İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulun tarixi və füsunkar guşəsi - əməkdaşımız cənnətməkan Emirgan Korusundan yazır

2312 14.05.2022 10:00 Reportaj A A

Tarixi köşklər, rəngarəng çiçəklər, saysız-hesabsız ağaclar, tərtəmiz hava, İstanbul boğazına açılan gözəl mənzərə. Şəhərin hər il milyonlarla ziyarətçi qəbul edən məkanlarından birində - Əmirqan parkındayıq. (Hər kəs “Emirgan Korusu” adı ilə tanıdığı üçün yazıda da bu addan istifadə olunacaq - müəllif).

Hər mövsüm möhtəşəmdir Emirgan Korusu, lakin aprel-may aylarında bu məkanı ziyarət edənlər xüsusilə şanslıdırlar, çünki gözəlliyi birə-beş artır. Səbəbi isə... Bu barədə bir qədər sonra.

Emirgan Korusu (“koru” “kiçik meşəlik ərazi” deməkdir) İstanbulun Sarıyer bölgəsində yerləşən yaşıllıq ərazidir. İstanbul boğazına yaxın 47,2 hektarlıq ərazidə yamaclara yayılan Emirgan Korusu şəhərin ən gözəl, mənzərəli məkanlarındandır. Giriş pulsuzdur. Zincirlikuyudan və Taksimdən gedən avtobuslardan istifadə edə bilərsiniz (başqa yollar da var).

Park şəhər mərkəzinə yaxın yerləşir. 1940-cı ildə İstanbul bələdiyyə başqanı Lütfi Kırdarın təşəbbüsü ilə park kimi xalqın istifadəsinə verilib. Təbii çiçəklərin məstedici qoxusunu ciyərlərinizə çəkib, tarixi köşklərdə tarixə səyahət etmək, boğazın bənzərsiz gözəlliyinə məftun olmaq istəyirsinizsə, Emirgan Korusunu mütləq ziyarət etməlisiniz. Təbiətin boğaz mənzərəsi ilə gözəlləşdiyi park şəhər stressindən xilas olmaq istəyən istanbulluların ziyarət üçün həftəsonu daha çox üstünlük verdiyi məkanlardandır. Əcnəbi turistlər üçünsə təbiət qoynunda boğaz mənzərəli, güllü-çiçəkli məkanda İstanbul havası ilə dərin nəfəs alıb, xatirə fotoları çəkdirmək üçün gözəl məkandır. Hər il minlərlə yerli və əcnəbi turist qəbul edən parkın əsas simvolu lalələr olsa da, ziyarət üçün başqa səbəblər də var.

IV. Murad - Vikipedi

Tarixə ekskursiya 

Bu səmtin tarixi ta Bizans dövrünə qədər uzanır. O zamanlar bu ərazi sərv ağacları ilə əhatələnmişdi. Hətta ərazi, türkcə ifadə etsək, “sərvlik” adlanırmış.  Hazırda burada palıd, şam, çinar, növbənöv sidr olmaqla 120-dən çox ağac və bitki növü var. XVI əsrdə dövlət xadimi, hərbi zabit, nişancı ləqəbli Firudin bəy bu ərazini satın alır və o zamandan Firudin Paşa bağı adlanmağa başlayır. 1635-ci ildə Sultan IV Murad tərəfindən alınıb iranlı Əmir Gün xana (IV Murad sonradan xana Yusuf Paşa adını verib) ərməğan edilib. Elə bağın adı da o zamandan dəyişib. Muradın ölümündən sonra taxta çıxan qardaşı, 18-ci Osmanlı sultanı Sultan İbrahimi Muradla Yusuf Paşanın dostluğu narahat edirmiş. Bu səbəbdən Sultan İbrahim paşanı separatçı və dağıdıcı təbliğat apardığı iddiası ilə 1641-ci ildə edam etdirdi.

Sonrakı illərdə Emirgan Korusu Sultan Əbdüləziz tərəfindən Misir xıdivi (Osmanlı imperiyası dövründə Misir valisinə verilən ad) İsmayıl Paşaya verilib. Məhz onun sahiblik etdiyi dövrdə burada 3 malikanə tikilib. Bu məqamda qeyd etmək yerinə düşər ki, İstanbulda Avropa zövqünü əks etdirən belə saray və köşklər tikmək üçün yalnız Misir xıdivlərinin pulu var idi. Osmanlı dövlət idarəçilərinin belə böyük sərvəti yox idi. Misiri idarə edərkən böyük borclara girən İsmayıl Paşa 1879-cu ildə fransız və ingilislərin təzyiqi ilə devrildi, həyatının son günlərini çox sevdiyi Emirgan Korusunda keçirdi.

EMIRGAN KORUSU SARI KÖSK

Sarı Köşk, Çəhrayı Köşk, Bəyaz Köşk

Emirgan Korusunda İsmayıl Paşa tərəfindən Avropa üslubunda 3 malikanə tikilib: rənglərinə uyğun olaraq, sarı, çəhrayı və ağ köşk. Çəhrayı malikanə bağın sağ tərəfində yerləşir. 1982-ci ildə orijinal vəziyyətinə uyğun olaraq əsaslı təmir edilmiş və 1995-ci ildə İstanbul Böyükşəhər Bələdiyyəsinə təhvil verilib. Çəhrayı köşk 2 mərtəbəli Osmanlı evinə bənzəyir. Protokol, ön və xidməti olmaqla 3 giriş qapısı var. Ön girişdən böyük zala və zala açılan iki otağa keçilir. Protokol qapısından giriş edəndə gizli bir otaq da varmış. Üst mərtəbədə də bir zal və zala açılan iki otaq var. Zala bağlı dəhlizdən 5 böyük və iki kiçik otağa çıxış var.  Köşkdən əsasən paşalar seyr yeri kimi istifadə ediblər.

Bağın girişindən 50 metr yuxarıda və solda isə Sarı köşk yerləşir. Ən gözəl mənzərəsi olan malikanə olduğundan ilin hər günü açıqdır. Sarı köşk 1871-1978-ci illər arasında tikilib. Quş evi görünüşlü köşk türklərin quş sevgisini əks etdirir. Tavan və divarda bəzəklər, hündürlük, qapı-pəncərələr, interyerdə parlaq rənglər göz oxşayır. Köşkün üst mərtəbəsində böyük zal, 4 otaq, aşağı mərtəbəsində zal və mətbəx var. Aşağı mərtəbənin qarşısında Boğaza baxan ensiz zolaq terasa çevrilib. Yağlı boyalarla işlənmiş fiqurlar və bəzəklər oyma sənətkarlığının tipik nümunəsidir.

Qeyd etmək yerinə düşər ki, Osmanlı dövründə xüsusilə XVII-XIX əsrlərdə memarlıq strukturlarında daha isti atmosfer yaratdığı üçün ağacdan tez-tez istifadə olunurdu. Qoz, alma, çinar, cökə, qara, qızılgül və palıd ağaclarının material kimi istifadə edildiyi Sarı Köşkdə də fərqli üslub yaradılıb. Natüralist gül motivləri, üçbucaq, ulduz, ziqzaq və çoxbucaqlı həndəsi kompozisiyalarda sədəf, fil sümüyü, qızıl və gümüş və başqa digər materiallardan istifadə edilib. Qərbin təsiri ilə malikanənin hündür tavanları rokoko, barokko üslubunda bəzəklərlə zənginləşdirilib. Divarlar və tavanları qızıl yarpaqla örtülmüş nar çiçəkləri, qızılgüllər, qərənfillər, jasmin və lalələr bəzəyir. 1996-1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsi Sarı Köşkü ən incə detallarına diqqət yetirilərək bərpa edib. Malikanələr arasında Sarı Köşk öz mənzərəsi ilə ən çox diqqət çəkəndir.

Bəyaz Köşk isə uzun illər ov, gəzinti, istirahət və qonaq qəbul edən malikanə kimi istifadə edilib. 1996-1997-ci illərdə İstanbul Böyükşəhər Bələdiyyəsi köşkü təmir etdirib. Parkın ən hündür yerində yerləşən malikanənin ön bağının qapısı cənub-şərqə baxır. Bu qapının qarşısındakı terrasdan boğaza açılan mənzərə qonaqların əsrarəngiz atmosferdə qarşılanması üçünmüş.Neo klassik üslubda, ikimərtəbəli malikanəyə giriş qapısından böyük bir zala keçilir. Zalın hər iki tərəfində otaqlar düzülüb. Yuxarı mərtəbəyə birtərəfli monumental pilləkənlə çıxır. Yuxarı mərtəbə nişanlarda, toylarda, şəxsi məclislərdə açılır.

Bütün köşklərdə səhər yeməyi yemək imkanı var. Həftəsonları turist axınını nəzərə alaraq rezervasiya etmək məsləhət görülür. Köşklərdə həmçinin nişan, toy məclisləri keçirilir. Ümumiyyətlə, Emirgan korusu fotosessiyalar üçün çox gedilən məkanlardandır. Burada çox sayda film, serial da çəkilib. Park ərazisində piknik etmək imkanı da var. Boğazda martılara (qağayı) smit verə bilməmisinizsə, masanızın ətrafında gəzişənləri “qonaq” edə bilərsiniz.

Bura təkcə ruhu dincəltmək üçün deyil, idmanla məşğul olmaq üçün də  getmək olar, parkda yürüş və qaçış zolaqları salınıb.

Lalə Festivalı

Emirgan Korusunda 2006-cı ildən etibarən hər ilin aprel ayında Lalə Festivalı keçirilir və təxminən 1 ay davam edir. Məhz bu səbəbdən parkın əsas simvolu lalələrdir. Ömrü qısa olduğundan, 1 aydan sonra solmağa başladığından şəkillərdə gördüyümüz o möhtəşəm mənzərə qısa zamanda itir. Buna görə də aprelin sonu, may ayında İstanbula gələnlər bu cənnətməkanı ziyarət edə biliblərsə, şanslı hesab olunurlar.

190 növ lalənin çiçək açdığı dövrdə bu məkan əsl cənnətə çevrilir. Rəngarəng lalələr elə gözəl peyzajlar yaradır ki, adam baxmağa doymur. Dizaynda romantik ingilis bağının elementləri aydın hiss edilir. Bəyaz çəhrayıya, sarı bənövşəyə qarışıb burada. Ciyərlərə dolan təmiz hava, hara baxsan, gözəl mənzərə... Gəzdikcə, baxdıqca, duyduqca anlayırsan ki, sözlər duyğuları ifadə etməyə yetmir. Rəngarəng lalələrin arası ilə yol meydana çıxır.  Meydanda kiçik göl,gölün içində səs-səsə verən ördəklər hüzurlu mənzərə yaradır.

Dünyanın ən böyük lalə muzeyi İstanbuldadır

İstanbulda laləni bütün Türkiyə ərazisində yaymaq və tanıtmaq məqsədi ilə 2015-ci ildə yaradılmış dünyanın ən böyük Lalə Muzeyi və Araşdırma Mərkəzi fəaliyyət göstərir ki, o da Emirgan Korusundadır. Muzey laləni mədəni irs kimi gələcək nəsillərə ötürmək məqsədi ilə İstanbul Böyükşəhər Bələdiyyəsi İstanbul Lalə Vəqfi (İLAV) tərəfindən yaradılıb. İki sərgi salonundan və 1500 kvadratmetr sahədən ibarət muzeydə lalə formasında broş, xüsusi qurudulmuş lalə çiçəyi, lalə motivli sultan xalatı, döyüş alətləri, dəsmallar, bir sözlə, lalə motivli yüzlərlə əşya görmək mümkündür.

Turistlərin istirahət etdiyi, sevgililərin əl-ələ dolaşdıkları, nişanlıların xatirə fotoları çəkdirdikləri, nişan, xına mərasimlərinin və toyların nağılvari abı-hava ilə qeyd olunduğu Emirgan Korusuna yolunuzu salsanız, peşman olmazsınız!

Nigar HƏSƏNLİ,
Fotolar müəllifindir

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR