İnsanlara hürriyət, millətlərə istiqlal!

“Kişi getdi”-“Kişi gəldi” vaqiəsi – bunu eyni adam haqqında eyni qəzet yazıb

1736 13.05.2023 10:35 Yazarlar A A

 

Biz uşaq olanda böyüklərin Rüstəm Səfərəliyev haqqında ləzzətlə danışdığı bir əhvalat vardı.

İndi yaşı 31-dən aşağı olan və Bərdədən olmayan gənclər deyəcəklər ki, Rüstəm Səfərəliyev kimdir.

Məşhur inqilabçı, Stalinin dostu Xanlar Səfərəliyevin qardaşıoğlu olan Rüstəm Səfərəliyev sovet dövrünün ən şöhrətli raykom katiblərindən biri və stajına (31 il) görə birincisi olub, 5-6 rayonda Azərbaycan KM MK-nın rayon komitələrinin birinci katibi, indiki meyarlarla desək, İH başçısı işləyib.

Onun haqqındakı baməzə söhbət isə belədir. Deməli, Səfərəliyev ötən əsrin 60-cı illərinin axırlarında Bərdədə raykom katibi olanda bədxahları onun torbasını tikirlər və o zaman Azərbaycanın rəhbəri olna Vəli Axundov ağsaqqalı işdən çıxarır. Səfərəliyev şələ-küləsini yığıb Bərdədən köçəndə bir də baxır ki, rayon partiya komitəsinin orqanı olan qəzetdə onu ələ salan “Kişi getdi” başlıqlı yazı dərc olunub.

Sonra Moskva da V.Axundovu işdən çıxarır, bir müddətdən sonra keçmiş raykom yoldaşı Sadiq Murtuzayev respublika rəhbəri vəzifəsinə yeni gəlmiş Heydər Əliyevdən xahiş edir ki, Səfərəliyev kimi kadrı işsiz qoymasın. O da Sadiq müəllimin xahişi və zəmanəti ilə Səfərəliyevi Göyçaya başçı göndərir. Səfərəliyev bu rayonda yaxşı işləyir, rayonu qabağa çıxarır. Mərkəzi Komitədə qərara alırlar ki, “yıxılı rayonun dirəyi” Səfərəliyevi göstərciləri bərbad olan başqa rayona göndərsinlər. Baxırlar ki, hamısından pis gündə olan Bərdədir. Səfərəliyev də nəyə görəsə məhz o rayona göndərilməsini istəyir. Beləcə, 5-6 ildən sonra onu yenidən bu rayona birinci katib təyin edirlər. Səfərəliyev rayona gələn kimi yerli qəzetin redaktorunu yanına çağırtdırır, deyir, indi get, bir dənə “Kişi gəldi” başlıqlı yazı yaz.

Doğrusu, bu hadisənin doğruluğuna tam zəmanət verə bilmərəm, mən ağsaqqallardan belə eşitmişəm. Doğrusunu yaşlı bərdəlilər bilər.

İndi sözü nəyə gətirirəm? Budur, neçə gündür, qardaş ölkədə gedən seçkilərə görə iki tirəyə bölünmüşük, tərəf tuturuq, azarkeşlik edirik. Yəqin ki, bu normaldır. “bir millət-iki dövlət”iksə, qardaşıqsa, bir-birimizin dərd-səriylə, problemiylə, seçimiylə yaxından maraqlanmalıyıq.

Amma biz azarkeşliyin və qardaşlıq büsatının bir level o tərəfinə keçmişik. Burada öz aramızda dalaşdığımız, qarşı tərəfimizdə duranlara söz atdığımız bəs deyilmiş kimi, hələ 2 min kilometr o tərəfdəki qardaş dediklərimizə də, türkün sözü, laf soxuruq.

Məsələn, dünən parlamentdə ağsaqqal deputatımız Fəzail Ağamalı Türkiyədəki seçimlərə dair danışıb, bir az da məzəli ovqatda deyib ki, “Nooldu, Paşinyan”dan sonra bu dəfə də “Nooldu, Kılıçdaroğlu” deyəcəyik.

Birincisi, Kılıçdaroğlu uduzsa, biz elə deməməliyik, çünki Paşinyan düşmən ölkənin rəhbəriydi, amma Kılıçdaroğlu qardaş ölkənin rəhbəri olmaq istəyir.

İkincisi, elə olmaya da bilər. Bu seçkidir, anket sorğuları da göstərir ki, qüvvələr təxminən bərabərdir və məsələ gəlib çıxıb fatalistlərin “Allah kimə verər, verər” dedikləri mərhələyə.

İşdir, birdən Ərdoğan qalib gəlmədi, Kılıçdaroğlu qalib gəldi, onda necə olar? Heç necə. Söz yox, qardaşlıq davam edər, seçki ehtirası səngiyər, çox çəkməz, umu-küsü unudular, dövlət rəhbərləri tezliklə anlaşar. Ola bilər ki, bizim parlamentin nümayəndə heyəti bir gün Ankaraya gedər və prezidentlə görüşər. Kılıçdaroğlu bir-bir deputatlarımızla əl tutuşub görüşəndən sonra növbə Fəzail Ağamalıya çatanda bircə kəlmə “Nooldu, sayıın Ağamalı” desə, kabineti əvvəlcə gülüş sədaları başına götürməzmi, daha sonra yüngülvari pərtlik yaranmazmı?

Hər şey ola bilər. Həyatdır.

Bax, o vaxt Rüstəm Səfərəliyev Bərdənin rəhbəri vəzifəsindən götürüləndə yerli qəzetin redaktoru da ağlına gətirmirdi ki, bu kişi yenidən qayıdıb vəzifəyə gələcək. Bilsəydi, “Kişi getdi” başlıqlı məqalə yazmazdı və 5-6 ildən sonra daha bir “Kişi gəldi” başlıqlı yazı yazmağa məcbur olmazdı.

Başqa bir misal da var: 1815-ci ilin fevralında Napoleon Elba adasındakı sürgün yerindən qaçıb paytaxta doğru gələndə Paris qəzetləri ilk günlərdə “Cani adadan quruya çıxdı” manşeti veriblər. Ətrafına qüvvə toplaya-toplaya irəliləyən Bonopart Parisə yaxınlaşdıqca qəzetlərin ritorikası və manşetləri dəyişib, axırda eyni qəzetlər “Əlahəzrət imperator Parisə daxil oldu” manşeti ilə çıxıblar.

Bu, adama manşet dəyişdirən dünyadır, gərək çox da şey eləməyək.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR