İnsanlara hürriyət, millətlərə istiqlal!

Kremldən Ermənistana yox olma xəbərdarlığı, Azərbaycana normal əməkdaşlıq təklifi - şimal küləyini necə ram etməli?

1631 14.02.2023 18:54 Yazarlar A A

Görünən budur ki, Ermənistan bütün vasitələrə əl ataraq, böyük sülh sazişini imzalamaqdan yayınmağa çalışır. Düzdür, elə bir az əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İrəvanın sülh müqaviləsinin mətni üzərində işlədiyini, tezliklə sülh müqaviləsinin mətninin Azərbaycana təqdim ediləcəyini açıqlayıb. Amma onu da qeyd edib ki, təkliflərdə Qarabağla bağlı maddələr də var və hazırda bütün məsələlər üzərində iş aparılır, razılaşdırılır.

9e91ff7a-1973-3409-8454-616dbf9b7648_850.jpg (72 KB)

Elə sonuncu ifadələr rəsmi İrəvanın sülhə necə “hazırlaşması”nın göstəricisidir. Azərbaycan dəfələrlə bəyan edib ki, “Qarabağ Azərbaycandır” və Qarabağ söhbətinə nəinki Ermənistan, hətta o dünyadan geri qayıtmağa cəhd göstərən “Minsk qrupu həmsədrləri”, yaxud erməniyanlı paytaxtlar, təsisatlar da qarışa bilməz, vəssalam! Qriqoryanın timsalında Ermənistanın yenə də sülh müqaviləsinə Qarabağ müddəası əlavə etməyə cəhd göstərməsi sülhü əngəlləməkdir. Sadəcə Ermənistan status-kvonun davamında maraqlıdır, ona görə bəhanələr uydurur. Bununla da vaxt qazanmaq, toparlanmaq, hansısa təxribatlar üçün fürsət qazanmaq, yaxud da Türkiyənin başının zəlzələyə, Azərbaycanın da başqa bir problemə qarışması fonunda revanş əldə etməyə hesablayıb planlarını. Necə ki, tarixin bütün dönəmlərində baş verən fəlakətlərdən, böyük hadisələrdən faydalanıblar, torpaqlarımızda dövlət qurublar, hətta İrəvanı, Zəngəzurun qərb hissəsini qoparanda da izi itirməkdən ötrü saziş imzalamadan aradan çıxıblar.

Təbii ki, Ermənistanı belə davranmağa həvəsləndirən mərkəzlər var və burada qərbdəki dairələr dominantlıq təşkil edir. Avropa İttifaqının Ermənistana iki illik “patrul” xidməti, Fransanın jandarmalar göndərməyə hazırlaşması erməni siyasətindəki revanşistlərə əlavə olaraq stimul verib. Məlum olduğu kimi, Azərbaycan öz ərazisində hər hansı “müşahidəçilər”ə ehtiyac duymadığını bəyan etməklə yanaşı, Ermənistana doğru yolçuluq edən avropalı emissarlara da mövqeyini ünvanlayıb. Eyni zamanda Rusiyanın xarici işlər naziri Sergey Lavrov səviyyəsində “Azərbaycanın razılığı olmadan Avropa İttifaqının missiyasının yerləşdirilməsi əks nəticə verə bilər” xəbərdarlığını edib. Diplomatik dildə səsləndirilən bu fikirlər həm də bölgəyə ayrı-ayrı adlar altında yeni hərbi qüvvələrin gətirilməsi planına qarşı ortaq mövqedən xəbər verir. Hətta İran belə, əbədi düşmənlərinin “qulağının dibinə”, elə Qafandakı baş konsulluğu tərəflərə patrul və jandarma xidməti yollamasından narahat olmadığını deyib, amma Azərbaycan kimi, Rusiya da bölgədə hərarəti artıracaq addımlara qarşı olduqlarını aydın şəkildə ifadə ediblər. Bu, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan və Rusiyanın növbəti dəfə ortaq mövqedən çıxış etməsinin göstəricisidir. Belə də ifadə etmək olar: “Ermənistan öz əli ilə özünün qəbrini qazır”.

bcdf2160-53d1-3f1c-8b40-95816ebc4858_850.jpg (66 KB)

Ermənistan Rusiyanın vasitəçiliyi ilə imzaladığı kapitulyasiya aktına əməl etmək istəmir, bu, həm də Rusiyanın nüfuzuna zərbədir. Rusiya çox istərdi ki, heç olmasa bir çərçivə sənədinin imzalanmasına nail olsun, Ukraynada apardığı dağıdıcı müharibənin fonunda özünü dünyaya sülhə töhfə verən ölkə kimi təqdim etməkdən ötrü. Həm də sülh müqaviləsi Zəngəzur dəhlizi deməkdir, Rusiya üçün həyat yolu! Ancaq Ermənistan Fransa, İran və digər “bacı-qardaş”larından aldığı təlimata uyğun olaraq prosesi pozmaq xəttini yürüdür, bu isə Moskvanı ciddi şəkildə qıcıqlandırır. Belə bir məqamda Azərbaycan və Rusiyanın üst-üstə düşən maraqlarından yararlanmaq nəinki lazımdır, hətta çox vacibdir.  

Bu mənada Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın Rusiyaya səfərinə təqdirlə yanaşmaq lazımdır. Bir sıra “qərb aşiqləri” Rusiyanın Ukraynada apardığı müharibəni əsas götürüb, Moskvaya səfərlərə tənqidi yanaşırlar. Amma başa düşmək lazımdır ki, biz təcrid oluna, nəhəng qonşumuzla münasibətləri dondura bilmərik, üstəlik Qərbin özü də fərqli istiqamətlərdə bu körpüləri yandırmaqda maraqlı deyillərsə... Ən vacib məqamı yuxarıda qeyd etdik: Ermənistan və Rusiya arasında tarix boyunca görünməmiş uçurum yaranıb, bu, bir tarixi fürsətdir, istifadə etməsək, sabah dəngələr dəyişə bilər. Bu mənada parlament diplomatiyasının hərəkətə keçməsində fayda var. Hər zaman Rusiya Dövlət Dumasında Ermənistanın müdafiəçilərinin olmasından, Azərbaycana qarşı hücumlardan şikayətlənmirdikmi? Buyurun, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova əməkdaşlıq haqqında saziş imzalayıblar. Düzdür, ötən ilin fevralında Azərbaycan və Rusiya liderləri müttəfiqlik haqqında bəyannamə imzalamışdılar və spikerlər arasındakı saziş də məhz dövlət başçılarının əməkdaşlığına əsaslanır. Sözsüz, Prezident Əliyev və Prezident Putin arasında yüksək səviyyədə münasibətlər var, amma parlamentlərarası əlaqələrin normallaşması və spikerlər arasındakı yüksək münasibətlər yalnız və yalnız işin xeyrinədir. Biz Rusiyanın Ukraynaya qarşı müharibəsini təqdir etmirik, hətta ərazi bütövlüklərinə hörmətin vacibliyini ən yüksək tribunalardan bəyanlayırıq. Ancaq eyni zamanda Rusiyanın bölgədə, o cümlədən dünyadakı yerinu, rolunu da unutmuruq, milli və dövlət mənafelərimiz münasibətlərin normal inkişafını tələb edirsə, bu məsələni diqqətdən kənarda saxlaya bilmərik. Diqqət edin, Volodin bildirib ki, Sazişin bu gün imzalanması Dövlət Duması ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında qarşılıqlı fəaliyyətin yeni səviyyəsinə çıxmağa imkan verəcək əlamətdar hadisədir. Sitat: “Bizim üçün bu, nəinki çox vacib, həm də münasibətlərin qurulması istiqamətində məsuliyyətli addımdır, çünki söhbət yeni formatların tətbiqindən, onların konkret məzmunla doldurulmasından gedir. Saziş isə bu problemi həll etməlidir”.

Снимок.PNG (1.45 MB)

Sahibə Qafqarova isə Sazişin imzalanmasının iki ölkə arasında əlaqələrin hərtərəfli möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Görüş zamanı Vyaçeslav Volodin onu da bildirib ki, bu il Dövlət Duması 2023-cü ildə yüz illiyi qeyd olunacaq Azərbaycanın ümummilli lideri Heydər Əliyevə həsr olunmuş sərgi keçirməyi planlaşdırır. O, sərginin may ayında keçirilə biləcəyini söyləyib. (APA) Ermənistana və Azərbaycana verilən mesajlara baxın...

Konkret olaraq Rusiya və Azərbaycan arasında qarşılıqlı olaraq dostluq və əməkdaşlıq mesajlarının səsləndirildiyi görüşdə digər ölkələrə ünvanlı xəbərdarlığa diqqət edək: “Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq öz ölkələrini itirəcəklər”. Bu ultimatum Vyaşeslav Volodinə məxsusdur.  Duma rəhbəri deyib ki, Avropa Parlamenti, AŞPA-nın iştirakı ilə hansısa kəskin məsələ və ya münaqişəli vəziyyətin həllinə nail olunmayıb. Spiker Qafarova ilə təkbətək görüşdən sonra Vyaçeslav Volodin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidə vəziyyətin normallaşdırılmasına Avropa strukturlarının, o cümlədən Avropa Parlamenti və AŞPA-nın müdaxilə cəhdlərini yolverilməz (!) adlandırıb. Sitat: “Ona görə də Avropa Parlamentini və AŞPA-nı cəlb etmək istəyənlər 10 dəfə düşünməli və Ukrayna, Yuqoslaviya və digər ölkələrin timsalında bunun necə bitəcəyini ölçməlidir. Sülh istəyən, vəziyyəti həll etmək istəyən hər kəs nəinki bu kvazi-parlamentlərdən - istər AŞPA-dan, istərsə də Avropa Parlamentindən uzaq durmalıdır, həm də aydın başa düşməlidir ki, onların iştirakı vəziyyəti gərginləşdirəcək, getdikcə daha çox problemlər yaradacaq. Əgər onlar bunu edərlərsə, o zaman nəticələrinə görə məsuliyyət daşımalıdırlar”.

Hazırki dövrdə bu xəbərdarlıq hansı ölkəyə ünvanlanıb? Təbii ki, Ermənistana! Rusiyanın orbitində olan Ermənistan Aİ “patrullarını” ölkəyə dəvət edir, özü də iki illik müddətə! Bu, Rusiyanın 102 saylı hərbi bazasını belə, saya salmamaq deməkdir. Azərbaycan istənilən normal fəaliyyət göstərən qurumla, dövlətlə ikitərəfli əməkdaşlıqda maraqlıdır, o cümlədən Avropa ilə. Rusiya heç vaxt buna görə rəsmi Bakının siyasətinə müdaxilə edə bilməyib, çünki siyasətimizdə müstəqilik. Dünənədək Rusiyadan bəhrələnən Ermənistan bu gün “forpost” damğasını unudaraq Avropaya pənah aparmaq istəyir, Rusiya da bunu bağışlamaq niyyətində deyil. Bəli, bundan əvvəl Lavrov səviyyəsində Ermənistana xatırlandı ki, vaxtilə Azərbaycanın 7 rayonunu işğal etmişdi, amma bu, son deyil, davamı gəlir, necə ki, Sahibə Qafarovanın səfərində eşitdik. Milli Məclis sədrinin başçılığı ilə nümayəndə heyətinin Rusiya səfərinin vaxtı tam yerində seçilmişdi, İrəvanla qırılma nöqtəsində olan Rusiya ilə yaxınlıq növbəti tərs şapalaqdır revanşist siyasət üçün. Volodin Yuqoslaviya nümunəsini çəkməklə Ermənistanın bir ölkə kimi silinə biləcəyinə eyham vurub. Sözsüz ki, bu qənaət, bu bəyanat həm də Azərbaycan parlamentinin sədri ilə bir saatlıq təkbətək danışıqlarının məntiqi nəticəsidir. Bundan əvvəl Volodinin Bakıya səfəri olmuşdu, sentyabrın sonlarında. Milli Məclis sədrinin cavab görüşü tam zamanında reallaşdı. Diqqət edin, “erməni gölünə daş atılıb”, səs-səmir yoxdur... Dövlət Duması sədri, eyni zamanda Federasiya Şurasının sədri Valentina Matviyenko ilə Milli Məclis sədrinin görüşləri sözünü deyib. Parlament diplomatiyası Prezidentin uğurlu xarici siyasətinə istinad edir. Dövlət başçısı həm də hücum diplomatiyası demişdi axı...

Məlumatlı mənbədən aldığımız məlumata görə, Milli Məclisin sədri Moskvada keçirdiyi həm təkbətək, həm də geniş tərkibli görüşlərdə ölkəmizin prioritetləri və ictimai gündəmimizdə üstünlük təşkil edən mövzular haqqında geniş və kifayət qədər açıq mətnlə bəyanatlar səsləndirib.

4e8038ce-2962-3889-903e-2bb4d9d50128_850.jpg (82 KB)

Xanım Qafarova həm Azərbaycanın inkişafı, beynəlxalq münasibətlər sistemində yeri və rolu, ölkəmizin fəal aktor kimi mövcud geosiyasi vəziyyətdə baxışları haqqında danışıb, eyni zamanda, Azərbaycanın öz torpaqlarını işğaldan azad etdikdən sonra həyata keçirdiyi genişmiqyaslı quruculuq və bərpa işləri haqqında məlumat verib. Eyni zamanda Kremldə cənub qonşumuz İranda səfirliyimizə qarşı törədilən terror, ölkəmizin bu cinayətkar aktın araşdırılması və günahkarlarının cəzalandırılması ilə bağlı haqlı tələbi də spiker Sahibə Qafarova tərəfindən növbəti dəfə ifadə olunub. Rusiyanın maraq dairəsində olan Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərən İranın Azərbaycana qarşı terror dili ilə danışması faktının qabardılması olduqca vacibdir. Yada salaq ki, 2021-ci ildə İran Azərbaycanı təhdid edərkən Rusiyadan da dəstək almağa ümid edirdi, amma o zaman iranlı baş diplomat “əli ətəyindən uzun” qayıtdı Moskvadan. Faktiki olaraq İranın bir sıra addımları Rusiyanı da qane etmir, bu mənada şimal qonşumuzla daha çox məsləhətləşməkdə fayda var.

Moskva görüşlərində Sahibə Qafarovanın Ermənistanın təxribatlarını diqqətə çatdırması, xüsusilə də Laçın yolu ilə bağlı uydurma iddialara tutarlı faktlarla cavab verməsi mühüm məsələdir. Məlumata görə, spiker qeyd edib ki, müharibə başa çatandan sonra da Ermənistan tərəfi Laçın yolundan mina, sursat, şəxsi heyət və qeyri-qanuni olaraq təbii sərvətlərin daşınması üçün istifadə edir. Bu açıqlamanın açıq-aydın şəkildə Rusiyada açıqlanması olduqca vacib və əhəmiyyətlidir, söhbət Rusiyanın müvəqqəti nəzarət zonasına daxil olan ərazidən gedir. Bu, həm də Rusiya hərbi kontingentinə məsuliyyətinin xatırladılması deməkdir. Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan Laçın yolu boyunca hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və malların hərəkətinin təhlükəsizliyinə təminat verir. Hazırda humanitar məqsədlər üçün yolun istifadəsi də davam etdirilir. Məlumata görə, spiker vurğulayıb ki, Laçın yolunun guya Azərbaycan tərəfindən bağlanması, Azərbaycan torpaqlarında yaşayan erməni sakinlərinin blokadaya məruz qalmaları, humanitar böhranla bağlı vəziyyətin yaranması ilə bağlı Ermənistan tərəfinin iddiaları tamamilə əsassızdır. Laçın yolu boyunca hər gün çoxlu nəqliyyat vasitələrinin, sülhməramlı kontingentin maşınlarının, Beynəlxalq Qırmızı Xaç Komitəsinin, erməni təcili yardım maşınlarının hərəkəti erməni tərəfinin iddialarının yalan olduğunu sübuta yetirir. Şübhə etmirik ki, Volodin daxil, bütün Duma üzvləri gerçəklikdən xəbərdardır. Amma bu faktları bir daha xatırlatmaqda fayda var, həmçinin sülhməramlı kontingentin məsuliyyətinin xatırladılması deməkdir. Prezident köməkçisi Hikmət Hacıyev hələ Laçın yolunda dinc aksiya başlandığı ilk günlərdə yolun Rusiya sülhməramlıları tərəfindən bağlandığını nəzərə çatdırmışdı. Bu dəfə parlament rəhbərliyi tərəfindən faktların sadalanması Rusiyadakı anti-Azərbaycan dairələrin də tərksilah edilməsi deməkdir. Axı, Rusiyada hələ də Ermənistandan “əl meymunu” kimi istifadə etməyə çalışan dairələr var, hərdən onlar da “blokada havası”na girirlər. Bu arada KTMT-nin Birləşmiş Qərargahının rəhbəri Anatoli Sidorovun ermənilərin son ümidlərini qıran açıqlaması da diqqət çəkir.

ana.jpg (105 KB)

Milli Məclisin sədri Sahibə Qafarova olmaqla bir qrup azərbaycanlı deputatla görüşən Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun iki ölkə arasındakı münasibətlərin inkişafını yüksək qiymətləndirməsi, üstəlik, “Rusiyanın Azərbaycanda Baş konsulluğunun açılması müttəfiqliyin bariz nümunəsi olardı”-deməsi də maraqlı nüansdır. Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan baş konsulluq məsələsində anlaşmaya gedə bilər, amma Qarabağa tam şəkildə nəzarət etməsinin fonunda... Niyə də olmasın?

Və... Fevralın 14-də Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin (XİN) Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayev Bakıya gəldi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul edildi.

a60826fe-f25d-3988-849b-25ffc4ccc9d9_850.jpg (79 KB)

Məlumata görə, görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh müqaviləsinin hazırlanması üzrə danışıqlar prosesi barədə fikir mübadiləsi aparılıb. Kremldən İrəvana xəbərdarlıq, Bakı ilə məsləhətləşmə, normal əməkdaşlıq müzakirələri. Uğurlu siyasətdir, şimal küləyi ram edilir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR