İnsanlara hürriyət, millətlərə istiqlal!

İrəvandan göndərilən 10 milyonu Laçın yolunda müsadirə etməli

2637 31.12.2022 14:42 Yazarlar A A

Qarabağ təkcə ekoloji fəlakətlə üzləşməyib, həm də çirkli pulların yuyulduğu əraziyə çevrilib

 Belə yerdə çox yaxşı deyiblər: utanmasan, oynamağa nə var ki...Amma bizə elə bir düşmən qismət olub ki, bəşəri cinayətlərinə, ayıblarına görə yerə girməli olduğu halda, döymədiyi qapı qalmayıb. Son olaraq BMT-nin Beynəlxalq Məhkəməsinə Azərbaycandan (?!) şikayət edib.

İddianın absurdluğuna baxın: Azərbaycanın sərhədləri daxilində baş verənlərə görə Azərbaycanı məhkəməyə verir! Həyasızlıq sərhəd tanımır! Hansı ki, quyruqları qapı arasında qalan kimi, “biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq, özü də 1991-ci ildən”-deyən bu, abırsız tayfa azca sakitlik yarananda deyirlər, yox e, s”arsaq” 1991-ci ildə “referendum”la “müstəqil” olub. BMT adlı qurumun adını dilə gətirməsinlər gərək, təbii ki, abır-həya olarsa...Bu qurumun Təhlükəsizlik Şurasının qətnamələrini 28 il saya salmadılar, üstəlik də Azərbaycan ərazilərini işğal altında saxlayanda nəzərə almadılar ki, ölkəmiz BMT-yə mövcud ərazilərlə daxil olub, Qarabağın dağı-aranı daxil! İndi bunlarda sifətə baxın ki, BMT-yə şikayət edirlər, qoymayın, Azərbaycan vətəndaşları aksiya keçrir, deyirlər Ağdərədəki mədənlərdə monitorinq aparılmalıdır, ordakı qanunsuz fəaliyyətə son qoyulmalıdır! Söhbəti tez yönəldirlər “genosid”ə...Xocalıda soyqırım edənlər Azərbaycanı “genosid”də suçlayır...Öz qətnamələrinin icrasını on illər byunca tələb etmək cəsarəti olmayan BMT-dən də bir təpər yoxdur ki, qayıdıb Paşinyan hökumətinə desin “mənə meymun deməyin bəs deyil, hələ bir əl də verirsən”, yəni müraciət edirsən! BMT-də hünər olsaydı, bu qurumun Azərbaycan təmsilçisi Şuşaya səfər etdiyi üçün BMT-nin İrəvan ofisinin rəhbərini Ermənistan XİN-ə çağırıb danlaq yiyəsi eləməzdilər. İşğalçıları, separatçı-terrorçu qüvvələri qudurdanda axırı onlara sahiblik edənlərə də diş atacaq, şübhə yoxdur.

Azərbaycana yerbəyerdən çağırış edirlər ki, Ermənistanla dinc danışıqlar davam etdirilməlidir, bağ belə, bostan elə! Amma Ermənistana kimsə irad tutmur ki, öl, öldüyün yerdə, Azərbaycanın Laçın yoluna, Xankəndiyə, Ağdərəyə uzun, üfunətli burnunu soxma, ağız-burnun ovulanda kimsə harayına çatmayacaq, 44 gündəki kimi! Demirlər və budur, Ermənistan hökuməti Qarabağdakı quldur rejimə ilin son günlərində daha 10 milyon dollar ayırdığını elan etdi! Təkcə 2022-ci ildə üst-üstə 421 milyon dollar! Bir ölkənin ərazisindəki terrorçu rejimə hansısa ölkənin vəsait ayırması normal haldırsa, BMT daxil, dünya təşkilatları elan etsin, işimizi bilək! 10 noyabr 2020-ci il razılaşması qalıb bir tərəfdə, Qarabağdakı mülki əhalinin sayı qədər – 25 min – qeyri-qanuni silahlı birləşmələr, silah-sursat, hərbi texnika, daha nələr ölkəmizdən çxıarılmayıb, bütün bunlarla bağlı tələb qoymaqdansa, erməni cinayətkarların əlini qüvvətləndirən davranış sərgiləyir ikiüzlü mərkəzlər. Sabah Azərbaycan dinc etirazlara “bəsdir” deyib, cəzalandırma əməliyyatına əl atacaq, onda yenə zəhləməzi aparacaqlar “sülh çağırışları” ilə.

Nikol Paşinyan aylar öncə demişdi ki, ilin sonunadək Azərbaycanla sülh müqaviləsini imzalamağa hazırdır. Demə, vaxt udmaq üçün nağıl danışırmır. Sülh imzalamaq istəyən qarşı tərəfin sərvətlərinin daşınmasını davam etdirməz, quldur rejimə milyonlar ayırmaz! İndi Azərbaycanın əlində tam əsas var ki, Laçın yolunun Şuşa istiqamətindəki aksiya iləkifayətlənməsin, elə sərhəd istiqamətində sərhəd və gömrük postu qurub, tam nəzarəti ələ alsın. Bu, terrorun maliyyələşdirilməsidir! Bəlkə Paşinyan həmin 10 milyonu Araik Arutyunyan rejiminin Xocalıda gül plantansiyaları salması üçün göndərir? Təbii ki, yox! Bu vəsait Azərbaycana qarşı cinayətkar fəaliyyəti stimullaşdırır! Deməli, həm beynəlxalq qanunlar, həm də Azərbaycan qanunları Paşinyanın Araik rejiminə “ənam etdiyi” 10 milyonu elə Laçın yolunun girişindəcə müsadirə etməlidir! Elə bu günlərdə Milli Məclisdə “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edildi. Sözügedən yeni layihənin hazırda qüvvədə olan “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunun əvəzlənməsi üçün hazırlandığı diqqətə çatdırıldı. Həmin qanun layihəsində əksini tapan və diqqəti çəkən məsələlərdən biri odur ki, artıq Azərbaycanda 20 min manat və daha yüksək məbləğdə əməliyyatlar həyata keçirən şəxslər rəsmi şəkildə araşdırılacaqlar. Sual olunur, Azərbaycanın digər vətəndaşları 20 minlik əməliyyatın hesabatını verməli olduğu halda, Qarabağdakı ermənilərə göndərilən 10 milyonun hesabı niyə sorulmamalıdır?! Bu, nonsesdir! Azərbaycan və Ermənistan arasında maliyyə əməliyyatları ancaq beynəlxalq sazişlərə, qanunvericiliyə uyğun həyata keçirilməlidir ki, hələlik Bakı ilə İrəvan bu sahədə də anlaşma əldə etməyib!

Ölkəsi yarıac vəziyyətdə olan Paşinyan bu vəsaitləri hardan əldə edib, onun da sorğu-sualı olmalıdır! Azərbaycanın zəbt olunmuş əraziləri təkcə zəhərli tullantılarla çirkləndirilmir, həm də çirkli pulların yuyulmasının məkanına çeviriblər Qarabağı! Bu yandan da xəbər yayılıb ki, “Hayastan” fondu növbəti dəfə Qarabağ ermənilərinə yardım ayırıb. Terrorçuluğu maliyyələşdirənlərin yolu birdəfəlik kəsilməlidir! Terrorun maliyyələşdirilməsinin isə cəzası çox ağırdır. 2023-dən bütün bu fəaliyyətlərə “STOP” qoyulmalıdır! Yayılan məlumatlara görə, ermənilərin hay-küyü sadəcə şoudur, Xankəndi-Gorus yolunun alternativləri də var, Şuşikənd və digər istiqamətlərdən. Qarabağ istiqamətində bütün giriş-çıxışlar nəzarətə götürülməlidir, əks halda...

Belə görünür Azərbaycan dövləti Ermənistan hakimiyyətinin və Qarabağ separatçılarının çirkli pulların yuyulması əməliyyatına qarşı mübarizəni də təkbaşına aparmalı olacaq...

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR