İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolundakı aksiyaya ermənilərdən şok hədələr - Cavabımız gecikməyəcək!

1625 07.01.2023 12:36 Siyasət A A

2023-cü il girər-girməz, İrəvandan ölkəmizin ünvanına səslənən davakar bəyanatların “dozası” yenidən artıb. Keçən ilsonu Fransa-Ermənistan cütlüyünün BMT TŞ-də ölkəmiz əleyhinə qaldırdıqları fitnəkar təşəbbüs, siyasi-diplomatik hoqqalar tam iflas olandan sonra kapitulyant ölkədə xüsusilə də Laçın yolu ilə bağlı rəsmi və qeyri-rəsmi isterika daha aqressiv xarakter alıb.

Bu da səbəbsiz deyil. Artıq gün kimi aydındır ki, Laçın-Xankəndi yolu erməni kriminal elementlər, müxtəlif çaplı fransız, amerikan, rusiyalı təxribatçılar üçün asan keçid olmayacaq. Bu yoldan separatçılar üçün silah-sursat, hərbi texnika, minalar, əks istiqamətdə isə çapıb-talanan sərvətlərimizi daşımaq dövrü bitdi. Hətta ekoloqlarımızın etiraz aksiyası müvəqqəti dayansa belə.

Ermənistan üçün indi tək çıxış yolu həm 10 noyabr kapitulyasiya sənədinə tam əməl etmək, həmçinin nə qədər gec deyil, Azərbaycanla sülh müqaviləsi imzalamaqdır. Əks halda, erməni tərəfini daha faciəvi günlər gözləyir. Nə barədə ki, son günlər Qərbdəki “beyin mərkəzləri” də İrəvanı xəbərdar edirlər.

Amma İrəvandakı İnsan İnkişafı Mərkəzinin sədri Tevan Poqosyan görün nə çərənləyir. Sitat: “Azərbaycan xoşluqla Laçın dəhlizini açmayacaq, odur ki, Ermənistan yolu özü açmalıdır. Bizim iki ssenarimiz var: ya Bakıya qarşı elə qlobal təzyiq aləti yaratmaq ki, bunun ağır təsirini o öz üzərində hiss etsin və etirazçıları oradan yığışdırmalı olsun, ya da 1992-ci ildəki kimi özümüz özümüzə yol açmalıyıq. İkinci ssenari Ermənistanda hər gün müzakirə olunmalıdır və buna hazırlaşmaq lazımdır”.

Yəni Poqosyanın ağlı gedib Şuşa və Laçının on günün içində işğal olunduğu 1992-ci ilin mayına. Bayırda isə 2023-cü ildir və Azərbaycan da həmin Azərbaycan deyil.

Təəssüf ki, mənfur qonşular başlarına gələnlərdən dərs götürmək əvəzinə, hazırkı fəlakətli durumlarında da bizi terrorla, yeni işğalla hədələyirlər.

Belə hədələri biz nə dərəcədə ciddiyə almalıyıq? Artıq bir aya yaxın (27-ci gün) davam edən aksiyanın iştirakçılarına təhlükə varmı, artıbmı? Preventiv tədbirlərimiz nə olmalıdır?

Çingiz Qənizadə: “Belə qərarların qəbulu hüququ zorlamaqdır”

Çingiz Qənizadə: “Hadisələrin gedişatı Azərbaycanın antiterror əməliyyatı keçirməsinə zəmin yaradır”

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Tevan Poqosyanın sərsəm açıqlamaları açıq-aşkar müharibəyə çağırışdır: “Belə hesab edirəm ki, 1992-1993-cü illərdə ermənilər xarici havadarlarının köməkliyi ilə törətdikləri vəhşilikləri, mülki azərbaycanlılara, Azərbaycan dövlətinə, ərazilərinə qarşı etdikləri vandallıqları beyinlərdə hələ də yaşadırlar. Onlar hələ də ümid edirlər ki, bu cür vəhşiliklərini yenidən təkrarlayacaqlar. Hətta bu niyyətdə olduqlarını açıq şəkildə dilə gətirirlər.

Amma hesab edirəm ki, ermənilərin bu cür açıqlamaları, köhnə havadan çıxa bilməmələri mənasızdır, özləri-özlərini aldatmaqla məşğuldurlar. Ermənistandakı İnsan İnkişafı Mərkəzinin sədrinin bu cür bəyanatları insan hüquqları, beynəlxalq hüquqla ziddiyyət təşkil edir. Belə bəyanatları Ermənistan hakimiyyəti də ciddi qarşılamamalıdır.

Amma bu cür çağırışlar Ermənistandakı revanşistlərin ürəyincədir. Onlar görürlər ki, Laçın yolu ilə bağlı nə qədər vay-şivən salsalar da beynəlxalq təşkilatlardan Azərbaycana ciddi təzyiq edilmir. Çünki Azərbaycan heç bir qanundan, hüquqdan kənar hərəkət etmir. Ona görə də indi ermənilərin əlacı ənənəvi terrorla, müharibə ilə hədələmə taktikasına keçməyə qalıb. Laçın dəhlizinin əvvəlki kimi ermənilərin tamamilə sərbəst istifadəsinə verilməsi üçün Azərbaycana öz aləmlərində təzyiq edirlər. Açıq-aşkar müharibə çağırışları edirlər".

Ç.Qənizadə qeyd etdi ki, Ermənilər Laçın yoluna görə Azərbaycana qarşı beynəlxalq təşkilatlar tərəfindən ciddi təzyiqlərin olmayacağına artıq əmin olublar. Müharibə ilə hədələmə variantına əl atmaları həm də bununla bağlıdır: “Revanşist ermənilərin bu cür sərsəm bəyanatlarından nə Azərbaycan dövləti, nə də aksiya keçirən ekofəallar çəkinən deyil. Ermənistan, onun ordusu Azərbaycan qarşısında diz çöküb. Növbəti dəfə onları diz çökdürmək Azərbaycan üçün daha asan olar. Ona görə də ermənilərin ”özümüz Laçın yolunu güclə açmalıyıq" çağırışları gülüncdür. Adama deyərlər ki, nə ilə, hansı güclə yolu açacaqsan?!

İkincisi, Ermənistan dövləti hansı hüquqla Azərbaycan dövlətinin ərazisi olan yola müdaxilə edə bilər?! Müdaxilə cəhdi edərsə bu, həm Azərbaycanın ərazi bütövlüyünü, qanunlarını, həm də beynəlxalq qanunları pozmaq olacaq. Belə vəziyyətdə isə Ermənistana cavabımız sarsıdıcı olacaq. Poqosyan kimi revanşist hisslərlə yaşayan ermənilər əslində Ermənistan dövlətini, erməni xalqını uçuruma sürükləyirlər.

Digər tərəfdən, Azərbaycanın haqlı tələbləri ermənilər tərəfindən yerinə yetirilməyəcəksə, Azərbaycan özü qəti addımlara getməli olacaq. Ermənistanın silahlı birləşmələrinin bir hissəsi hələ də Xankəndi, Ağdərə və digər Azərbaycan ərazilərində qalır. Həmçinin erməni separatçı terror qrupları ərazidədir. Bu silahlı birləşmələr çıxarılıb Ermənistana aparılmasa və silahlı erməni terror qrupları silahlarını yerə qoymayacaqsa, Azərbaycanın özü onların hamısını zərərsizləşdirəcək. Beynəlxalq hüquq da Azərbaycana bu haqqı tanıyır.

Poqosyan tipli ermənilərin çağırışları terror və müharibə çağırışıdır. Bu çağırışlar separatçıları da terrora həvəsləndirir. Ona görə də Azərbaycan bu cür təhdidləri sıradan çıxarmaq üçün preventiv tədbirlərə əl ata bilər. Azərbaycan dövləti öz ərazilərinə kənardan müdaxilənin qarşısını sərt şəkildə almağa, öz vətəndaşlarının da təhlükəsizliyini qorumağa qadirdir. Hadisələrin gedişatı Azərbaycanın antiterror əməliyyatı keçirməsinə zəmin yaradır".

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

Yeganə Hacıyeva: “Preventiv tədbirlərimiz qaçılmazdır, risklərin həllini gələcəyə saxlaya bilmərik”

Politoloq Yeganə Hacıyeva bildirdi ki, ermənilər 1992-1993-cü il işğallarına, o dövrdə həyata keçirdikləri vandalizm aktlarına haqq qazandırmağa çalışırlar: “Tevan Poqosyanın bəyanatı köhnələrə haqq qazandırmaq, yeni eskalasaiyalara isə əsas formalaşdırmaq cəhdidir. Bunu həm də revanşist yanaşma adlandırmaq lazımdır. Ağlı başında olan erməni öz dövlətinin və xalqının gələcəyi üçün Azərbaycanı müharibə ilə, 1992-1993-cü ilə hədələməməlidir, Azərbaycanla danışıqlara, əlaqələr qurmağa çağırışlar etməlidir. Güc yolu ilə hədələməyin, maksimalist yanaşmanın Ermənistan üçün nələrə gətirib çıxardığını unutmamalıdırlar.

Yolu güc tətbiq etməklə açmaq kimi fikirlər birmənalı olaraq Ermənistan hakimiyyətindən qaynaqlanır. İrəvan Qarabağdakı ermənilərin blokadada qaldıqları, humanitar fəlakətlə üz-üzə olduqları rəyini dünyada yaratmağa çalışır. Beynəlxalq birliyi bu yalanlarına inandırmaq üçün “güc tətbiq etməkdən başqa variantımız yoxdur” kimi bəyanatlar verirlər. Bu cür bəyanatlar erməni terroruna, Ermənistanın qonşu ölkənin ərazisinə təcavüzünə haqq qazandırmağa da hesablanıb. Azərbaycan preventiv tədbirlər görməli və daha da ayıq-sayıq olmalıdır. Çünki mövcud şərtlərdə hər şey gözlənilə bilər. Təhlükəsizlik tədbirləri daha da gücləndirilməlidir. Aksiya keçirən ekofəallarımızın təhlükəsizliyini Azərbaycanın müvafiq güc strukturları əraziyə ciddi nəzarət etməklə qoruyur. Erməni terrorçuları tərəfindən istənilən təxribat cəhdi olarsa, dərhal çox sərt şəkildə qarşılanacaq. Preventiv tədbirlərimiz qaçılmazdır. Biz risklərin həllini gələcəyə qoya bilmərik".  

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR