İnsanlara hürriyət, millətlərə istiqlal!

Leninqradın mühasirəsi – Qastronomda hər cür ərzaq olub, divarın o üzündə isə yüzlərlə ölən

2538 23.01.2023 16:10 Yaxın tarix A A

1941-ci ilə qədər Leninqradın (indiki Sankt-Peterburq) mərkəzində, sonralar Neva prospekti adlandırılan Oktyabr prospektindəki Yeliseyev univermağı şəhərin ən tanınmış və ən çox alıcısı olan ticarət obyektlərindən biri sayılıb. Müharibə başlanandan sonra isə univermaq “1 nömrəli qastronom” adı altında fəaliyyət göstərməyə başlayıb. Amma bu qastronomun qapıları sıravi vətəndaşların üzünə bağlı olub. Mağaza yalnız tanınmışlara, xüsusi buraxılış vərəqəsi olan yüksək ranqlı məmurlara, elm və incəsənət xadimlərinə xidmət göstərib. Hətta qastronomun prospektə baxan qapı və pəncərələri dəmir barmaqlıqlarla bağlanıb, üstünə müharibə şüarları vurulub. Giriş üçün isə həyət tərəfdən qastronoma nəzərə çarpmayan qapı açılıb...

Ленинград_блокадный._Работающий_гастроном.jpg (320 KB)

Yəqin ki, dünyanın ən dəhşətli statistik rəqəmləri müharibələrlə bağlıdır. Kütləvi insan ölümləri, dağıntılar, bütöv şəhərlərin, qəsəbələrin, kəndlərin yerlə yeksan edilməsi, əsir düşərgələri, işgəncələr, aclıq və s. bu kimi dəhşətlər məhz mühariblərdə yaşanıb. Dünyanın müharibələr tarixində ən ağır vəziyyətə düşəm şəhərlərdən biri də Leninqrad olub. 872 gün mühasirədə qalan şəhərdə yerli sakinlərin soyuqdan, aclıqdan, ən adi xəstəliklərdən ölməsi adi bir hala çevrilib. Ancaq bu mühasirədə aclığı, soyuğu hiss etməyənlər də olub. Yeliseyev univermağının “1 nömrəli qastronom”a çevrilməsi də şəhərin “xüsusi” kontingentini ərzaq qıtlığından xilas edib.

1941-ci ilin sentyabr ayında Leninqrad vilayət patirya komitəsi və Leninqrad hərbi şurasının birgə qərarı ilə Yeliseyev univermağı bağlanaraq “1 nömrəli qastronom” kimi fəaliyyətə başlayıb. Qastronomdan yararlanacaq şəxslərin siyahısı hazırlanıb və onlara xüsusi buraxılış vərəqələri verilib. Siyahıya bir neçə yüz nəfərin adı düşüb, dövlət məmurları, tanınmış alim və incəsənət nümayəndələri. Qastronomdan alış-veriş etmək üçün xüsusi buraxılış vərəqəsi olanlara konkret vaxt təyin edilib. Buna görə də qastronomun həyət tərəfdəki girişində heç vaxt növbə görünməyib. Yalnız bir neçə nəfər, birinci və ikinci katib, Leninqrad hərbi şurasının üzvləri ərzaq məhsullarını göstərdikləri ünvanda alıblar.

p1090366.25lf62d4e02s4kkwk4g080ocs.ejcuplo1l0oo0sk8c40s8osc4.jpg (253 KB)

Məhdud çəki və sayda olsa da, qastronomda yetərincə böyük çeşiddə ərzaq məhsulları olub. Mağazaya ərzaq bölgüsünü “NKVD”-nin Leninqrad vilayət idarəsi həyata keçirib.

Müharibə dövründə “1 nömrəli qastronom”da işləyən Nina Spirova sonralar mağazanın fəaliyyəti haqqında maraqlı açıqlamalar verib:

“Mənim həmin vaxt 16 yaşım var idi. Atamı cəbhəyə aparmışdılar, anam isə xəstə idi. Balaca bacım və anama mən baxırdım. Vəziyyətimizin ağır olduğunu görən qonşumuz bir gün məni özü ilə işlədiyi qastronoma apardı, direktora təqdim edərək işə qəbul olunmağımı xahiş etdi. Direktor mənə baxıb üzümə “bu qız bir-iki günə öləcək” deyərək imtina etmək istədi. Qonşumuz təkid edərək direktoru razı saldı. Beləliklə, mən məşhur qastronomda işə başladım. “1 nömrəli qastronom”da istənilən ərzaq məhsulunu tapmaq mümkün idi. Ət və süd məhsulları, şirniyyat, kofe, çay, qənd, meyvə, içkilər və s. Xüsusi buraxılış vərəqəsi olanlar bu məhsullardan istənilən qədər ala bilməzdi. Hər məhsula norma qoyulmuşdu.

i_036.jpg (183 KB)

Onu da deyim ki, müəyyən olunmuş normalar bir adam üçün artıqlaması ilə yetərli idi. Ərzaq normalarını bir günlük də almaq olardı, həftəlik də. Məhsulları həftəlik almaq qastronom üçün daha sərfəli idi. Çünki mağazaya gediş-gəliş daha az olurdu. Biz qapalı bir şəraitdə işləyirdik. Çoxları bu mağazanın fəaliyyətindən xəbərsiz idi. “NKVD” əməkdaşları qastronomu xüsusi nəzarətdə saxlayırdı. Çünki istənilən vaxt mağazaya hücum ola bilərdi. Qastronomda işləyənlərə də norma təyin edilmişdi. Növbəti dəfə ərzaq payımı götürüb axşam evə gedəndə yolda patrullar məni saxladılar, çantamı yoxladılar. Çantamda 400 qram çörək, 400 qram ət, 200 qram kolbasa var idi. Bunu görcək məni dərhal şöbəyə apardılar. İndi hamı üçün əlçətan olan az miqdardakı bu ərzaq məhsulları mühasirə dövründə fantastik bir şey idi. Səhərə qədər məni şöbədə saxladılar. Yalnız səhərisi gün qastronom rəhbərliyi ilə əlaqə saxladıqdan, həmin ərzaq məhsullarının mənə qanuni verilməsini öyrəndikdən sonra məni buraxdılar.

fbdb45c559126f8819d02b9d47e612d1.jpg (140 KB)

Qastronomda məhsullar həftədə bir-iki dəfə yenilənirdi. Ərzaq məhsulları Moskvadan Leninqrada təyyarə ilə gətirilirdi, bütün məhsullar “NKVD”-nin anbarlarına boşaldılırdı, oradan isə bölgü aparılırdı. Leninqradın ehtiyat ərzaq anbarlarında da müharibədən əvvəl xeyli ərzaq məhsulları var idi. 1941-ci ilin dekabrında həmin anbarların ikisi almanlar tərəfindən partladıldı. Bundan sonra şəhərdə ərzaq qıtlığı özünü daha çox biruzə verdi. Bizim müştərilərimizin isə heç bir problemi yox idi. Smolnıya gedən ərzaqlar da bizdən aparılırdı. Həmin məhsullara heç bir məhdudiyyət yox idi. Qastronomda işləmək çətin idi. Hər məhsulun qramına nəzarət edilirdi. Mənəvi cəhətdən isə bu mağazada işləmək sözün əsl mənasında dözülməz idi. Divarın o üzündə, prospektdə aclıqdan yıxılaraq ölənləri hər gün müşahidə edirdik, divarın bu üzündə isə çeşid-çeşid ərzaqlar...”

291791-main.jpg (161 KB)

“1 nömrəli qastronom”a dəfələrlə hücum cəhdləri də olub. Bununla yanaşı qastronoma saxta buraxılış vərəqəsi ilə keçmək istəyənlər də tapılıb. Bu cür hadisələrin qarşısı alınsa da, bəzi araşdırmaçıların qənaətinə görə, qastronomdan qeyri-qanuni yollarla məhsul çıxaranlar olub. Belə ki, şəhərin mühasirəsi dövründə Leninqradda gizli şəkildə ərzaq alveri ilə məşğul olanların sayı heç də az olmayıb. Onların “NKVD”-nin anbarlarından ərzaq almaq şansı olmadığından, alverçilərin qastornomdan mal almaq ehtimalı daha real sayılıb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR