İnsanlara hürriyət, millətlərə istiqlal!

Londonla Afina arasında HEYKƏL DAVASI 

536 28.11.2023 13:47 Dünya A A

Britaniyanın baş naziri Rişi Sunak yunan həmkarı Kiriakos Mitsotakis ilə görüşü ləğv edib.

Musavat.com xəbər verir ki, “Protothema” adlı yunan nəşrinin yazdığına görə, buna səbəb Yunanıstan baş nazirinin Londona səfər öncəsi Britaniya Muzeyində saxlanılan Parfenon mərmər şah əsərlərini oğurlanmış adlandıraraq, onların Afinaya qaytarılmasının zəruri olduğunu deməsidir.

Nəşrin mənbələrinin bildirdiyinə görə, görüş yunan tərəfi üçün gözlənilməz şəkildə Rişi Sunakın işinin çoxluğu bəhanəsi ilə ləğv edilib. Yunanıstanın baş naziri Kiriakos Mitsotakis nahar vaxtı Dauninq-stritə gəlməli idi. Lakin o, Leyboristlər Partiyasının lideri Kir Starmerlə danışıqlar apararkən Böyük Britaniyanın Yunanıstandakı səfiri Metyu Lodca Yunanıstan baş nazirinin diplomatik ofisinin direktoru Anna Mariya Bureyə zəng edərək, Böyük Britaniyanın baş naziri Rişi Sunak ilə görüşün ləğv edildiyini bildirib.

Yunanıstanda ləğvin səbəbi Kiriakos Mitsotakisin Britaniyada yerləşən Parfenon heykəlləri haqqında danışdığı müsahibə hesab edilib. Baş nazir qeyd edib ki, “heykəllər Yunanıstana məxsusdur, oğurlanıb” və geri qaytarılmalıdır. O, həmçinin yunan Parfenonuna aid sənət əsərlərinin bölünməsini Mona Liza tablosunun yarıya bölünməsi ilə müqayisə edib.

Görüşün ləğvindən sonra Kiriakos Mitsotakis Britaniyanın baş nazirinin mövqeyi ilə bağlı rəsmi bəyanat yayıb:

“Yunanıstan və Böyük Britaniya ənənəvi dostluq bağlarını bölüşür və ikitərəfli münasibətlərimizin əhatə dairəsi olduqca genişdir. Parfenon heykəlləri ilə bağlı Yunanıstanın mövqeyi məlumdur. Ümid edirdim ki, onları britaniyalı həmkarımla, eləcə də beynəlxalq xarakterli əsas problemləri: Qəzza zolağı, Ukrayna, iqlim böhranı, miqrasiya ilə bağlı müzakirə etmək imkanım olacaq”.

Yunan baş nazir həmçinin haqlı olan tərəfin heç vaxt müxalif arqumentlərdən qorxmadığını qeyd edib.

Öz növbəsində Britaniyanın “The Independent” nəşri qeyd edib ki, Rişi Sunak yunan heykəllərinin qaytarılması ilə bağlı bütün müraciətlərdən imtina etmək niyyətindədir. Dauninq-strit həmçinin Britaniya Muzeyinin heykəllərə sahibliyini yarı bölünmüş Mona Liza ilə müqayisə etməyin əleyhinədir.

“The Guardian” yazır ki, Sunak daha əvvəl açıq şəkildə bildirmişdi ki, o, 1963-cü ildə hazırlanmış Britaniya Muzeyinin eksponatlarının harasa verilməsini qadağan edən qanunvericiliyə dəyişikliyi heç vaxt dəstəkləməyəcək.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR