İnsanlara hürriyət, millətlərə istiqlal!

Makkeyni Obamaya uduzduran reklam – Life” nəşri reklamdan 100 milyon qazanıb

1216 13.04.2023 15:15 Yaxın tarix A A

Müasir həyatımızı reklamlarsız təsəvvür etmək mümkün deyil. İnsanlar istəklərindən asılı olmayaraq hər addımda, nəqliyyat vasitələrində, marketlərdə, ictimai iaşə obyektlərində, televiziyda, radioda, küçə və prospektlərdə reklamları seyr etmək məcburiyyətindir. Çoxları bunu adi hal kimi qarşılasa da, bəzi insanlarda reklam bolluğu qıcıq yaradır. Sovet dövründə yaşamış insanlar isə “reklamsız SSRİ” haqqında daha həvəslə danışırlar.

Maraqlıdır, həqiqətənmi sovet dövründə reklamlardan istifadə olunmayıb?

8ee195.jpg (184 KB)

Kiçik bir araşdırma SSRİ-də reklam siyasəti haqqında böyük bir təsəvvür yaratmağa tam inkan verir. Hələ çar Rusiyası dövründə reklam məsələsi heç də qərb ölkələrindən geri qalmayıb. Oktyabr inqilabından sonra Leninin göstərişi ilə reklamlara tam qadağa qoyulub. Proletarların rəhbəri bu qadağanı aşağıdakı kimi əsaslandırıb:

“Mətbuatda məhsulları təbliğ etmək zənginlərə sistemli və davamlı şəkildə kömək edir ki, məzlumları və istismar edilən yoxsulları axmaq yerinə qoysunlar...”

Amma çox keçməmiş, SSRİ yaranandan sonra bolşeviklər anlayıblar ki, reklam vacib məsələdir. 14 mart 1921-ci ildə sovet hökuməti yeni iqtisadi siyasətə (NEP) start verəndə ticarət reklamlarının rasionallaşdırılması üçün departament komissiyası yaradılıb. Beləliklə, SSRİ-də reklamların tarixi məhz 1921-ci ildən başlayıb.

77781a1dbb69c8a6ed1bd164319d7b39.jpeg (135 KB)

SSRİ-də heç vaxt kommersiya reklamları təqdim olunmayıb. Sovet dövrünün reklamları sırf kommunist ideolgiyasına xidmət edib. Məsələn, sovet dövründə məişət avadanlıqları,, mebel, avtomobil almaq heç də hamı üçün əlçatan olmayıb. Ya uzun müddət növbədə dayanmaq lazım gəlib, ya da şəxsi tanışıqlar rol oynayıb. Bu məhsulların reklamlarına isə daha çox rast gəlinib. Bu cür reklamları tirajlamaqla sovet hökuməti öz vətəndaşlarında “buyurun, siz də alın, bizdə hər şey var” təəssüratını yaratmağa çalışıb. SSRİ-də səfərdə olan xaricilərə isə çatdırmaq istəyiblər ki, bizdə bolluqdur, reklamlarla vətəndaşlarımızı həvəsləndiririk ki, bu məhsulları əldə etsinlər.

Sovet dövrünün reklamları əsasən küçə və prospektlərə, vitrinlərə, vağzallara vurulan plakatlardan ibarət olub. SSRİ-də ilk dəfə televiziya reklamı isə 1964-cü ildə təqdim olunub. Qeyd edək ki, dünyada ilk televiziya reklamı ABŞ-da çəkilib. 1 iyul 1945-ci ildə, saat 14.29-da “Bruklin Corces” və “Filadelfiya Fillis” arasında keçirilən beysbol matçdan əvvəl ekranda ABŞ-ıın xəritəsi və xəritənin ortasında “BULOVA” saatı əks olunub. 10 saniyəlik rekalm kişi səsi ilə müşayiət edilib: “Amerika “BULOVA” vaxtı ilə yaşayır”.

369dc8f0e3.jpg (111 KB)

SSRİ-də isə 1964-cü ildəki ilk televiziya reklamı Amerikadan fərqli olaraq siyasi xarakter daşıyıb. Həmin reklamda qarğıdalı nümayiş etdirilib və bu, Xruşovun “qarğıdalı ideyası”nı təbliğ edib.
Zaman-zaman dünyada reklam vasitəsi ilə təbliğ olunmaq daha geniş vüsət alıb. Maraqlı faktlardan biri odur ki, reklama hər il dünyada 500 milyard dollar pul xərclənir.

Sıravi insanlar üçün reklam adi görünsə də, onun effekti olduqca böyükdür. O cümlədən siyasi reklamlar da öz bəhrəsini verir. Məsələn, dünyada ən bahalı siyasi reklam kampaniyası 2008-ci ildə prezident seçkiləri zamanı Amerika Birləşmiş Ştatlarında qeydə alınıb. Bu reklama görə Barak Obama 310 milyon, Con Makkeyn 136 milyon dollar sərf edib. Reklama daha çox pul xərcləyən Obama prezident seçkilərində qalib gəlib.

corn-rich.jpg (137 KB)

Dünyanın tanınmış iqtisadçıları və iş adamları xüsusilə ticarətdə reklam siyasətini vacib sayırlar. Hazırda elə şirkətlər mövcuddur ki, gələcək uğurları və daha çox gəlir əldə etməkləri üçün reklama qazanclarından daha çox pul xərcləyirlər.

Reklama ən çox vəsait ayıran və reklamının uzunluğuna görə rekorda imza atan şirkətlərdən biri Fransanın “Sitroen” şirkəti olub. Avtomobil istehsalçısı olan şirkətin 1925-ci ildə Parisdə Eyfel qülləsində quraşdırılan reklamı 38 kilometrlik məsafədən görünüb. Reklam altı rəngdən ibarət olub və onun işıqlandırılması üçün 250 min ədəd işıqdan istifadə edilib. İşıqlandırılma sisteminin quraşdırılmasında 90 kilometr uzunluğunda naqillərdən istifadə olunub. Bu nəhəng reklamın ömrü düz 11il davam edib.

d6edda8557.jpg (93 KB)

Reklamdan hiyləgərliklə istifadə edənlər də az deyil. Hələ 18-ci əsrdə fransalı aqronom Antuan Parmante tonlarla kartofunu sata bilməyəndə fərqli bir reklama əl atıb. O, gündüz saatlarında öz sahəsinin ətrafına çoxsaylı mühafizəçilər düzüb. Yerli əhali belə qənaətə gəlib ki, Antuanın əkdiyi kartof belə ciddi şəkildə qorunursa, demək, bu məhsul olduqca keyfiyyətli və qeyri-adidir. Sözsüz ki, bu reklamdan sonra fransalı aqronomun məhsulunun satışında ağılasığmaz uğurlar olub.

Reklam eyni zamanda kütləvi informasiya vasitələri üçün kifayət qədər böyük gəlir mənbəyidir. Məhz “Life” jurnalı reklamlardan 100 milyon dollar qazanan ilk mətbu orqan olub.

Screenshot_12.jpg (126 KB)

Reklam sahəsini araşdıranların qənaətinə görə, reklam dünyada insana ən güclü təsir göstərə biləcək nüfuzlu və əhəmiyyətli sənət formasıdır və onun seyrçi auditoriyasına heç bir auditoriya çata bilmir. Belə ki, 70 yaşına çatan insan iradəsindən və istəyindən asılı olmayaraq orta hesabla 2 milyona yaxın reklamı izləməyə “məhkum” olur. Bu rəqəm təkcə yaponlara aid deyil. Yaponlar verlişlərin və filmlərin arasında göstərilən reklamlardan qıcıqlanan insanlar üçün xüsusi proqram kəşf ediblər. Belə ki, televizora baxan zaman reklamların başladığı anda televizor avtomatik olaraq sönür, bitdikdən sonra isə yenidən işə düşür. Yəqin ki, reklam bolluğundan qıcıqlanan çoxları bu kəşfdən yaralanmaq istəyər.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR