təklif gələrsə, bunu dəyərləndirəcəyik.”.  

Qeyd edək ki, dəyişikliklər 16 avqust 2022-ci il tarixindən qüvvəyə minib.

Mərkəzi Bankın bu gün yaydığı məlumatda bildirilir ki, 2022-ci il avqustun 1-nə Azərbaycanda problemli kreditlərin həcmi bu ilin ilk yarısı ilə müqayisədə 0,2% artaraq 662,3 milyon manata çatıb. Vaxtı keçmiş kreditlər ötən ilin eyni dövrü ilə müqayisədə isə 29,4% azalıb.

NİGAR HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR