İnsanlara hürriyət, millətlərə istiqlal!

Marşal Debinin debil hərəkəti – 6-cı dəfə prezident seçilib, üsyançıların qarşısına çıxıb və…

2273 02.05.2023 11:54 Yaxın tarix A A

11 aprel 2021-ci ildə Çad respublikasında keçirilən prezident seçkilərinin nəticəsi elan ediləndə, altıncı dəfə qalib olan İdris Debi bu qələbəni iqamətgahında yox, ona qarşı üsyana qalxan qiyamçaların qarşısında qeyd edib, 68 yaşlı marşal-prezident ordu hissələrinə komandanlığı öz üzərinə götürərək mübarizəyə qatılıb. Debiyə altıncı dəfə qələbə təntənəsini yaşamaq qismət olmayıb, Çadın şimalında gedən döyüşlərdə o, ağır yaralanıb. Prezidenti xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. 20 aprel 2021-ci ildə İdris Debinin ölümü rəsmi elan edilib.

756189186734557.jpg (70 KB)

Debi 1952-ci ildə Çadın şimalinda, Berdoba kəndində çoban ailəsində anadan olub. Hələ uşaqlıq illərindən güclü yaddaşı, yüksək qavrama qabliyyəti, təhsilə, xüsusilə də hərb elminə marağı ilə fərqlənən Debi atasının yolunu davam etdirmək haqqında yox, təhsil almaq haqqında düşünüb. O, orta təhsilini öz əyalətlərindəki fransızların məktəbində alıb, sonra Çadın paytaxtı Ncamenada zabitlər məktəbini bitirib, daha sonra təhsilini Fransada hərbi aviasiya institutunda davam etdirib, pilot ixtisasına yiyələnib.

Debi Fransada təhsil aldığı illərdə Çadda vətəndaş müharibəsi davam edib. O, öz ölkəsinə qayıdanda seçim qarşısında qalıb. Debi siyasi qüvvələr arasında üsyançı qruplaşmaya qoşulub. Bu üsyanşı dəstəyə Hissen Habre rəhbərlik edib. 1982-ci ildə Debi Habrenin əsas silahdaşlarından biri kimi prezident Qukuni Ueddeyin devrilməsində böyük rol oynayıb və Habre hakimiyyəti ələ keçirib.

forum-0454746395.jpg (56 KB)

Habrenin prezidentliyi dövründə Debi Çadın silahlı qüvvələrində və təhlükəsizlik orqanlarında yüksək vəzifələr tutub, general rütbəsi daşıyıb.

Prezident Habre ilə general Debinin arasında silahdaşlıq, bir-birinə güvənmək münasibətləri çox da çəkməyib. 1989-cu ildə Debi hakimiyyəti devirməyə cəhd etməkdə ittiham olunub. Bu ittihamdan sonra Debinin Çadda qalması mümkünsüz olub və o, Sudana qaçıb. Sudanda olarkən o, Vətənpərvər Xilaskar Hərəkatını yaradıb. Onun bir çox keçmiş hərbçi həmkarları da Debiyə dəstək olaraq bu hərəkata qoşulub.

Sürətlə təşkilatlanan və silahlanan “xilaskarlar” hərəkatı 1990-cı ildə Çadda silahlı üsyana hazırlaşıb. 30 noyabr 1990-cı ildə Debinin dəstəsi Çadın Abeşe şəhərini işğal etdikdən sonra prezident Habre məğlubiyyətini qəbul edərək ölkədən qaçıb. Debi hakimiyyəti ələ keçirib.

KMO_096855_25382_1_t218_195321.jpg (67 KB)

Debi hakimiyyətə gəldikdən sonra Çadın ictimai-siyasi həyatında çox şeylər dəyişib. Dəyişməyən təkcə prezident olub. O, 30 il ərzində öz kürsüsünü “peşəkarlıqla” qorumağı bacarıb.

1993-cü ildə Çadda çoxpartiyalılıq sistemi yaradılıb. Patiya liderlərinə prezident seçkilərinə qatılmaq hüququ verilsə də, Debi altı dəfə yüksək səs çoxluğu ilə seçkilərdə “qalib” olub.

Özünü marşal elan edən Debi ölkədə elə bir rejim yaradıb ki, onu hakimiyyətdə olduğu dövrdə, 1991, 1992, 1993, 2004, 2006, 2008-ci illərdə Çadda müxalifət qüvvələri tərəfindən hərbi çevrilişə cəhd edilib.

forum-0446775334.jpg (97 KB)

Öz ölkəsinin keçmişinə, hərbi çevrilişlər tarixinə yaxşı bələd olan Debi siyasi fəaliyyətində son dərəcə ehtiyatlı olub. Bir çox tədbirlərdə onun əvəzinə oxşarları iştirak edib. Çadda öz klanını yaradan prezident yalnız ailə üzvlərinə və yaxın qohumlarına güvənib. Ölkənin əsas gəlir mənbələri, istehsalat sahələri məhz onların əlində cəmlənib.

2007-ci ildə Debinin oğlu Brahim Debi Fransada gecə klublarının birində qətlə yetiriləndə prezident bu hadisəni xəbərdarlıq kimi qəbul edib, mühafizəsini daha da gücləndirib, rejim daha da sərtləşib.
2008-ci ildə Debi real ölüm təhlükəsi ilə üzləşib. Üsyançılar prezident iqamətgahını mühasirəyə alaraq tam nəzarətə götürəndə Çadın paytaxında əhali prezidentin devrilməsini bayram kimi qeyd ediblər.

tass-24429606065947-780x585.jpg (91 KB)

Amma Debi bu gərgin vəziyyətdə qaçmayıb, təslim olmayıb. O, Fransadan kömək istəyib, fransız desantlarının keçirdiyi əməliyyat nəticəsində Debi həm həyatını, həm də vəzifəsini saxlaya bilib.
2021-ci ildə 79 faiz səslə prezident “seçilən” Debi gücünü ona qarşı çıxanlara nümayiş etdirmək üçün üsyançıların qarşısına özü çıxıb, orduya özü komandanlıq edib. “Dəyişiklik və anlaşma cəbhəsi”nin üsyançıları üçün bu gözlənilməz olsa da, prezidentin “döyüş” meydanında görünməsi onlara Çadın Debidən qurtulması üçün şans verib. Atışma nəticəsində Debi ciddi yaralanıb. Onu paytaxt xəstəxanasına çatdırmaq mümkün olmadığından yaxınlıqdakı tibb müəssisəsinə aparıblar. Marşalın həyatını xilas etmək mümkün olmayıb.

Debinin dəfn mərasimi 23 apreldə keçirilib. Afrika ölkələrinin liderləri ilə yanaşı, dəfn mərasimində Fransa prezidenti Emmanuel Makron da iştirak edib.

thumbs_b_c_47df4dae9ceec92cf497e313fbba1985.jpg (69 KB)

Debinin ölümündən sonra Çad parlamenti buraxılıb, ölkədə fəaliyyəti 18 ay nəzərdə tutulan hərbi keçid şurası yaradılıb. Bu şuraya isə rəhbərlik Debinin general oğlu, Çad prezidenti adminstrasiyasının mühafizəçilər alayının komandiri Mahamat Debiyə həvalə edilib.

Qeyd edək ki, ABŞ-ın ən populyar, 32 milyon tirajla çap olunan “Parade” jurnalının 2009-cu ildə keçirdiyi sorğuda İdris Debinin adı “Dünyanın ən pis diktatorları” siyahısında 16-cı sırada yer alıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR