İnsanlara hürriyət, millətlərə istiqlal!

Kişi azyaşlı uşağına “səni Allah babanın yanına göndərəcəm” dedi, arvadı isə... – ŞOK

1075 03.06.2024 16:30 Kriminal A A

Mingəçevir şəhərində 1986-cı il təvəllüdlü Ramiz ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Xəyaləyə (adlar şərti verilib – red.) işgəncə verib, azyaşlı övladını isə öldürməklə hədələyib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Ramiz ailə üzvləri ilə yaşadığı evdə hər hansı əsaslı səbəb olmadan özünün yaratdığı və getdikcə gərginləşən ailə münaqişəsi zəminində arvadı Xəyaləni mənzilin otaqlarından birinə aparıb. Qapını arxadan bağlayıb, bıçağın tiyəsi ilə arvadının sağ qolunun yuxarı hissəsindən vurub.

O, arvadı ilə 2014-cü ildə nikaha daxil olduqdan bir müddət sonra uzun müddət davam edən gərgin və kompromissiz ailə münasibətləri zəminində 2023-cü ildə növbəti dəfə mübahisə edib.

Ramiz arvadından işdən çıxmasını və çadra geyinməsini tələb edib. Rədd cavabı aldıqda Xəyalənin valideynlərini yaşadığı mənzilə çağırıb. Xəyalənin atası Vilayət, anası Süsən onların yaşadığı mənzilə gəlib. Vilayət qızı və nəvələrini öz evinə aparmaq istədiyini bildirib. Ramiz ailə məsələlərinə kənar müdaxiləni qəbul etməyəcəyini, bunun üçün ailə üzvlərinə qarşı belə zorakılıq tətbiq etməyə hazır olduğunu söyləyib.

Ramiz ailə üzvləri, o cümlədən azyaşlı qızının gözləri qarşısında bıçağı çıxarıb və uşaq bağçasından yenicə evə gətirdiyi 2017-ci il təvəllüdlü azyaşlı övladı Yusifin boğaz nahiyəsinə dirəyib. Ona “səni Allah babanın yanına göndərəcəm, cənnətə gedəcəyik” ifadəsini işlədib. O, azyaşlı övladını öldürməklə və ya sağlamlığına ağır zərər vurmaqla hədələyib.

İstintaq orqanı tərəfindən Ramizin barəsində Cinayət Məcəlləsinin 128 (qəsdən sağlamlığa xəsarət yetirmə) və 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddələri ilə ittiham elan edilib.

“Mən ibadətlə məşğulam”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Ramiz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Xəyalə ilə 2014-cü ildən evlidir: “Birgə nikahdan iki uşağımız var. Qızım Ayan 6 yaşında, oğlum Yusif isə 5 yaşındadır. Mən ibadətlə məşğulam. Ona görə də arvadım Xəyalənin üst paltarını uzun geyinməsini tələb etmişəm. Arvadım başını bağlasa da, tam uzun geyimli deyil”.

Təqsirləndirilən şəxs qeyd edib ki, yaşadıqları mənzildə olan zaman arvadından uzun geyinməyi xahiş edib: “O isə razılaşmadı. Aramızda geyimlə bağlı söhbət gedərkən atam Arif və azyaşlı qızım Ayan da evdə idi. Lakin digər otaqda yatdığı üçün arvadımla söhbətimizin şahidi olmadı.

Mən daha sonra qayınatam Vilayət zəng edərək bizim yaşadığımız mənzilə gəlməsini, söhbət eləmək istədiyimi bildirdim. Qayınatamı çağırmaqda məqsədim arvadımla aramızda yaranmış mübahisəni sülh yolu ilə yoluna qoymaq, ortaq bir məxrəcə gəlmək idi”.

“Münaqişənin qızışacağından ehtiyatlandım”

Ramizin sözlərinə görə, təxminən 15 dəqiqə sonra qayınatası Vilayət onun yaşadığı mənzilə gəlib: “Ona qızı Xəyalənin uzun geyinməkdən imtina edərək buna atasının icazə vermədiyini dediyini bildirdim. Vilayətlə həqiqətən belə bir qadağanı qoyub-qoymadığını aydınlaşdırmaq istədim. Söhbət əsnasında Vilayətdən ailə işlərimizə qarışmamasını xahiş etdim.

Qayınatam qızını özü ilə yaşadığı evə aparmaq istədiyini bildirdi. Ona ailəmi dağıtmaq istədiyini, buna imkan verməyəcəyimi və arvadımı özü ilə aparmağa qoymayacağımı söylədim. Arvadım da atası ilə getmək istəmədi.

Vilayət bacısı Əsmərə zəng edərək onu da bizə çağırdı. Aramızda olan münaqişənin qızışacağından, həmçinin atamın səhhətində nasazlıq yaranacağından ehtiyatlandım. Bu səbəbdən mənzildən çıxdım, piyada uşaq bağçasından oğlum Yusifi götürməyə getdim”.

“Ailəmdəki hazırkı vəziyyətə görə peşmanam”

Ramiz qeyd edib ki, həmin müddət ərzində qayınatası Vilayətin sakitləşdiyini və getdiyini düşünüb, yaşadığı mənzilə qayıdib: “Lakin oğlumla mənzilə daxil olanda arvadım Xəyalə, azyaşlı qızım Ayan, anam, qardaşım, atam, qayınatam, qaynanam, Xəyalənin bibisi Əsmər və adını xatırlamadığım başqa bir qadının orada olduğunu gördüm.

Arvadımın bibisi Əsmər üzərimə qışqıraraq qardaşı Vilayətin xəstə olduğunu, Xəyaləni özləri ilə aparacaqlarını, habelə Xəyalənin uzun paltar geyinməyəcəyini dedi. Arvadım Xəyalə, atası Vilayət və bibisi Əsmərlə təxminən 5 dəqiqə mübahisə etdik. Mübahisənin qızışdığını görəndə mənzili tərk etdim”.

Təqsirləndirilən şəxs qeyd edib ki, azyaşlı oğlu Yusifi bıçaqla öldürməklə hədələməyib, ümumiyyətlə üzərində bıçaq gəzdirmir: “İrəli sürülmüş ittihamı qəbul etmirəm. Amma ailəmlə bağlı yaranmış hazırkı vəziyyətə görə peşmanam. Ailəmi bərpa etmək istəyirəm, uşaqlarımı sevirəm və daima onların qayğısını çəkirəm”.

“Atam narazılığını bildirdi”

İş üzrə zərərçəkmiş Xəyalənin sözlərinə görə, əri Ramiz ondan işə getməməsini tələb edib: “Mən Ramizə tək özünün işlədiyini, işdən çıxacağım təqdirdə dolanmağımızın qeyri-mümkün olacağını deyib, işləməyimə icazə verməsini xahiş etdim. O isə mövzunun mahiyyətini dəyişərək yenidən əsəbləşdi və mənə iradlar bildirməyə başladı. Mənə təkcə başımı bağlamağımla kifayətlənməməyi dedi, çadra geyinməyimi tələb etdi.

Həmin vaxt qızım və qayınatam da yaşadığımız mənzildə idi. Mübahisəni qızım görsə də, qayınatam digər otaqda yatmışdı. Ramiz hicab məsələsi ilə əlaqədar mənim atama zəng edərək kobud formada yaşadığımız mənzilə gəlməsini istədi. O, atama barəmdə əsassız şikayətlər etməyə, hicabın çadra formasını geyməməyimlə bağlı gileylənməyə başladı.

Atam isə Ramizin səbəbsiz ittihamlar etnəsinə narazılığını bildirdi”.

“Susmağı üstün tutmuşam”

Zərərçəkmiş qeyd edib ki, daha sonra atası Vilayət onu özü ilə yaşadığı evə aparacağını deyib:

“Həmin vaxtadək atam mənim dəfələrlə döyüldüyümü, təhqir olunduğumu, bıçaqla hədələndiyimi bilməyib. Atam ürək xəstəsidi deyə, ona heç nə deməmişəm. Eləcə də Ramiz kiməsə məlumat verəcəyim təqdirdə mənə və uşaqlarıma nəsə edəcəyi ilə hədələdiyindən həmişə susmağı üstün tutmuşam.

Sonuncu dəfə baş verənləri atam öz gözləri ilə gördüyü üçün təkidlə məni öz evlərinə aparmaq istədi. Həmin mübahisə zamanı qayınatam da yanımızda idi. Bir qədər sonra anam, daha sonra qayınanam yaşadığımız mənzilə gəldilər”.

“Hər şeyi açıb danışdım”

Xəyalənin sözlərinə görə, Ramiz sanki qeyri-ixtiyari uca səslə səbəbsiz iradlar edib: “Qayınatam oğlu Ramizin hərəkətlərinə tab gətirmədi, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verdi. Polis əməkdaşları yaşadığımız mənzilə gəldi. Az əvvəl isə Ramiz heç nə demədən mənzildən getdi.

Polis əməkdaşları mənzildə olan zaman Ramizin mübahisəni sonlandırdığını və getdiyini düşündülər. Qayınatam gələn polis əməkdaşlarına artıq şikayətlərinin olmadığını, ailədaxili mübahisənin bitdiyini bildirdi. Atam da qayınatama şikayətini geri çəkməsinə etiraz etmədi. Amma məni özü ilə aparacağını dedi.

Bir qədər sonra bibim bizə gəldi. Ramizin mənə etdiklərini, dəfələrlə narkotik vasitə olan nəşənin təsiri altında səbəbsiz yerə məni döydüyünü, mənimlə insan kimi rəftar etmədiyini, bıçaqla xəsarət yetirdiyini bibimə danışdım. Atamın ürəyi narahat olduğu üçün onu mətbəxə keçirdik”.

“Baş verənlər mənə yuxu kimi gəldi”

Xəyalənin sözlərinə görə, bir qədər sonra mənzilin qapısından çöldə azyaşlı oğlunun ağlamaq səsini eşidib: “Həmin vaxt özümdə olmadığım üçün nə baş verdiyini tam anlamadım. Oğlumun qışqırtısına reaksiya vermədim. Ərim Ramizlə azyaşlı oğlum içəri keçdilər. Ramizin oğlumun əlindən tutduğunu, oğlumun isə ağladığını gördüm.

Baş verənlərin canlı şahidi olan atam məni özü ilə evinə aparmaq istədiyini bildirdi. Ramiz üzərində gəzdirdiyi açılıb-qatlanan bıçağı açaraq azyaşlı övladımız Yusifin boğaz nahiyəsinə dirədi, “səni Allah babanın yanına göndərəcəm, cənnətə gedəcəksən” sözlərini dedi. Bu sözlərdən oğlum əsməyə və qışqırmağa başladı. Qorxudan hansı addımı atacağımı bilmədim, yerimdə əsdim. Baş verənlər mənə bir yuxu kimi gəldi.

Atam məni və azyaşlı qızımı mənzildən çıxardı. Anam və bibim də bizimlə birlikdə mənzildən çıxdılar. Yusif isə mənzildə qaldı. Atam Ramizin nəsə edəcəyindən ehtiyat etdiyi üçün bizi bibimin mənzilinə apardı.

Eşitdiyimə görə, biz bibimin evinə getdikdən sonra ərim atamgilin yaşadığı mənzilə yollanıb, bizi axtarıb. Lakin mənzildə olmadığımızı görərək gedib”.

“Məni təpiklə vurdu”

Zərərçəkmiş qeyd edib ki, 2022-ci ilin aprel ayınadək əri Ramiz mütəmadi olaraq spirtli içki qəbul edib, sərxoş vəziyyətdə yaşadıqları evə gələrək bəzən təklikdə, bəzən azyaşlı övladlarının gözü qarşısında onu döyüb, təhqir edib:

“2022-ci ilin yanvarında Ramiz yenə də sərxoş vəziyyətdə əsassız yerə məni təpiklə vurdu. Yıxıldım, qaşımın sağ nahiyəsi yerə dəyərək partladı. Xəsarət almağımı azyaşlı övladlarım, qayınanam və qayınatamın da bildi.

Qonşuluqda yaşayan tibb bacısından qaşıma tikiş qoydurub-qoydurmamağımı soruşduqda tikiş qoyulsa, izi qalacağını söylədi. Tibb bacısına məni ərimin döydüyümü demədim. Ona xəsarəti yıxılarkən aldığımı bildirdim”.

“Tövbə etdiyini, spirtli içki qəbul etmədiyini bildirdi”

Xəyalə deyib ki, 2022-ci ildə “Sevgililər günü” münasibətilə azyaşlı övladları ilə birlikdə süfrə açıb: “Qayınanam və qayınatam Bakı şəhərinə getmişdilər. Ramiz sərxoş vəziyyətdə yaşadığımız mənzilə gəldi. Bir qədər sonra səbəbsiz yerə evdə dava salaraq, üzərində gəzdirdiyi bıçaqla məni öldürmək istədiyini bildirdi. Açılıb-qatlanan bıçaqla sağ qoluma xəsarət yetirdi.

Mən də hadisəni atama xəbər verdim. Valideynlərim yaşadığımız mənzilə gəldi və bir gün bizimlə qaldılar. Ertəsi gün məni özləri ilə götürüb apardılar. Bir müddət sonra Ramiz tövbə etdiyini, artıq spirtli içki içmədiyini bildirdi. Bundan sonra ailələrimiz bizi barışdırdılar. Ərimə ibadət etməyi, namaz qılmağı da öyrətdim”.

Bu cinayət işinə Mingəçevir Şəhər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Ramiz 1 il 3 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Təqsirləndirilən şəxsin üzərinə Mingəçevir şəhərinin və Yevlax rayonunun ərazi hüdudlarını tərk etməmək, Mingəçevir şəhərində yerləşən yaşayış yerini saat 23:00–dan 06:00–dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müvafiq qərarı olmadan yaşayış yerini dəyişməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.

Hökmün icrası Mingəçevir Şəhər İcra və Probasiya şöbəsinə həvalə edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR