İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolu aksiyasının 1 ayı: yola davam, yoxsa tamam? - rəylər

534 10.01.2023 10:00 Siyasət A A

Nümayişçiləri xüsusi nəzarət postlarının əvəzləməsi təklifləri irəli sürülür

Laçın-Xankəndi yolunda etiraz aksiyasının 1 ayı tamam olur. Əlbəttə, aksiya başlayandan onun uzanacağını proqnoz etmək mümkün deyildi. Ancaq söhbət Azərbaycan üçün “qırmızı xətlər”dən getdiyi, səbir kasamız dolduğu üçün belə bir uzunmüddətli dinc tədbirə əl atılması da tam məntiqli və təbii idi.

Bu, hər şeydən öncə özünü son vaxtlar Qarabağda tam cəzasız hiss eləməyə başlamış separatçı-kriminal ünsürlərə və quldurlara, həmçinin onların Rusiya “sülhməramlıları” timsalında yerdəki havadarlarına ilk əyani şəkildə xəbərdarlıq idi ki, özlərini yığışdırsınlar, qanunlarımıza, konstitusiyamıza hörmət eləsinlər, əks halda, davamı daha sərt gələ bilər. Artıq bir aydır Laçın yolundan erməni kriminal elementlər istifadə edə bilmir. Həmçinin Ermənistanın haqsız çağırışları beynəlxalq səviyyədə ciddi dəstək tapmayıb. BMT TŞ-də Ermənistan-Fransa cütlüyünün anti-Azərbaycan təşəbbüsü tam iflas olub.

Beləcə, Azərbaycan daha bir məsələdə öz iradəsini yeridir, erməni təbliğat maşınının sonuncu “qalalarını” bir-bir dağıdır. Bu mənada, yola faktiki nəzarətimizi bərpa etməyimiz aksiyanın ən böyük uğuru, nəticəsi sayıla bilər.

Əlbəttə, bu son deyil. Əsas hədəf Qarabağ anklavında suverenliyimizin bərpasıdır. Azərbaycan addım-addım bu hədəfinə yaxınlaşır. Şübhə yox ki, 2023 bu xüsusda qat-qat əhəmiyyətli, bəlkə də həlledici il olacaq. Həm də o səbəbə ki, 10 noyabr kapitulyasiya  sənədində göstərilən 2020-2025-ci il (5 illik) müddətin mərkəzi ilidir, tən yarısıdır.

2025-ə bir şey qalmır və Bakı indidən öz hazırlıqlarını görmək zorundadır. Laçın yolunda davam edən aksiya şəksiz ki, bu hazırlıqların tərkib hissəsidir. Yəni Azərbaycan geri çəkilmək, heç nə olmayıbmış kimi, aksiyaya son vermək niyyətində deyil. Ta ki, əmin olmayanadək ki, erməni tərəf, eləcə də “sülhməramlı” kontingent lazımi nəticəni çıxarıb.

Bu mənada aksiyanın daha bir nəticəsini ABŞ-ın məşhur “beyin mərkəzləri”ndən olan “Karnegi” Fondunun aparıcı eksperti, “Qara və bağ” kitabının müəllifi Tomas de Valın dilindən qeyd eləmək yerinə düşər. “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində o deyib: “Düşünürəm ki, dəhliz açılandan sonra (əslində humanitar məqsədlər üçün bağlı deyil! - red.) Qarabağdakı ermənilərin əksəriyyəti çıxıb gedəcək, çünki orada yaşam şərtləri münasib deyil. Bəlkə də elə Azərbaycanın taktikası da budur: Qarabağ erməniləri konflikt olmadan, sadəcə, çıxıb getsin. Hesab edirəm ki, ermənilər üçün şərait bu gedişlə get-gedə daha da çətinləşəcək”.

Yəni aksiya dayansa belə, anklavda qalan ermənilərin seçimini sürətləndirəcək: Azərbaycanın suverenliyini tanımamaq qərarı verənlər tezliklə bu yolla Qarabağdan rədd olub getməli olacaqlar.

Deputat Qüdrət Həsənquliyev isə hesab edir ki, aksiya iştirakçıları problemi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaqla artıq öz işlərini görüblər: “Məncə, aksiya öz məqsədinə çatıb, vətəndaş cəmiyyətinin nümayəndələri separatçıları və separatizmi dəstəkləyənləri bir daha başa saldılar ki, Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan həmin ərazidə dövlət suverenliyini bərpa edəcək. Bundan sonra aksiyanın daha uzun müddətə davam etdirilməsi düşmən tərəfindən bizim zəifliyimiz və çarəsizliyimiz kimi qəbul oluna bilər. Ona görə Azərbaycan hökuməti aksiya iştirakçıları ilə danışmalı, Laçın yolunda aksiyaçıların həyata keçirdiyi nəzarəti dövlət orqanları Ermənistanla sərhəddə həyata keçirməlidir”.

Belədirmi?

Nə qədər ki, Qarabağda Rusiya hərbçiləri qalır...

Murad Sadəddinov

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, Xankəndi-Laçın yolunda azərbaycanlı ekofəalların aksiyası bir ay ərzində əslində bütün Azərbaycan xalqının mövqeyinin ifadəçisi kimi çıxış etdi və bu aksiya bir çox məqsədlərinə nail oldu: “Qarabağda Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarının qarşısını bu aksiya faktiki olaraq aldı. Məqsədlərdən biri məhz bu idi. Bu aksiya həmçinin Qarabağa göndərilən Ruben Vardanyana və separatçılara başa salma əməliyyatıdır. Onlara başa salındı ki, vəziyyət heç də sizlərin düşündüyünüz kimi deyil, istənilən an boğazınız əlimizədədir, əlimizi bir az da sıxsaq boğulub məhv olarsınız. Sübut edildi ki, vəziyyət Azərbaycanın nəzarətindədir və Azərbaycan istənilən vaxt heç nəyə baxmayaraq bu yolu tamamilə də bağlaya bilər. Biz bu bir ayda əslində yolu tam bağlamamışıq, bu yolun humanitar məqsədlər üçün istifadə olunması istiqamətində tədbirlər görmüşük. Bu məsələ 10 noyabr üçtərəfli bəyanatında da öz əksini tapıb. Bu mənada ekofəalların aksiyası həm də üçtərəfli bəyanatın həmin bəndinin reallaşdırılması üçün addım sayıla bilər. Bu yol vasitəsilə ancaq humanitar yüklər daşına bilər. Ona görə də bu aksiya ilə həmin  yoldan ermənilərə silah-sursat daşınmasının da qarşısı alınıb. Xankəndidə yaşayan əhali üçün də aydın oldu ki, vəziyyətə kim nəzarətə edir. Həmçinin onlara aydın oldu ki, Azərbaycan mülki dinc erməni vətəndaşlarına qarşı deyil. Fransanın BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı qətnamə qəbul etdirmək niyyətinin baş tutmaması isə Azərbaycanın mövqeyinin haqlı olduğunu, Azərbaycanın heç bir beynəlxalq humanitar hüququ pozmadığını bir daha təsdiqləmiş oldu. Bir sözlə, Laçın yolunda keçirilən aksiyanın çoxsaylı istiqamətlər üzrə yaxşı nəticələri oldu. Bu gündən sonra aksiyanın davam etdirilməsi, yoxsa dayandırılması məsələsinə gəlincə, hesab edirəm ki, Laçın yolunun sırf humanitar məqsədli yol kimi fəaliyyət göstərməsinin davamlı olması üçün nəzarət mexanizmi olaraq hansısa bir institutsionallaşma variantına keçilməlidir. Məsələn, hansısa postların qurulması, yaxud da Türkiyə-Rusiya monitorinq qrupunun hansısa postunun qurulması və digər bu kimi praktiki addımlara gedilə bilər. Qurulacaq postlar 1 aydır aksiyaçıların nəzarət funksiyasını daha institutsionallaşmış, daha peşəkar formada tətbiq edə bilər. Yəni aksiya formatından institutsional sistemə keçilməsi lazımdır”. 

Çingiz Qənizadənin oğluna yeni VƏZİFƏ VERİLDİ

Çingiz Qənizadə 

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə isə bildirdi ki, istənilən tələblə keçirilən istənilən aksiya sonsuza qədər olmur. Bir müddət aksiyalar davam edir və tələblərini çatdırırlar, sonra növbəti mərhələyə hazırlaşırlar: “Laçın yolunda azərbaycanlı ekofəalların keçirdiyi möhtəşəm aksiya bütün dünyaya səs sala, dünyanın diqqətini poblemə yönəldə bildi. Haqlı tələblərimizi çatdırdıq, eyni zamanda separatçılara başa saldıq ki, bu yol gələcəkdə istənilən an ordumuz, güc strukturlarımız tərəfindən tamamilə kəsilsə, siz nə edəcəksiniz. Bu aksiya Azərbaycanın humanitar hüquq normalarına ən yüksək səviyyədə əməl etdiyini də dünyaya göstərdi. Xankəndidə yaşayan mülki erməninin Azərbaycan postuna yaxınlaşaraq yardım istəməsi və istəklərinin azərbaycanlılar tərəfindən yerinə yetirilməsi, həmin şəxsin məmnunluqla geri qayıtması hadisəsi bu mənada çox ciddi bir nümunə oldu. Birincisi, baş verən hadisə onu göstərdi ki, Xankəndi, Xocalı və Xocavənddə yaşayan mülki ermənilərə qarşı separatçılar tərəfindən ciddi təzyiqlər var. Mülki əhalini sülhə getməyə qoymurlar. İnsanların normal yaşamaq hüquqları separatçılar tərəfindən pozulur, insanları səfalətli vəziyyətlə üz-üzə qoyublar. İkincisi, görünən budur ki, azərbaycanlı ekofəalların keçirdikləri aksiya humanitar aksiyadır, mülki əhaliyə qarşı hər hansı qərəzli niyyətimiz yoxdur, Azərbaycanlılar erməni millətindən olan mülki sakinlərə qayğı ilə yanaşmağa hazırdır. Bu fakt azərbaycanlıların və Azərbaycan dövlətinin Qarabağdakı dinc mülki erməni sakinlərinə münasibətinin, necə münasibət göstərəcəyinin bir sübutu oldu. Dünya gördü ki, Azərbaycan öz erməni mənşəli vətəndaşlarının hüquqlarını təmin etməyə, onlara qayğı ilə yanaşmağa hazırdır. Hesab edirəm ki, bu hadisədən sonra Xankəndinin özündə ciddi müzakirələr olacaq və separatçılara və onlara rəhbərlik edənlərə qarşı əhali arasında narazılıqlar artmağa başlayacaq.

Mən aksiyanı keçirən ekofəalların iradəsinə, istəklərinə qarşı çıxmaq istəmirəm. Onlar özləri daha yaxşı bilirlər ki, aksiyanı nə zaman dayandırmaq, yoxsa davam etdirmək lazımdır. Şəxsi fikrim budur ki, bir xəbərdarlıq kimi bu aksiyanı bəlkə də dayandırmaq olar. Tələblərimizin hamısının qəbul edilmədiyi halda yaz aylarında daha uzunmüddətli və yeni detallar əlavə edilməklə aksiyanı keçirmək olar".

Gəncəyə raket atılması Qərbin maraqlarına ZƏRBƏDİR - Politoloq Məhəmməd  Əsədullazadə

Məhəmməd Əsədullazadə 

Politoloq Məhəmməd Əsədullazadə isə bildirdi ki, Xankəndi-Şuşa yolunda etiraz aksiyasına baxmayaraq Ermənistan və Rusiya tərəfi geri addım atmır. Bu onu göstərir ki, Rusiya separatizmin inkişafında və Azərbaycanın etnik ermənilər üzərində suverenliyinə imkan vermək istəmir: "Ermənistan da öz qoşunlarını Qarabağdan çıxarmayaraq sülh müqaviləsinin bağlanmasında maraqlı deyil. Etirazlar bir aydır davam edir və mütləq şəkildə burada daimi ekoloji post yaradılmalıdır. Bundan sonra aksiyanın dayandırılması mümkündür. Qeyd edim ki, Rusiya sülhməramlı qüvvələrinin maşın karvanı yoxlanmalıdır. Çünki Rusiya sülhməramlı qüvvələrinin maşınlarında silah-sursat daşınır. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda ermənilərə təminat daşımaq kimi nə öhdəlikləri, nə də vəzifəsi yoxdur. Onların ardıcılı maşın kolonunun keçməsi əsaslı şübhələr yaradır. Ola bilsin ki, həmin maşınlarda ermənilərə silah daşınır. Azərbaycan tərəfi Xankəndi-Şuşa yolunda etiraz aksiyalarından geri çəkilməməli, sona qədər buna gedərək ekoloji postu təsis etməlidir”.

Qeyd edək ki, ötən həftənin sonunda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə 2022-ci ilin ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yataqlarımızın qanunsuz istismarı və ekologiyanın pozulması istiqamətində hər hansısa bir irəliləyiş yoxdur. Bunun üçün də ictimai fəallar tərəfindən Laçın yolunda aksiya keçirilir.  Onlar sözügedən ərazidə monitorinqlərə razılıq verilməsini tələb edirlər. Nəticə əldə olunana qədər aksiyalar davam edəcək.

Etibar Seyidağa
“Yeni Müsavat”

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR