İnsanlara hürriyət, millətlərə istiqlal!

Laçın yolu aksiyası barədə yeni uydurma: İrəvanı “ittifaq dövlətinə məcbur etmək”...

627 30.12.2022 12:40 Siyasət A A

Ermənistan Rusiya ilə gərgin münasibətlərini bu bəhanə ilə ört-basdır etmək istəyir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Moskvadakı üçtərəfli danışıqlarda iştirakdan imtinası diplomatik böhrana səbəb olub. “Yeni Müsavat” bildirir ki, Moskva ilə İrəvan arasında qarşılıqlı ictimai ittihamlar davam etməkdədir.

Mirzoyanın Rusiyaya getməməsinə həmkarı Sergey Lavrovun cavabı “Ermənistan fürsəti qaçırdı” olmuşdu. Rəsmi İrəvan isə erməni nazirin Moskva səfərindən imtinasını Laçın yolunda keçirilən aksiya səbəbindən dəhlizin guya bağlı qalması ilə əlaqələndirir. Bunun ardınca Kremlə daha bir ağır ittiham ünvanlandı - Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyanı fəaliyyətsizlikdə ittiham etdi. Görünən budur ki, Paşinyanın administrasiyası Kremllə qarşıdurmanı dərinləşdirməkdə maraqlıdır. Belə ki, ölkəsinin ictimai televiziyasına müsahibəsində Qriqoryan Ermənistan hökumətində anti-Rusiya əhval-ruhiyyəsinin olduğunu inkar etməyib, lakin “rus həmkarları ilə işin davam etdiyini” də vurğulayıb.

Onun sözlərinə görə, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Laçın dəhlizinə görə məsuliyyət tamamilə Rusiya tərəfinin üzərinə düşür. Təhlükəsizlik Şurasının katibi onu da xatırladıb ki, Ermənistan sərhəddəki toqquşmalar zamanı bir neçə dəfə Rusiyaya yardım üçün müraciət edib, lakin heç bir yardım almayıb. İlk dəfə olaraq Paşinyan hakimiyyəti yüksək səviyyədə Rusiyanı Ermənistanı öz suveren ərazisindən Azərbaycana dəhliz verməyə, eləcə də formalaşmaqda olan Rusiya-Belarus birlik dövlətinə qoşulmağa məcbur etməkdə ittiham edib. Qriqoryanın sözlərinə görə, Ermənistan-Rusiya münasibətlərində son vaxtlar açıq şəkildə ifadə olunan böhranın səbəbi məhz budur.  Ermənistan Təhlükəsizlik Şurasının katibi də ilk dəfə olaraq bəzi hökumətyönlü erməni deputatların Rusiyanın Ermənistanı ittifaq dövlətinə qoşulmağa məcbur etməsi ilə bağlı bəyanatlarını təsdiqləyib. Qriqoryan bəyan edib ki, Ermənistan Kremlin bu istəyinə müqavimət göstərir.

Öz növbəsində, erməni politoloq İrəvandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan hesab edir ki, əgər diplomatlar bir-birindən narazılıqlarını açıq şəkildə bildirirlərsə, bu, iki ölkə arasında gərginliyin böhran həddinə çatması deməkdir. İsgəndəryan hesab edir ki, Ermənistan hakimiyyətinin anti-Rusiya ritorikası daxili auditoriyaya yönəlib, çünki daxili siyasi reallıqda Rusiyadan narazılıq tələbi kifayət qədər həssasdır. Digər erməni politoloq Tiqran Qriqoryan isə deyir ki, Ermənistanda belə bir hiss var - nəinki Azərbaycan, hətta Rusiya da güc yolu ilə ona müəyyən qərarlar qəbul etməyə çalışır. Beləliklə, situasiyanı ümumiləşdirsək, Ermənistanın iddiası budur ki, Laçın dəhlizində yaranmış vəziyyət Bakı ilə Moskva arasında razılaşdırılıb, yəni bu variantla Ermənistanın həm Zəngəzur dəhlizində, həm ittifaq dövlətində güzəştə getməsi mümkün olsun. Erməni politoloqlar yaxın aylarda həm Qarabağda, həm də Ermənistan-Azərbaycan sərhədində hərbi əməliyyatların bərpası ehtimalını da yüksək qiymətləndirirlər. Ancaq İrəvandan gələn bu açıqlamalar nə dərəcədə həqiqətə yaxındır?

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın bu mövzuda səsləndirdiyi bəyanatları təxribat adlandırıb. Əslində Ermənistan hökuməti sanki Qriqoryanın dili ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasında iştirakının bundan sonra mümkünsüz olduğunu göstərməyə çalışır. Məqsəd isə beynəlxalq birlik vasitəsilə rus sülhməramlılarının bölgədən çıxarılmasını tələb edib, əvəzində Qərbin sülhməramlı kontingentini bölgəyə gətirməsini təmin etməkdir.

Ermənistanın təxribatlarına qarşı gücdən istifadə etmək məcburiyyətindəyik"  - ELXAN ŞAHİNOĞLU

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Ermənistanın hakim partiyasının deputatı, parlamentin müdafiə və təhlükəsizlik daimi komissiyasının sədri Andranik Köçəryan partiyadaşı olan Qriqoryanın Rusiya ilə bağlı sərt açıqlamasını yumşaltmağa çalışıb. “Köçəryan deyib ki, Ermənistan birbaşa Rusiya-Belarus İttifaq dövlətinə qoşulmağa məcbur edilməyib, "lakin bu cür istək və məqsədlər göz qabağındadır". Yəni guya Kreml İrəvana təzyiq etməyib, sadəcə istəyini bildirib. Andranik Köçəryanın sözlərinə görə, Rusiya mümkün qədər çox ölkəni bu ittifaqa cəlb etmək istəyir. Niyə Rusiya digər strateji tərəfdaşı Qazaxıstanı deyil, birinci növbədə Ermənistanı ittifaqa qoşmaq istəyib? Görünür, Kreml rəsmi İrəvanın Qərblə yaxınlaşmaq meylini müşahidə etdiyindən ilk əvvəl Ermənistanı ayağına bağlamaq istəyib. Orası da var ki, Ermənistan digər ittifaqdan - Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından narazıdırsa, o birisinə - Rusiya-Belarus ittifaqına necə qoşula bilər? Eyni zamanda Rusiyanın ipini boynuna keçirmək istəməyən ölkənin deputatı Andranik Köçəryan müsahibəsində “Rusiya sülhməramlıları yoldakı problemi həll etməyə borcludur” açıqlamasını səsləndirməyi də lazım bilir. Rusiyanın Ermənistana borcu yoxdur, Ermənistanın Rusiyaya böyük borcu var, bu borc olmasaydı, bu gün Qarabağda bir separatçı belə qalmayacaqdır..."

Professor Qabil Hüseynli Qriqoryanın açıqlamasında Qərbə mesaj olduğunu da istisna etmir: “Ermənistanı vaxtilə bu ittifaqa cəlb etmək istəyiblər, İrəvan "yox" deyə bilməyib, amma Moskva ilə oynamağa başlayıb. Ancaq bu, Sərkisyan dövründə olub. Paşinyanla da belə söhbətlərin aparıldığını istisna etmirəm. Ancaq Ermənistanın baş naziri dəfələrlə deyib ki, ermənilərlə ruslar tarixi qardaşlardır, Rusiya olmasa dövlət qura bilməzdik və s. İndi Qriqoriyan kimi təcrübəsiz biri belə çıxış edirsə, açıq formada ya ittifaqa üzvlüyü qəbul etməlisən, ya da rədd etməlisən. O baxımdan onun söylədikləri həqiqətin hamısı deyil. Görünür, Ermənistan vaxtında əl yeri qoyub ki, onlara belə təkliflər irəli sürülsün, indi də oynamağa çalışırlar. Ona görə bunu Laçın yolu ilə əlaqələndirmək düzgün deyil və riyakarlıq etməsinlər". 

Yeganə Hacıyeva: "Qarşıdakı 3 il ərzində nəzarətimizdə olmayan..."

Yeganə Hacıyeva

Politoloq Yeganə Hacıyevanın sözlərinə görə, Ermənistanın guya ittifaq dövlətinə qoşulması üçün Rusiyadan təzyiqlər alması dezinformasiyadır: “Əslində Rusiyanın ittifaq qurmaq təşəbbüslərinin fərqində olan Ermənistan Qarabağda və Azərbaycanla sərhəddə gərginlik yaratmaqla mövcud vəziyyəti guya Rusiya ona təzyiq edir kimi təqdim etmək istəyir. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərimizdə Azərbaycanın konstitusion hüququnun təmin edilməsinin, ekofəalların aksiyasının və s. guya Rusiyanın sanksiyası ilə baş verdiyini göstərməyə cəhd edir. Ermənilər hiyləgərcəsinə ittifaq dövləti qurulması mövzusundan istifadə edərək öz problemlərini Rusiyanın hesabına həll etməyə çalışır”. Politoloqun fikrincə, hər hansı digər sülhyaratma missiyasının Azərbaycana gətirilə bilməsi kimi ssenarilər birmənalı olaraq mümkün deyil: “Hazırkı dövrdə bu istiqamətdə addım atmaq istəyən istənilən tərəf dünyada yeni bir gərginlik ocağı yaratmış ola bilər. Çünki Rusiya sülhməramlıları olan yerə kənar bir qüvvənin yerləşməsi üçün Azərbaycanın icazəsi lazımdır ki, bu da mümkün deyil. Birincisi, Azərbaycan hökuməti bununla razılaşmayacaq. İkincisi, mövcud güclər balansında dördüncü tərəfə yer yoxdur. Bunlar, sadəcə, avantüradır və Fransanın bu mövzudan istifadə edib, Cənubi Qafqaza sülhməramlı qismində girmək cəhdləri elə öz başında partlayacaq”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR