Putinin baş “şilləvuranı” Dmitri Medvedyev Ermənistan Baş nazirinə yenə həqarət edib. Medvedyev Rusiyanın sabahkı seçkilərdə əsas desant-namizədi – Samvel Karapetyanın lideri olduğu partiyanın qeydiyyatının ləğvi ilə bağlı yerli MSK-ya müraciətə sərt reaksiya verərək yazıb ki, “Nikol Paşinyan şalvarını b...b”.
Yəni, guya Paşinyan Karapetyanın qələbəsindən qorxur. Hərçənd, rəy sorğularının heç birində bu adam 1-ci yerdə görünməyib. Həmişə hakim partiyanın sədrindən – Nikol Paşinyandan geri qalıb. Özü də kifayət qədər böyük fərqlə. Nikol ondan niyə qorxub-çəkinsin ki?
Əksinə ötən həftə o, Samveli hədələyərək demişdi ki, seçkilərdən sonra o, azı, 10 il Ermənistandan çıxa bilməyəcək, “çünki törətdiyi əməllərə və korrupsiyaya görə cəza çəkməli olacaq”. Nəsə qorxan adamın sözlərinə oxşamır bu...
Medvedyev statusunda belə bir fikir də işlədib ki, əgər Karapetyanın partiyası seçkilərədən kənarlaşdırılsa (MSK müraciəti rədd edib – Z.S.), o zaman seçkilərin legitimliyini hətta Brüssel və Vaşinqton da tanımayacaq. Bəs Rusiya necə, Paşinyanın partiyası qalib gəlsə, onun legitimliyini tanıyacaqmı, yoxsa yenə cığallıq edəcək?
Məsələ də ondadır ki, Moskva postsovet məkanında böyük seçkilərin legitimliyinə həmişə sırf öz maraqları prizmasından baxıb. Əgər qalib siyasi qüvvə Rusiya yönlü deyilsə, Kreml adətən nəticələri de-fakto tanımır, əksidirsə, böyük saxtakarlığa rəğmən, onu legitim elan edir.
Çünki “şimal ayısı” yeni müstəqil dövlətlərin hamısına yuxarıdan-aşağı baxır. İmperiya xisləti qoymur ki, normal münasibətlər bərqərar olsun. Təsadüfi deyil ki, Ermənistanda parlament seçkilərini müşahidə edəcək Rusiya nümayəndə heyəti ölkəyə buraxılmayıb. Aydındır ki onlar hansı mövqe ortaya qoyacaqlar...
Əslinə qalsa, ən çox təlaş keçirən tərəf elə Rusiyanın özüdür. Elə olmasaydı, Moskva Ermənistandan meyvə-tərəvəz idxalına belə qadağa qoymazdı. Bu məqamda xarici işlər naziri Ararat Mirzəyanın sözlərini xatırlatmağın yeri var. Dünən o, belə bir ifadə işlətmişdi ki, “biz müstəqilliyi çiyələyə dəyişmirik”.
Ondan bir gün qabaq isə parlamentin spikeri Alen Simonyan daha da qabağa gedərək, Kreml rəhbərliyini səhv yoldan dönməyə çağırmış, təzyiq metodlarının Ermənistanda keçərli olmadığını bəyan eləmiş, ardınca Moskvaya hədə dolu “dostluq” mesajı göndərmişdi.
Sitat: “Onların seçdiyi bu aqressiv hərəkət və təzyiq üslubu Ermənistanda qətiyyən işə yaramayacaq. Tərsinə, bu addımlar tamamilə tərs effekt verəcək və cəmiyyətdə Rusiyaya qarşı nifrəti artıracaq. Onları keçmişdə başqa ölkələrə qarşı etdikləri eyni qorxulu səhvləri Ermənistanda da təkrarlamamağa çağırıram. Biz Moskvanın tətbiq etdiyi embarqolara boyun əyməyəcəyik”.

Məşhur kinofilmdəki bir ifadə yada düşür: “Kosa, səndən qorxmuram!..”
Razılaşaq ki, vassal ölkəyə “yaraşmayan”, Moskvaya ünvanlı kifayət qədər kəskin reaksiyalardır. Eyni zamanda, 7 iyunda qələbəyə əminliyin təzahürüdür. Görək, Ermənistan rəhbərliyi bunu 7 iyundan sonra əməldə necə təsdiqlədəcək. Hərgah, əsl müstəqil dövlət ərazisində yad hərbi qüvvələr və ya xarici hərbi baza olmayan dövlət sayılır.
Hələliksə erməni toplumu müstəqilliyin hansı dəyərdə olduğunu sabah isbat eləməlidir: bu ölkə yenə Rusiyanın peyki, marioneti olmaq istəyir, yoxsa Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətləri qurmaq, müasir, legitim dövlət quruculuğu yolunu seçir?
“Göygöz Kosa” bu ölkəni təzədən “daşa” döndərə biləcəkmi?..






